Bu günə təsadüf edən əlamətdar günləri və tarixi hadisələri nəzərinizə çatdırırıq:
27 oktyabr. Ümumdünya audiovizual irsiyyət günü
World Day for Audiovisual Heritage. Bu günün məğzi odur ki, keçmiş barədə xatirələri qoruyub saxlamağın necə vacib olmasını hamı bilsin. Əgər əvvəllər keçmiş barədə informasiyanı insanlar yazılı şəkildə qoruyub saxlayır, nəsildən-nəsilə çatdırırdılarsa hazırkı texniki tərəqqi əsrində bunu yeni, unikal vasitələrlə edirlər, bu vasitə rəqəmsal texnologiyalardır. Bu epoxanın əvvəlində isə ilk səsyazma qurğusunun – fonoavtoqrafın kəşfi dayanır ki, bu kəşf də 1857-ci ilə aiddir. Sonradan qrammafon, fonoqraf, patefon, elektrofon yaranıb. Eşitmə cihazlarından görmə cihazlarına keçid isə inkişafın pikindən xəbər verib. Video qurğular tarixi yaddaşı görüntülü çəkildə daşımağa yardımçı olmaqla bəşər irsinin qorunub saxlanılması yolunda əsl inqilab sayılıblar.
27 oktyabr. Beynəlxalq qaynanalar günü
Bizim qaynana barədə ən gözəl sözümüz rəhmətlik Nəsibə Zeynalovanın canlandırdığı obrazla deyilib. Sanki bu qaynana bütün qaynanalarımızın simvoluna, ümumiləşdirilmiş obrazına çevrilib. Amma orta statistik azərbaycanlı kişisi qaynanasevən olur, orta statistik azərbaycanlı qadınından fərlənir bu cəhətdən. Gəlin bir ağızdan qaynanaları təbrik edək. Və sizi inandırım ki, həqiqətən Bakıda Olimpiya stadionuna 100 min insan doldurub futbol matçı keçirərkən fasilədə “kimin cibində qaynanasının şəkli varsa ona maşın hədiyyə ediləcək” elanı verilsə, təşkilatçılar bankrot olarlar, çünki azı 200-300 azərbaycanlı mobil telefonundakı rəsm albomundan qaynanası ilə şəkdirdiyi silsilə şəkillərini üzə çıxarıb maşına iddia ortaya qoya bilər.
27 oktyabr. Türkmənistanda pitbul saxlamazlar
Bu gün əmək terapiyası günüdür. Məğzi nədir? İş yerlərində sağlam atmosfer yaratmaq. Pitbulları tanımaq günüdür. Bu qorxunc itləri tanısaq nə olar, tanımasaq nə olar? Deyək ki, onlar iki yerə bölünürlər, teryer tipi və buldoq tipi. Buddanın enməsi günü. Deyilənə görə, Budda məhz 27 oktyabrda daş-qaşla bəzənmiş üç pilləli pilləkənla aşağı – insanların içinə enmişdir. Yunanlar bayraq gününü, əlcəzairlər isə ağacəkmə gününü qeyd edirlər. Dünyanın ən totalitar ölkələri reytinqində liderlərdən biri olan Türkmənistan bu gün müstəqillik gününü qeyd edir. Sent-Vinsent də həmçinin. Konqoda 3 Zair günüdür. Bəs bu nə deməkdir? Konqonun qabaqkı adı Zair olub, 3 Zair deyəndə ölkə, onun pul vahidi və Zair çayı nəzərdə tutulur. Əlbəttə ki, sualınızı eşidirəm, soruşursunuz bəs Amerikada bu gün hansı mətbəx bayramı qeyd ediləcək? Düz buyurursunuz, bugün onlarda növbəti mətbəx günüdür, Amerika Pivəsi Günü. Amerikalılar bəs deyincəyə qədər bu gün pivə içəsidirlər.
1984-cü ildə Baykal-Amur magistralı tikintisinə başlayıblar. 1982-ci ildə Çinin əhalisi 1 milyarda çatıb. 1858-ci ildə məşhur Teodor Ruzvelt – 26-cı ABŞ prezidenti doğulub. 1855-ci ildə rus bioloq İvan Miçurun, 1811-ci ildə məşhur Zinger tikiş maşınının sahibi Ayzek Zinger, 1728-ci ildə isə məşhur ingilis səyyahı Ceyms Kuk doğulublar.
27 oktyabr. Ən nəhayət, Qara pişiyə minnətdarlıq günü
Böyük Britaniyada keçirilən bu gün çox ibrətamizdir. Necə yəni, Qara pişiyə minnətdarlıq günü? Məgər qarşımıza çıxdı deyə nəhs gətirən işlərə görə hamımız onu lənətləmitik? Mövhumatçı adamlar hətta tale əhəmiyyətli iş dalınca gedəndə belə qara pişiklə rastlaşma səbəblərindən pişiyi lənətləyərək bu işi təxirə salırlar. Hətta qara pişikləri kütləvi qıran xalqlar da var.
Britaniyalılar isə məsələyə başqa cür yanaşırlar, qara pişik qarşıdakı təhlükələr barədə xəbərdarlıq edir deyə ona minnətdarlıq etməyi zəruri bilirlər.
Nə deyə bilərik, ya zəlzələdən olsun, ya vəlvələdən, təki qarşımızdan qara pişik keçməsin.
Taleyindən qara pişik keçənlərə isə Allahın rəhmi gəlsin.
Varisin “21-27 oktyabrın təqvimi” yazısından