Muzey günü ölkəmizdə necə qeyd olundu? Featured

Rate this item
(0 votes)

Dünənki tarix - 18 may Beynəlxalq Muzeylər Günü idi, təbii ki, ölkə muzeyləri bu günü rəngbərəng tədbirlərlə qeyd etdilər. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşları həmin tədbirlərdən bir xülasə hazırlayaraq sizlərin diqqətinizə çatdırır.

 

İSTİQLAL MUZEYİ

 

Demək, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar ölkəmizdəki muzeylərdə “Açıq qapı” günləri  təşkil olundu. 

“Açıq qapı” günlərində digər muzeylər kimi İstiqlal Muzeyini də ziyarət edənlərin sayında artım müşahidə olunurdu. Məsələn, muzeyin direktoru Sədi Mirseyiblinin dünən səhər verdiyi məlumata görə, səhər saatlarından başlayaraq İstiqlal Muzeyini ziyarət edənlərin sayı 600-dən çox olmuşdur. “Hazırda insanların muzeyə ziyarəti davam edir. Müxtəlif təbəqədən olan insanlar muzeyimizi ziyarətə gəlirlər. Ziyarətçilərin zövqünü oxşamaqdan ötəri muzeyimizdə konsert proqramı təşkil olunub, sərgi açılıb. Gələn qonaqların arasında xarici ölkə vətəndaşları da var. “Açıq qapı” günü axşam saatlarınadək davam edəcək”, -deyə Sədi Mirseyibli bildirmişdi.

 

XALÇA MUZEYİ

 

Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində “Təbiətin səsi sən ol” adlı interaktiv tamaşa göstərilsi. Muzeyin Uşaq şöbəsi tərəfindən hazırlanan tamaşada şöbənin nəzdində yaradılmış Uşaq Birliyinin üzvləri və 132-134 nömrəli təhsil kompleksinin şagirdləri, həmçinin “Azəri inciləri” rəqs qrupu çıxış edirdi. Yerüstü ekosistemin mühafizəsi mövzusuna həsr olunan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitdi.

 

GƏNCLƏR KİTABXANASI

 

Respublika Gənclər Kitabxanasında Beynəlxalq Muzeylər Günü ilə əlaqədar silsilə materiallar hazırlandı, bu günün tarixini, əsas məqsədini özündə əks etdirən virtual kitab sərgisi və videomaterial təqdim olundu. Hazırlanan materiallarda bu günün Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunması, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına köməklik, cəmiyyətin həyatında muzeylərin nə qədər mühüm bir rol oynadığını əyani formada nümayiş etdirmək məqsədilə həyata keçirilməsi haqqında məlumat verilirdi. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda dünyanın ən məşhur muzeyləri olan Luvr və Britaniya muzeyi, Sankt-Peterburqun “Ermitaj”, Nyu-York şəhərinin incisi olan “Metropoliten” və digər muzeylərin tarixi, əhəmiyyəti haqqında məlumat verilməklə yanaşı, bu məkanların foto və video görüntüləri də təqdim edildi. Materiallarda dünya muzey tarixi ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən muzeylər haqqında da geniş məlumat verildi, Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Bülbül, Niyazi kimi dünyaşöhrətli simalarının memorial-xatirə, mənzil, habelə bölgələrdə tarix–diyarşünaslıq muzeylərinin məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılması qeyd edildi. Virtual kitab sərgisində şanlı Zəfər tarixini əks etdirən “Zəfər” muzeyi, mədəniyyətimizin incisi olan Şuşa şəhərində yerləşən muzeylər, dünyada yeganə Ağdam “Çörək muzeyi” haqqında da məlumatlar təqdim edildi. İstifadəçilərə təqdim olunan virtual sərgidə dünya və ölkəmizin muzey tarixinə dair “Dünya muzeyləri və tarixi mədəniyyət abidələri”, “Milli Azərbaycan Tarixi Muzeyi”, “Memorial muzeylərin fəaliyyəti”, “Avropa muzeylərində Qafqaz arxeolji kolleksiyasiyaları”, “Miniatür Kitab Muzeyi” kimi 15-dən çox kitabın, dövri mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edildi. 

 

İNCƏSƏNƏT MUZEYİ

 

Beynəlxalq Muzeylər Günü çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində "Qorunan təbiət" multimedia layihəsinin təqdimatı oldu. Və əvvəlcə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, layihənin kuratoru Könül Rəfiyeva layihə haqqında danışaraq, bu il Beynəlxalq Muzeylər Gününün devizi olan "Muzeylər, davamlılıq və rifah"ın ekologiya, yeni incəsənət və kurator təcrübələri, ekoloji sənətkarlıq, həmçinin tekstil sənayesi ilə bağlı qeyri-adi muzey proqramını əks etdirdiyini vurğuladı. O dedi ki, layihə BMT-nin 2030-cu ilə qədər Davamlı İnkişaf Məqsədlərini dəstəkləyərək, modanın və ənənəvi qadın sənətlərinin təbliğinə yönəlib. 

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzso çıxışında ölkəsinin qabaqcıl davamlı inkişaf sahəsindəki təcrübəsindən söhbət açdı. Bildirdi ki, İsveç tekstil sahəsindəki inkişafı ilə bütün dünyaya qabaqcıl, keyfiyyətli parçalardan ibarət dəb təqdim edir. Azərbaycanda hazırda İsveç rəssamının tekstildən, tullantılardan yaratdığı əsərlər nümayiş etdirilir. 

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə tədbirin əhəmiyyətindən danışaraq, bu cür təqdimatların önəmini vurğuladı. Dedi ki, belə tədbirlərin təşkili çox önəmli və təqdirəlayiqdir. “Peşəkar ekoloq kimi demək istərdim ki, gənc nəsil tərəfindən belə mövzuların mənimsənilməsi və icrası olduqca önəmlidir. Təbiəti qorumaq bizim hamımızın əsas prioritetlərimizdən olmalıdır", - deyə o qeyd etdi

Sonda tədbir iştirakçılarına mövzu ətrafında multimedia instalyasiyaları təqdim olundu.

Nəzərə alaq ki, digər muzeylərimizdə, o cümlədən bölgələrdə də silsilə tədbirlər b tutdu.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)