Naxçıvan kitab sərgisinin iştirakçılarını Azərbaycan Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qəbul edib Featured

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, 13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin baş sponsorluğu, “Hədəf” kurslarının sponsorluğu ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalının məlumatına görə, mayın 13-də sərgi iştirakçılarından bir qrupunu Azərbaycan Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qəbul edib. Görüşdə Naxçıvan Kitab Sərgisinin ideya rəhbəri, təşkilatçı qurum olan ANAİB-in sədri Şəmil Sadiq, digər təşkilatçı qurum olan “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis, professor Qulu Məhərrəmli, Mətbuat Klubunun təsisçisi Arif Əliyev, “Altun-kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, istiqlal şairi Rüstəm Behrudi, filosof Qəşəm Əhmədoğlu və digər şəxslər iştirak ediblər.

Qonaqları salamlayan Fuad Nəcəfli Naxçıvan bölgəsində gedən yenilənmə prosesinin mahiyyətini izah edib, görülən və  qarşıda duran işlərdən danışıb, Naxçıvanda kitab sərgisinin keçirilməsini mütərəqqi hadisə adlandırmaqla nüfuzlu qonaqları vaxtaşırı bölgəyə gəlməyə çağırıb. 

Şəmil Sadiq, Rəşad Məcid, Elçin Şıxlı, Qulu Məhərrəmli, Varis, Rüstəm Behrudi çıxış edərək səfər və sərgi təəssüratlarını bölüşüblər, ədəbiyyatın, mətbuatın hazırkı durumunu müzakirə ediblər. 

Xatırladaq ki, sərgidə tanınmış qələm və incəsənət adamları ilə görüşlər keçirilib, oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qurublar. 

Sərgi çərçivəsində yazıçı Varisin, şair Rüstəm Behrudinin, habelə uşaq yazıçısı Zahid Xəlilin imza mərasimləri baş tutub.

Bundan başqa kitab bayramında təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi” panelləri ilə çıxış ediblər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da olub.

Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da baş tutub.

Kitab sərgisi ailəlikcə sərgiyə gələn naxçıvanlılar üçün əsl bayrama çevrilib. 

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)