İstiqlal muzeyində Beynəlxalq Muzeylər Günü tədbirlərinə start verilib

Rate this item
(0 votes)

 

Sabahkı Beynəlxalq Muzeylər Gününə (International Museum Day) Azərbaycanın əksər muzeyləri öz töhfələrini verməkdədirlər. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (ICOM) konfransında təsis olunan günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyi də muzeyçilərin bayramına ciddi hazırlaşıb. Ötən gün muzeydə “Heydər Əliyev və Azərbaycan muzeyşünaslığı” adlı elmi-praktik konfrans keçirilib. “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı layihə çərçivəsində təşkil olunan konfransda Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva və başqaları çıxış ediblər.

Bu gün də tədbirlər səngiməyəcək, istiqlal tarixi eksponatlarının xüsusən məktəblilər üçün əlçatan olması yönündə işlər həyata keçiriləcək. Sabah - bilavasitə bayramın özündə isə muzeydə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə konsert proqramı təşkil ediləcək. Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Cəbrayıl rayon 7 nömrəli tam orta məktəbi, rayon və Mahmudlu kənd uşaq musiqi məktəblərinin şagirdləri çıxış edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)