Güllü Eldar Tomarlı: “Kəlağayıların sayı 100-ə çatanda “Kəlağayı Ev Muzeyi” yaratmaq qərarına gəldim”. Featured

Rate this item
(0 votes)

“KƏLAĞAYI NƏNƏMİN NƏNƏSİNDƏN GƏLƏN ÜZ AYDINLIĞIDI”

 

 

“Ədəbiyyat və incəsənət” portalı “Kəlağayı Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı ilə müsahibəni təqdim edir. 

Müsahibəni Vaqif Osmanov götürüb.

 

 

Bu müsahibəni götürməyimin tarixçəsi belədir: Novruz insan həyatının hər il başlayan yeni gününün gəlmə anıdır. Oyanmış təbiətin insanları qoynuna, əkin-biçinə, torpağa can verməyə çağırdığı, bol ruzi-bərəkətin təməlini qoyduğu, qədim Türk miflərinə, əfsanələrinə görə, ilk insanın dünyaya gəldiyi gündür. Türk xalqlarının dostluq, mehribanlıq, həmrəylik bayramıdır.

Sovet imperiyası öz simasının simasızlığını göstərib Novruz bayramına “dini bayram” damğası vuraraq onun keçirilməsini qadağan etsə də, həmin gün evin ruzi-bərəkəti və həyat rəmzi səməni süfrəyə qoyular, şirniyyatlar, çərəzlər düzülər, yumurtalar boyanar, insanlar bayramlaşar, dünyasını dəyişənlərin məzarlarını ziyarət edər, küsənlər barışardı. Qırmızı imperiya xalqları milliliyindən ayırmaq cəhdlərinin boşa çıxdığını görəndə bir az “yumşaldı”. 

Nəhayət imperialist xislətli SSRİ-nin caynağından xilas olan Azərbaycan kimi Novruz bayramı da “ağ günə” çıxdı. 2009-cu il sentyabrın 30-da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salındı. BMT-nin Baş Assambleyasının 64-cü sessiyasının 2010-cu il fevral iclasında 21 mart “Beynəlxalq Novruz Günü” elan olundu. 

 1967-ci ildə Azərbaycanda dövlət səviyyəsində keçirilən ilk Novruz bayramında o vaxt 29 yaşı olan, indi Azərbaycan Respublikasının Xalq artisti Səfurə İbrahimova başında mavi  kəlağayı ilə “Bahar qızı” obrazında bayram iştirakçılarının qarşısına çıxmışdı. “Bahar qızı”nın həmin fotosunu təsadüfən bu günlərdə görəndə Güllü Eldar Tomarlı yadıma düşdü. Zəng etdim ki, bəlkə bu mövzuda fikir mübadiləsi edək. Son zamanlar kəlağayı adına, kəlağayılı xanımlara rast gələndə Güllü xanım gözlərimin önünə gəlir. Kəlağayı və Güllü xanım bir-birinə vurulan, bir-birini gözəlləşdirən ayrılmaz sevgililərdi. Söhbətimiz səmimi alındı. Bu, əslində Güllü xanımın sayəsində oldu. Sinəsi dolu imiş.

 

 -Güllü xanım, salam. Xalqımızın yaradıcı insanları sizi yaxşı tanıyır, mən də. Bununla belə, özünüzü bir-neçə cümlə ilə tanıdardınız.

 

 -Salam, Vaqif müəllim. Rustavidə doğulmuşam, 7 saylı orta məktəbi bitirmişəm. Orta məktəbdə oxuyandan Tiflis radiosunda publisistik yazılarım, şeirlərim səsləndirilib. Rustavi Azərbaycanlıları Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar Şurasının sədri seçilmişəm. Orada dövlət nəşriyyatında işləmişəm. Borçali söz, saz, aşıq mühitində böyümüşəm. Əslim Qazaxdan, İncə dərəsinin Kəmərli kəndindəndir. Tiflisdə nəşr olunan “Gürcüstan” qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, “Aşıq Pəri Məcilsi”nin üzvü, 2015-2022-ci illərdə sədr müavini, bədii rəhbəri, mətbuat katibi olmuşam. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Ev Muzeyi”nin direktoruyam. Üç kitabın müəllifi, 5 kitabın tərtibçisi, redaktoruyam. Ailəliyəm, dörd övladım, səkkiz nəvəm var.

 

 -Sizi tanıyandan kəlağayı sevginizə heyranlığımı gizlədə bilmirəm. Bilirəm, sevgi ilahi hissdi. Kəlağayı sevginiz ən azı kəlağayı qədər müqəddəsdi. Yorulmaq bilmədən kəlağayı sevginizdən qidalanıb və qanadlanıb diyar-diyar gəzirsiniz. Sizin fəlaliyyətiniz Azərbaycana sığmır. Bunu qardaş Türkiyəyə səfərimizdə də gördüm. Kəlağayı niyə sizə doğma, əzizdi? Siz bu milli baş örtüyümüzdə nələri görmüsünüz ki, bir an ondan aralı qala bilmirsiniz? 

 

 -Kəlağayı qadınların baş tacıdı, qeyrət, urvat ölçüsüdü. Kəlağayı nənəmin nənəsindən gələn üz aydınlığıdı. Babamın babasının öz ömür-gün yoldaşına hədiyyə etdiyi gözəllik və yaraşıq mücəssəməsidi. Onu hüzurunda qanlılar barışıb, davalar yatırılıb, əmin-amanlıq, sülh gəlib elə-obaya. Mən anayam, nənəyəm, bacıyam, xalayam, qaynanayam, bir sözlə, Azərbaycan qızıyam, Azərbaycan qadınıyam.  Analar Vətəni, yurdu qorumaq, namusa ləkə gəlməməsi üçün kəlağayını başına örtüb, əllərində tutub, and içdirib ərlərini, oğullarını, qardaşlarını torpaqlarını qorumağa göndərib. Kəlağayı o qədər ulu, o qədər müqəddəsdir ki, hər an gərəklidi.

 Kəlağayı sevgim, ona ehtiramım barədə dayanmadan günlərlə danışa bilərəm. Yaranma tarixi eramızdan əvvələ gedib çıxan kəlağayını ismətin, ləyaqətin rəmzinə çevirən də, abır-həyalı, ləyaqətli, ədəb-ərkanlı, sədaqətli nənələrimiz, analarımız, qız-gəlinlərimiz olub. Kəlağayıya sevgimin bünövrəsini hələ orta məktəb şagirdi olan dövrümdə Cahan nənəm qoyub. Kəlağayını ilk dəfə nənəmdə görmüşəm, görən kimi də sevmişəm. Uşaq ağlımla bilmirəm kəlağayının nəyinə vurulmuşdum? Yəqin ki, üzü nurlu nənəmə yaraşdığına, rənginə görə. Nənəmin sandığında iki kəlağayı vardı. Biri noxudu rəngdə idi, o birisi qara. Çoxlu nəvə-nəticələri olan nənəm bir gün məni yanına çağırıb noxudu kəlağayısını mənə verdi. Dönə-dönə tapşırdı ki, bunu mütləq qoru, nənənin cehizliyidi. Nənəmin tapşırığına ciddi əməl edəcəyimə söz verdim. Uşaq da olsam, bilirdim ki, əmanətə xəyanət olmaz.

 Həyatımda eniş-yoxuşlar, çətinliklər çox oldu. Evsizlikdən, darısqallıqdan əziyyət çəkdik. Uşaqlar böyüdükcə problemlər çoxalırdı. Ancaq nənəmin əmanətini urvatlı saxladım. Əvvəllər kəlağayıdan istifadə etmirdim, düşünürdüm ki, hərə bir söz deyəcək, gözaltı baxacaq, kinayə ilə güləcəklər. Nəhayət ürəklənib başıma örtəndə, boynuma salanda rəfiqələrimin, təsadüfən rastlaşdığım tanış-bilişin, doğmalarımın xoşuna gəldi, bəyəndilər, alqışladılar, mən də ürəkləndim, kəlağayıya həmişəlik bağlandım.

 Ərzincan səfərimizi, Uluslararası Türk Dünyası Simpoziumunu xatırlatdınız. 40-dan çox Türk dövlətinin nümayəndələrinə Azərbaycan xalqının qədim baş örtüyü, onun isifadə qaydası, sosial məzmunu haqqında informasiya verəndə xalqımızın dünyagörüşünə, mənəvi dəyərlərinin dərinliyinə, kəlağayının hikmətinə heyran qalırdılar.

 

 -Şahidiyəm ki, hətta türk olmayan gürcü alim qadın Tamar Xvedelianiyaya da kəlağayıdan “dərs” keçdiniz. Özü də gürcü dilində.

 

-Ay Vaqif müəllim, nə qədər diqqətlisiniz. Hə, gürcü türkoloq qadına əməlli-başlı kəlağayını sevdirə bildim. Birlikdə şəkil də çəkdirdik. Bu şəkili ən uca yerdə saxlayacağını bildirdi. Tiflisə gələndə görüşməyimizi xahiş etdi.

 

 -Müsahibənin giriş hissəsində qeyd elədim ki, 1967-ci ildə Azərbaycan Kommunist Partiyasının katibi, şair, dramaturq, Türkçülük, Azərbaycançılıq məfkurəsinin sədaqətli, dönməz yolçusu Şıxəli Qurbanovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Novruz şənliklərində “Bahar qızı”nın başına örtdüyü kəlağayı açıq göy rəngdəydi. Bilirəm ki, göy rəng Türklük rəmzidi, uzaqgörənlik, nizamlılıq, güvənlik anlamını daşıyır. Bu da Şıxəli Qurbanovun millət sevgisiydi, milli ruhumuza sayğısıydı. Bu sevgiyə görə də onun həyatına son qoydular. Kəlağayının rənglər simvolikası göy qurşağının rənglərindən dəfələrlə çoxdur. Rənglər sisteminə görə kəlağayını necə xarakterizə edərdiniz?

 

 -Kəlağayıya sevgi mənə çox bilgilər verir, hər gün də yeni nəsə öyrənirəm. Bilirəm ki, qırmızı rəng canlılıq, xoşbəxtlik, enerji, od, qan, mübarizə, qələbə, eşq simvoludu. İnsanları şər qüvvələrdən qoruyur. Qırmızı kəlağayı hər bir qadın üçün yeni həyatın başlanğıcı mənasını daşıyır. Toy-düyünlərin yaraşığıdı. Subay qızlar toya gedəndə qırmızı kəlağayı bağlayardılar. Ailədə doğulan körpəni qırmızı kəlağayıya bələyərdilər ki, körpə bəd nəzərdən qorunsun. Nişana qırmızı kəlağayı aparardılar, xonçaları qırmızı kəlağayılarla bəzəyərdilər. Toyun sabahı gəlinin başına qırmızı kəlağayı örtərdilər. Evin balaca oğlu kəlağayını gəlinin başından götürüb bar verən ağacın budağından asardı ki, ailə barlı-bərəkətli, oğullu-qızlı olsun. 

 Novruz bayramı günlərində cıdır yarışları keçirilərdi. Cıdırda qalib gəlmiş atın alnına bir yumurta vurub sındırar, boynuna qırmızı kəlağayı bağlayardılar.

Gəlin gətirərkən onun başına ağ, üzünə qırmızı örpək örtmək, faytonu çəkən atın boynuna soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq qədim toy adətlərimizdəndir. 

Ağ rəng saflıq, məsumluq, sülh, xəyal dünyasının genişliyi, qələbə, cəhrayı rəng sevinc, şənlik, sevgi, qəhvəyi rəng doğruluq, işgüzarlıq, uğur simvoludur.

Qara rəng sədaqəti, duyğunu, hüznü, dözümlülüyü, özgüvənliyi xarakterizə edir. Qara rəngli kəlağayı ilə dünyasını dəyişən insanın üstünü, məzarını örtərdilər. Həyətin darvazasına qara kəlağayı bağlanırdısa, bu yas nişanəsi idi. Əgər rəhmətə gedən gəncdirsə, darvazaya həm qara, həm də qırmızı kəlağayı bağlayardılar.

Yaşlı qadınlar tünd, gənc xanımlar başlarına ağ, al-əlvan kəlağayı örtərdilər. Sədərəkli Tamella nənə deyir ki, qədimdə qadınlar üzü örtülü gəzdiyindən onun evli, yaxud subay olduğu kəlağayının rəngindən bilinərdi.

Novruz adətlərinə görə, ilaxır çərşənbə axşamı subay oğlanlar örpək, şal, yaxud kəlağayı götürüb sevdikləri qızların evlərinə gedər, baş örtüyünü bacadan, pəncərədən, damdan evə sallayardılar. Əgər qızın ata-anası razıydılarsa, örpəyi qızın belinə, bəzi yerlərdə qoluna bağlayardılar. Razı  olmasalar, dəsmala şirni qoyub qaytarardılar.

Rənglərin simvolikasına inansaq, “Bahar qızı”nın başına örtdüyü kəlağayı sədaqət, bəd nəzərdən qorunmaq (gözmuncuğu) rəmzidir. Gəlinlik kəlağayıların kənarları yaşıl, ortası qırmızı rəngdə olur. Arzu, murad, istək, həyat, sülh, sağlamlıq, dinclik anlamında. Kəlağayı ulu Türkün hər ovqatını, hissini, duyğusunu özündə əks etdirir.  

 

 -Düz 7 il “Aşiq Pəri Məclisi”nin sədr müavini, bədii rəhbəri, mətbuat katibi olmusunuz. Narınc Xatundan, Səadət Butadan, aşıq Sonadan əmanət qalan “Aşıq Pəri Məclisi”nin mavi ekranlara kəlağayı ilə çıxması sizin təşəbbüsünüz olub. Onda hələ məclis üzvlərinin çoxunun yadına kəlağayı düşmürdü. Bu ideya həm də “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin fəaliiyyətinin təməl prinsiplərindən birinə çevrildi. Aşıq Pəri, Mirvarid Dilbazi, Narınc Xatun, Səadət Buta, aşıq Sonanı bir yerə toplamaq çətin deyildimi?

 

 -Bəziləri düşünür ki, yəqin bu, qadın həmrəyliyindən irəli gəlir. Belə deyil, bunu düşünənlər gördüyümüz işlərin məğzini başa düşməyənlərdi. Mənim hədəflərim daha uca, böyükdü. Mən xalqımızın milli dəyərlərini qorumaq, yaşatmaq, təbliğ etməkdən ali xidmət tanımıram. Saydığınız beşliyə sözü, sazı və kəlağayını əlavə edərdim. Qoy olsun səkkizlik.  Saydıqlarım müqəddəs dəyərlərdi. 

Mirvarid Dilbazi mənəviyyat, əsl qadınlıq etalonuydu, kübar, əsilzadə bəy qızı idi. Yaradıcılığı nəhəng bar ağacına, şeirləri onun dadlı meyvələrinə, sözləri daşların arasından süzülüb gələn göz yaşı kimi büllur bulaq suyuna, səsi həzin musiqiyə bənzəyirdi. Kələğayılı ağbirçək abırlı-həyalı nənələrimizin yolunun davamçısıydı. Vətən, el aşiqi idi. Qızı Xatirə xanım deyir ki, hər ad günündə Ümummilli lider Heydər Əliyev ona zəng edib təbrik edər, arzularını çatdırardı. Ondan nə istədiyini soruşanda, ərklə, “mənə Qarabağı verin”, deyərdi. Heydər Əliyevə “oğlum” deyə müraciət edərdi.

 Onun mənəvi dünyasına vurğunluğumdan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaratmağı qərara aldım. Dövlətimiz, xalqımız onu həmişə böyük ehtiramla yad edir. Mirvarid xanım ilk qadın Xalq şairidir, qadınlar arasında ilk dəfə “İstiqlal” ordeninə layiq görülüb. Mən də onun mənəvi nəvəsi kimi İctimai Birlik adından tədbirlər keçirir, çıxışıma onun şeirlərindən misralarla başlayıram. 

Nədən söhbət düşürsə, kəlağayı yaddan çıxmır, bu artıq mənim həyat tərzimə çevrilib. Hər gün yuxudan oyanan kimi “Kəlağayı Muzeyi”mdəki Mirvarid xanımın nur üzlü obrazını canlandıran kəlağayının qarşısında dayanıb böyük şəxsiyyətə gündəlik hesabat verir, onun növbəti işlərimə uğur diləməsini təbəssümlü üzündən oxuyuram. 

Narınc Xatunu öz anam qədər sevirəm. Hər yerdə istedadlı qızlar sorağında olub. Aşıq Sona və Səadət Buta ilə “Aşıq Pəri Məclisi” kimi sənət məbədi yaradıblar. Narınc xanımın və aşıq Sonanın ruhu şad olsun. Səadət xanım indi də gənclik eşqi ilə çalışır. 

Nənəmin nəsihəti və noxudu kəlağayısı illər ötdükcə yolumun səmtini təyin etdi. “Aşıq Pəri Məclisi”ndə fəaliyyətə başlayanda hamının başında kəlağayı görmək qızlardan birinci istəyim oldu. Təşəbbüsümə dodaq büzənlər də oldu, razılaşanlar da. Çünki çoxu kəlağayının ötürdüyü enerjidən, hisslərdən xəbərsiz idi. Mənə yaraşmır deyənlərə başa saldım ki, kəlağayı gözəllərin gözəlliyini artırır. Məclis üzvləri başında kəlağayı ilə ilk dəfə mavi ekrana çıxanda sanki dünyanı mənə vermişdilər.

Kəlağayıya sevgimnən şeirlər yazdım, bayatılar yazdım. Gözəl Kəlbəcərli kəlağayı şeirimə musiqi bəstələdi, çox gözəl oxudu. Bu gün də sevilir tamaşaçılar tərəfindən, rəqqasələrimiz də əldə kəlağayı rəqsləri ilə tamaşaçıları heyran edir, böyük sevgiylə qarşılanır. Kəlağayı haqqında ilk mahnıdı Gözəl Kəlbəcərlinin təqdimatındakı. Mənim şeirimdən sonra, kəlağayı təbliğatımnan sonra yüzlərlə kəlağayı haqqında şeirlər, məqalələr, hekayələr yazıldı, mahnılar oxundu. Məncə, doğru təbliğat olanda nəticəsi də olur.

 

 -Kəlağayının təbliğinin nəticəsini görəndə sevinirsiniz, yorğunluğunuzu unudursunuz, elə deyilmi?

 

 -Elədir. 2019-cu ildə “Aşıq Pəri Məclisi”nin üzvlərinin vahid formada və kəlağayıda televiziyada konsertə çıxdığı günü unutmaram. Bu mənim təbliğimin, zəhmətimin nəticəsi idi. 59 saylı məktəbin şagirdlərinin tez-tez çiynimdə, başımda kəlağayı ilə görmələri, ona görə də görüşmək istəmələri də məni çox qürurlandırdı. Festivallarda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin ən nüfuzlu Qeyri-Hökumət Təşkilatı  kimi iştirakı da kəlağayıya diqqətdən, ehtiramdan irəli gəlir ki, bu da bizim haqqımızdır. 

 

 -Nəhayət siz də mənəvi ananınız, nənəniz Mirvarid Dilbazi kimi ilkə imza atdınız, mədəniyyət tarixinə düşdünüz. 2022-ci ildə 26 noyabr ”Kəlağayı Günü” ərəfəsində şəxsi “Kəlağayı Ev Muzeyi”ni yaratdınız. Sözün həqiqi mənasında yaratdınız. İdeyanız gərgin əmək, cəfa, alın təri bahasına reallığa çevrildi. Siz kəlağayının, kəlağayı da sizin başınızı uca elədi. Əkdiyi ağacın bəhrəsini görən bağban sevinci yaşadınız. Zəhmətinizin barı şirindimi?

 

 -Elə şirindi... Övlad, nəvə, zəfər sevinci qədər şirin. Mən bu işin qulpundan yapışıb Azərbaycanı oba-oba, bölgə-bölgə gəzib kəlağayı soraqlayanda, cibimin pulu ilə alanda, kimsə mənə kəlağayı bağışlayanda uğur əldə edəcəyimə inanırdım. İnamımda, gümanımda yanılmadım.

 24-28 noyabr 2014-cü ildə YUNESKO-nun Parisdə keçirilən Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə edilməsi” daxil edildi. Bu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əiyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz əməyinin nəticəsiydi. O vaxtdan 26 noyabr “Kəlağayı Günü” kimi qeyd olunur.

 Bu tarixi qərar - mədəniyyətimizin qələbəsi kəlağayı sevgimə yeni ruh, qol-qanad verdi. O vaxtdan kəlağayılar toplamağa başladım. Ancaq bu qədər kəlağayım olacağına inanmırdım. Nənəmin iki kəlağayısı vardı, birini mənə verdi. Həmin kəlağayının ayağı düşərli oldu. Nənəmin urvatını qoruduğum cehizlik kəlağayısı evimə bərəkət gətirdi. Kəlağayıların sayı 100-ə çatanda “Kəlağayı Ev Muzeyi” yaratmaq qərarına gəldim. 

 Əhmədlidəki evimizin ən gözəl otağında kəlağayılarıma isti yuva düzəltdim. Şəxsi “Kəlağayı Ev Muzeyi”im artıq Bakıdan, Vətənimizin hər guşəsindən başqa, Türk dünyasının bir çox dövlətlərində tanınır. Muzeyin açılışında Özbəkistandan gələn 15 elm adamı iştirak edib. Türkiyədə muzeyi görmək arzusunda olanlar çoxdur. Televiziya çəkilişlərinin sayını itirmişəm, bir çox televiziyaların studiyalarını kəlağayılarım, gözümün nurunun və əllərimin məhsulu al-əlvan toxuculuq işlərim bəzəyir. Muzeydə 150-dən çox kəlağayı ilə yanaşı 100-dən çox əl işim, 200-ə yaxın əntiq əşyalar, rəngkarlıq əsərləri, dünyanın heç yerində olmayan portret kəlağayılar nümayiş etdirilir.

Qədim geyimlərimizin çoxu unudulub, yaddaşın “arxiv”indədir. Ancaq kəlağayı unudulmadı. Millətin ruhu, mənəvi dəyərləri qiymətləndirən qədirbilən insanlar onu qorudu, bu günümüzdə də tanıtdı.

Bir həssas nöqtəyə toxunmaq istəyirəm. Basqallı kəlağayı ustası Abbasəli Talıbov “Şuşa” kəlağayısı hazırlayıb. Kəlağayının xonçasında (mərkəzində) məğrur Şuşa qalası dayanıb. Ətrafında Xarıbülbüllər onu əhatəyə alıb qoruyur. Usta deyir ki, elə kəlağayılar var ki, onu qədərindən asılı olmayaraq pul müqabilinə satmaram. Belə sənət incilərindən biri də onun hazırladığı “Heratı” kəlağayıdır. Nədir bu kəlağayının özəlliyi? “Heratı” kəlağayı qara fonda, 3,4,5, ən çoxu 7 rənglə işlənir. Abbasəli ustanın “Herati”sında 8 rəng var. Bu onun sənət dəyərini artırır. Usta heç kimə satmayan bu kəlağayını təmənnasız “Kəlağayı Ev Muzeyi”mə bağışlayıb. Onun mənə inamı, etibarıdır bu. Yüz yaşasın. Usta bilir ki, zər qədrini zərgər bilər.

Muzeyə daha mötəbər, geniş yer veriməsini, kəlağayıları, əl işlərimi, əntiq əşyaları, rəsm əsərlərini ziyarətçilərə yaxından və aydın göstərməyi arzulayıram. Yəqin tezliklə bu arzuma da çatacağam.

 

 - Sizə “kəlağayılı nənə” də deyirlər. Eşidəndə hansı hissəri keçirirsiniz? Öz aramızdı, kəlağayıya görə kiməsə “nənə”müraciəti etmək şərəflidi, qürurdu. Kəlağayını yaşatmaq üçün nənə olmağa dəyərmi?

 

 -Lap qısa deyəcəm. Əlbəttə, dəyər!

 

 -Güllü xanım, keçən il I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında sizin aktivliyiniz yadımdadır. Çiyninizə saldığınız bənövşəyi kəlağayınızla mötəşəm idiniz. Birinci festivalın “kəlağayılı qızı” siz idiniz. 5-11 iyun 2023-cü ildə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək. Bu festivala necə hazırlaşmısınız?

 

 -2022-ci il avqust ayının son günlərində “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumunun təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalının iştirakçısı olduq. Festivalda 150 kəlağayımı sərgilədim. Xalqımızın kəlağayı sevgisi və rəğbəti gələcək işlərimə, uğurlarıma dəstək oldu. Orada iştirakım İctimai Birliyimiz üçün də vacib idi.

Ötən il Bakıda “Pasaj-1901” sərgi salonunda iki gün muzeyimizin kəlağayıları, qədim əntiq əşyalarının nümayişi tamaşaçıların hədsiz marağına səbəb oldu. Bizim yerləşdiyimiz guşənin qarşısı həmişə qələbəlik olurdu. Kəlağayılara nəinki qadınlar, həmçinin bəylər və qonaqlar heyran qalmışdılar.

İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilati dəstəklərindən biri də “Mirvarid Dilbazı Poeziya Məclisi” İctimai Birliyidir. Həm də “Kəlağayı Ev Muzeyi” bu tədbirin ən fəal iştirakçılarından olacaq. Necə deyərlər, biz bu dəfə iki cəbhədə fəaliyyət göstərəcəyik. Keçənilki iştirakımız festivala gələnlərin marağına səbəb olmuşdu. Bu dəfə isə ikiqat məsuliyyət və həvəslə iştirak edəcəyik. 7 gün ərzində hər gün kəlağayıların və əl işlərimin sərgisi olacaq. Bizə səhnə və guşə veriləcək. “Kəlağayı” mahnısi oxunacaq, “Kəlağayı” rəqsi ifa ediləcək. Kitablarımızın satışı, oxucularla ayaqüstü görüşlərimiz, söhbətlərimiz olacaq. Səhnədə müxtəlif günlərdə, müxtəlif saatlarda  konsertimiz, çıxışlarımız olacaq, oxucularımızı, kəlağayısevərləri, elin yaddaşından süzülüb gələn musiqi dinləmək istəyənləri Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkda gözləyəcəyik. İyunun 6-da “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai birliyi və “Kəlağayı Ev Muzeyi” konsert proqramı ilə çıxış edəcək. Konsertdə festivala gələnlər Səadət  Butanın,  Gözəl Kəlbəcərlinin, Rəhilə Bəndəliyevanın, Mərziyyə Sarvanın, bəndənizin və “Səma” rəqs qrupunun çıxışlarını görəcəklər. 

 

 -Sizin gördüyünüz işlərin miqyası o qədər böyükdür ki, inanmaq olmur bu bir nəfərin əməyidir. Sizə maddi kömək göstərən olmadığını bilirəm, texniki, mənəvi dəstək olanlar yəqin ki, var.

 

 Əlbəttə, var. Hər bir işin arxasında texniki kömək, mənəvi və informasiya dəstəyi olmasa uğur qazanmaq çətindi. Xeyirxah, mənəvi dünyası zəngin, təmənnasız insanlardan birini - Vüsal Sehranoğlunu səkkiz il əvvəl tale mənimlə görüşdürüb. Vüsal bəy  gəncdir, qəlbi həmişə yaşamaq, yaratmaq, milli dəyərləri qorumaq sevgisi ilə doludur. “Dədə Ələsgər Ocağı” və “Mirvarid Dilbazı Poeziya Məclisi” İctimai Birliklərinin, şəxsi “Kəlağayı Ev Muzeyi”nin tədbirlərinin təşkilatçılıq və texnoloji işlərində,  informormasiya dəstəyində əvəzsiz əməyi var. Bu yaxınlarda poeziyamızın inkişafında, təbliğində göstərdiyi xidmətə görə və 35 illik yubileyi ilə əlaqədar Vüsal bəyi  İctimai Birliyimizin “Fəxri Fərman”ı ilə təbrik etdik, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər isə İctimai Birlik adından onu “Dədə Ələsgər 200” qızıl medalı ilə mükafatlandırdı. Vüsal Sehranoğlu  təvəzökarlıqla bu təltifləri “kiçik işlərimə böyük qiymət” adlandırır. Məncə, bu böyük xidmətə qiymətdi. Vüsal Sehranoğlu bunu böyük qiymət, böyük dəyər, ən əsası böyük məsuliyyət kimi qəbul edir. O, həmişə bizimlədir, çətinliklərimizi, çatışmazlıqlarımızı Vüsal Sehranoğlunun  bilikləri təcili aradan qaldırır.

 Kəlağayının  ötürdüyü bilgiləri, enerjini, müsbət hissləri Vüsal bəy  çox gözəl anlayır. Sərgi və festivallarda kəlağayıların qədimliyindən, istifadəsindən tutmuş, ornamentlərinə, rənginə, düzülüşünə elə həssaslıqla yanaşır ki, məəttəl qalıram. II Milli Yaylaq Festivalının başlandığı gün kəlağayıların düzülüşündə və digər təşkilatçılıq işlərində tək qalmışdım, necə deyərlər, lap başımı itirmişdim. Vacib işi olduğundan Vüsal bəy  gəlməmişdi. O biri gün səhər tezdən özünü yetirdi. Vüsal bəyi  yanımda görəndə sanki dünyam ikiqat işıqlandı. Bildim ki, hər hansı çətinlik olsa, aradan qaldırmağa qadir mənəvi oğlum yanımdadı. Belə oğullarla ən müşkül, yüksək məsuliyyət tələb edən işləri asanlıqla görmək olar. Hər gün, hər an Vüsal Sehranoğluna  arxalanıram. O qədər suallar, tapşırıqlar verirəm ki, bəzən özüm də utanıram. Deyirəm, ay Vüsal balam, heç olmasa dediyimi etmə, yorulmuşam de, imtina elə. Deyir ki, Güllü xanım, siz sözünüzü elə deyirsiniz ki, imtina etmək mümkün deyil. Vüsal bəy bizim uğurlarımızda pay sahibidir.

Vüsal Sehranoğlu “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədrinin müşaviridir. Çox dünyagörüşlü gəncdir, milliliyin tərənnümçüsüdür. Vüsal bəyə  görə, milli nə varsa, gözəldir.

 

 -Şəxsi “Kəlağayı Ev Muzeyinizi bir neçə dəfə ziyarət etmək mənə də qismət olub. “Ziyarət” kəlməsini təsadüfən yazmadım. Ziyarəti müqəddəs yerlərə edirlər. Kəlağayıların nənələrin sandığının qaranlığından xilas olub ağ günə, azadlığa çıxdığı, rahat nəfəs alıb yaşadığı muzey də müqəddəs yerdi.

Imişlinin bir kəndində yaşayan, rənglər dünyasının sehri ilə tablolar yaradan gənc rəssam Gülnarə Məmmədova Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə çəkdiyi “Çərşənbə günündə çeşmə başında” əsərini təqdimetmə törənində iştirak etmişəm. 

 

 -Fikir verirdinizmi, Gülnarə xanımın simasından, gözlərindən, danışığından məsumluq yağırdı. Utancaq bir qızın gördüyü işlər isə nə qədər böyük idi. Yadıma “Nəsimi” filmindəki məşhur dialoq düşdü. Həmin dialoqu bir qədər dəyişdirib deyirəm ki, görəsən belə incə bədənə belə sehirli nəhəng rənglər dünyası necə yeləşib? Həmin görüşdə siz çox doğru vurğuladınız ki, gənc rəssam qızımız heç narahat olmasın, Güllü xanım o əsərləri gözünün bəbəyi kimi qoruyacaq, üstünə toz qonmağa belə imkan verməyəcək.

 Gülnarə xanım istedadlı rəssamdı. Ancaq darısqallığın, şəraitsizliyin ucbatından əziyyət çəkir, özünü tam təsdiq edə bilmir. Onun rənglər dünyasına əlaqədar təşkilatlar biganədirlər. Aşıq Ələsgərin yubileyinə onun töhfəsi çox qiymətlidi. Bunu “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər də çıxışında qeyd etdi. Milli dəyərlərə münasibəti, sevgisi onu mənə yaxın etdi, o da məni doğması kimi qəbul etdi. “Çərşənbə günündə çeşmə başında” əsərindən başqa Gülnarə xanım muzeyə “Novruz kəlağayısı” natürmörtünü, milli geyimli Azərbaycan xanımlarının portretlərini hədiyyə edib.

 

 -Basqallı kəlağayı ustası Mürşüd Abbasovun ərsəyə gətirdiyi portret kəlağayıları “Kəlağayı Ev Muzeyi”ndə görəndə keçirdiyim hissləri dəqiq təsvir etmək çətindir. Qeyri-adi portret kəlağayılar doğrudanmı tətbiqi sənətdə yenilikdir?

 

 -Bəli, doğrudan da yenilikdir. Babalarımızın yaradıcılıq təxəyyülünə, əl qabiliyyətinə əcnəbilər çoxdan qibtə edirlər. Muzeyimizə bağışlanan portret kəlağayılar Mürşüd babanın zəngin təxəyyülünün qeyr-adi bəhrələridir. Bu barədə çox rəssamlarla söhbətlərim olub. Bəziləri ipək parça üzərində portret yaratmağın çətin olduğunu, bəziləri də mümkünsüzlüyünü etiraf etdilər. Bunu sənətinin vurğunu Mürşüd baba bacarıb. Min bir əziyyətlə yaratdığı səkkiz portret kəlağayını muzeyə hədiyyə edəndə Mürşüd babanın sevincini görəydiniz. Kəlağayı sevgim məni iç dünyası zəngin, səxavətli, insanlarla rastlaşdırdı. Onlardan çox şey öyrəndim. Muzeydə qoruyub saxladığım Pənahəli xanın, Nizami Gəncəvinin, Nəsiminin, Xan qızı Natəvanın, Qasım bəy Zakirin, Üzeyir bəy Hacıbəylinin, Mirvarid Dilbazinin, Xan Şuşinskinin obrazlarını canlandıran kəlağayılar həmin şəxsiyyətlərin yaradıcılığı və şəxsiyyətləri kimi dəyərini itirməyəcək, uzunömürlü olacaq. Şəxsiyyətin və həqiqi sənətin ölməzliyidir bu. Şəxsi “Kəlağayı Ev Muzeyi”nin eksponatları arasında portret kəlağayıların xüsusi yeri var. Kəlağayıya aid nə varsa, mənim üçün doğmadı, əzizdi.

 

 -Görüşümüz yaddaqalan günə düşdü. Sizə düşərli oldu, sizin uğurlarınıza sevinən mənə də. İndicə siz də, mən də eşitdik ki, “Kələğayı əlvan qıyğacı” layihəniz qalib elan olundu.

 

 -Bəli, çox sevinirəm. Bizim birinci layihəmiz “Mirvarid Dilbazi - ilk qadın Xalq şairi” adlanırdı. Bu layihə çərçivəsində Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında ilk qadın Xalq şairinin 110 illik yubiley tədbirlərini keçirdik. “Mirvarid Dilbazi az.” saytını yaratdıq. “Kəlağayı - min illərin yadigarı” ikinci layihəmiz idi. Bu layihə çərçivəsində çox yaddaqalan işlər gördük, tədbirlər keçirdik. “Kəlağayı - min illərin yadigarı” sənədli filmi çəkildi, təqdimatı keçirildi, iştirakçılara nümayiş etdirildi. Rəşid Behbudov adına Mahnı Teatrındakı kəlağayı günü tədbirində 26 noyabr gününün bayram kimi keçirilməsinin təşəbbüsçüsü və ideya müəllifi də mən olmuşam.  Bu da bir ilkdir. Keçən il noyabrın 26-da bir gün ərzində kəlağayının təbliğinə həsr olunmuş dörd tədbir keçirmişik. Səhər ATV kanalının “Səhər” proqramında kəlağayı haqqında geniş söhbət etdim. Günorta Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə məktəbin direktoru Pikə xanım Əhmədovanın təşəbbüsü ilə müəllim və şagirdlərlə maraqlı görüş keçirildi. Şagirdlər məni kəlağayı örtüklü görüb görüşmək istəmişdilər. Axşam Beynəlxalq Muğam Mərkəzinin foyesində kəlağayılarımın sərgisi keçirildi. Foyedə sərgiyə gələnlərin marağı və çoxluğu məni sevindirdi. Bu sərgidə bir neçə rəssamın kəlağayı tabloları və kompozisiyaları nümayiş etdirildi. Rəssam-şair Sehran Allahverdi gözəl sənət əsərini - “Kəlağayı” kompozisiyasını şəxsi “Kələğayı Ev Muzeyi”mə hədiyyə etdi. Axşam Azərbaycan incəsənət ustalarının iştirakı ilə “Kəlağayı Günü”ə həsr olunmuş geniş konsert proqramı keçirildi.

Rəhbəri olduğum “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə “Kəlağayı əlvan qıyğacı” layihəmiz qalib elan olundu. Bu il Azərbaycanın şəhər, rayon və qəsəbələrinə daha çox səfərlərimiz planlaşdırılır. Milli dəyərimiz kəlağayını daha yaxşı tanıtmağa, təbliğ etməyə çalışacağıq. Kəlağayıya aid kitab buraxacaq, noyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində bayram konsertinin təşkilatçısı olacağıq.

Bütün məni dəstəkləyən, sevincimə sevinən insanlara gözaydınlığı verirəm. Bu bizim birgə qələbəmizdi. Müsabiqəyə məhz bu layihə ilə qatıldım ki, milliliyimizi geniş təbliğ, tətbiq və təqdim etmək imkanlarımız olsun. Artıq qarşıda bizi yeni uğurlar, yaradıcılıq üfüqləri, qələbələr gözləyir.

Nənələrin sandığı, kəlağayıları bu günümüzə qədər gəlib çatıbsa, sabahlara ötürmək milli dəyərlərə sayğı göstərənlərin, kəlağayısevərlərin borcudu. Mən borcumu yerinə yetirirəm.

 

 -Təbrik edirəm, Güllü xanım. Bu mənim üçün xoş və gözlənilməz sürpriz oldu. İnanın səmimiyyətimə, ən azı sizin qədər sevindim. Öz uğurum qədər. Siz buna layiqsiniz . Haqq-ədalət mütləq zəfər çalmalı idi. Sizin işləriniz təkcə bu günə yox, həm də gələcəyə hədəflənib. Tanrıdan sizə bu ruhu qorumaq gücü diləyirəm.

 

 -Təşəkkür edirəm, var olun, siz mənə həmişə inam, güc, ruh verirsiniz, mənəvi dəstək olursunuz.

 

 - Dəyərli vaxtınızı ayırdığınız, müsahibəyə sərf etdiyiniz üçün təşəkkür sizə düşür.

 

 *

 Sözardı:

 Novruz bayramı Zərdüştlükdən qat-qat əvvəlki Türk mədəniyyətinə məxsusdur. Zərdüşt dövründə Güney Azərbaycan ərazisinə keçməsi ehtimalı var. Türkün tarixinin qədimliyini hər vəchlə, yalançı iddialarla inkar etməyə, silməyə çalışan  qərəzli tarixçilər Od mədəniyyətini də danmaqdan əl çəkmirlər. Zərdüştün böyük xidməti qədim inancımız Odu ilahiləşdiməsidir.

Ta qədimlərdən Oğuz elinin müdrik atası Dədəm Qorqud həm də Novruz bayramının personajı kimi qəbul edilib. Yanında da həmişə “Bahar qızı” dayanıb. Elə o vaxtlardan ayağı sayalı, çöhrəsi təbəssümlü, saçı uzun “Bahar qızı” geyimi, baş örtüyü ilə insanlarda xoş ovqat yaradıb.

 Bir maraqlı məqama da diqqət yönəltmək istəyirəm. Araşdırmaçı Atəş Əhmədlinin fikri ilə şərikəm, doğru hesab edirəm, çoxdan məni düşündürürdü: “Bu deyim dəyişikliyə uğrayıb. Əslində tonqal üstündən atılanda “ağırlığım səndə, uğurun məndə, sarılığın səndə, qırmızılığın məndə” deyilməlidir”. Axı qırmızı rəng ulu Türkün “qoruyucu mələyi”dir.

 Ulu Türkün miilli-mənəvi dəyərləri sırasında layiqli yerini tutan kəlağayını da son illərdə baş tacımız kimi təqdim etməyi Güllü Eldar Tomarlının nənə nəsihətinə, Azərbaycan mədəniyyətinə, mənəvi dünyamıza sayğısıdır. 

 

 “Ədəbiyyat və incəsənət”

(31.05.2023)