İnvestisiya və Mədəniyyət Sammitində Mədəniyyət Nazirliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə panel iclaslar keçiriləcək

Xəbər verdiyimiz kimi, oktyabrın 27-də Bakıda İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İCYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb.
Sammitdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edir.
Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti oktyabrın 28-də müxtəlif mövzular üzrə işini davam etdirəcək. Mədəniyyət Nazirliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış” və “Gələcək sərmayələrdə mədəniyyət müstəvisi” mövzularında panel iclaslar keçiriləcək.
27-29 oktyabr 2021-ci il tarixlərini əhatə edəcək sammitin məqsədi gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti yaratmaqdır. Sammit çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı təşkil ediləcək, 50-yə yaxın startapın təqdim olunacağı sərgi keçiriləcək. Startap layihələri qida, kənd təsərrüfatı, “yaşıl iqtisadiyyat”, maliyyə texnologiyaları, oyun və onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və digər sahələri əhatə edəcək.
Sammit çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, startaplar üçün xüsusi proqram, mədəni və digər tədbirlər nəzərdə tutulub.