Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti türkiyəli nazir müavini ilə görüşdü

Rate this item
(0 votes)

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan Bakıya işgüzar səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Günay Əfəndiyeva fondun fəaliyyəti barədə məlumat verərək, təşkilat tərəfindən türk dünyasının maddi-mədəni irsinin tanıdılması və qorunması istiqamətində bir çox tədbirlərin, konfransların və sərgilərin keçirildiyini, kitabların nəşr etdirildiyini bildirib. O, fondun qurucu üzv ölkəsi olan Türkiyə ilə təşkilat arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb və bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin önəminə toxunub.
Fondun prezidenti cari ilin mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal zirvə görüşü çərçivəsində Türküstan Bəyannaməsinin qəbul olunduğuna diqqət çəkərək, həmin Bəyannaməyə əsasən, üzv dövlətlərin müvafiq qurumlarının Türk Əməkdaşlıq Təşkilatları ilə birlikdə türk dünyasının ədəbiyyatı, incəsənəti, elmi və mədəniyyətinin inkişafına böyük töhfə vermiş şairlərin, filosofların və dövlət xadimlərinin ildönümlərinin qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi məsələsinə toxunub.
Qarabağ Zəfəri haqqında danışan fondun prezidenti bildirib ki, bu qələbə bütün türk dünyasına qürur yaşadıb. Türkdilli beynəlxalq təşkilatın rəhbəri kimi Azərbaycan ilə Türkiyə arasında əsrlər boyu davam edən qardaşlıq münasibətlərinə böyük dəyər verdiyini deyən Günay Əfəndiyeva, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsinin xüsusi önəm kəsb etdiyini bildirib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan fondda olmasından böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, təşkilat ilə Türkiyə arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. O, fond ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında olan tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində gələcəkdə daha çox birgə layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib. Əhməd Misbah Demircan fond tərəfindən türkdilli xalqların zəngin maddi və mədəni irsinin araşdırılması, beynəlxalq aləmdə tanıdılması istiqamətində təqdirəlayiq işlər görüldüyünü və Türkiyənin bundan sonra da təşkilata hər cür dəstək göstərəcəyini bildirib.
Günay Əfəndiyeva, fond tərəfindən müxtəlif ölkələrdə nəşr olunan türkdilli ölkələrin zəngin mədəniyyətini, adət-ənənələrini əks etdirən kitabları, eləcə də Qarabağ xalçasını Əhməd Misbah Demircana hədiyyə edib.