Heç vallar yadınızdadırmı?

 

Sabah bazar günü olduğundan sabaha olan əlamətdar hadisələri də bu gün təqdim edirik.

 

24 oktyabr. Ümumdünya inkişaf barədə informasiya günü

 

1972-ci ildə BMT təqvimə belə bir gün salıb, məqsəd də o olub ki, dünya ictimaiyyətinin fikri inkişaf problemlərinə yönəldilsin, bu problemlərin həlli yolunda beynəlxalq əməkdaşlıq möhkəmləndirilsin. Xüsusən, gənclər cəmiyyətlərinin səfərbərliyi, inteqrasiyalar inkişaf təməyyülünü əsaslandırır, tənəzzüldən xilas yollarını arayıb tapmaqda rol oynayır. Maraqlıdır ki, bu mövzu BMT üçün prioritet olduğundan, seçilən tarix - 24 oktyabr günü həm də BMT günü olması ilə diqqət çəkir. İnkişaf – realda olan bir prosesdir, onun yalnız təbliğatda mövcud olan “qardaşı” da var ki, onun doğulması bic uşağın doğulması kimi arzuolunmazdır.

 

24 oktyabr. Baykonur faciəsi, Böyük Depressiyanın başlanğıcı

 

Yeyib-içməyin ən müxtəlifliklərini təqvimə salıb qeyd edən amerikalılar bu gün baltanı lap dibindən vurublar, bu gün onlarda sadəcə Yemək günüdür. Amma təbii ki, davamı da var, tək bir bayramla kifayətlənməzlər axı. Bu gün həm də Milli Bolonya kolbasası günüdür.

 

1986-cı ildə Londonda dünyanın ən böyük val mağazası açılıb. Gənc nəsil valın nə olduğunu bilməz, radionun üstünü açırdın, orda patefon deyilən bir şey var idi, fırlanan disk idi, yumru olan bu val adlı nəsnəni onun üstünə qoyurdun, val fırlandıqca patefonun iynəsi ona yazılmış musiqini səsləndirirdi.

 

1963-cü ildə Sovet dövlətinin uzun müddət gizlətdiyi bir hadisə baş verib, Baykonur kosmodromunda MBR raketi partlayıb, 8 nəfər həlak olub. Qəribədir ki, düz üç il əvvəl eynən həmin bu 24 oktyabr günündə Baykonurda daha dəhşətli bir hadisə baş vermişdi, P-16 raketi partlamışdı, ümumilikdə 126 adam həlak olmuşdu.

 

1939-cu ildə ABŞ-da, Delaver ştatında ilk neylon corablar istehsal olunub. 1929-cu ildə ABŞ-da Qara cüməaxşamı adlı böyük birja böhranı yaşanıb, nəticədə ölkəni böyük məhrumiyyətlərə düçar edəcək Böyük depressiya başlayıb.

 

1861-ci ildə ABŞ prezidenti Avraam Linkoln Kaliforniyadan tarixdə ilk teleqraf məlumatı alıb. 1857-ci ildə İngiltərənin Şeffild şəhərində ilk futbol klubu yaradılıb.

 

Varisin “21-27 oktyabrın təqvimi” yazısından