Adil Kərimli: “Əminəm ki, Şuşada baş tutacaq Birinci Türk Dünyası Mədəniyyət Forumu XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq” Featured

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, mayın 12-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. Təntənəli mərasim “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Şuşa şəhərində gerçəkləşib.  

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kumanıçbek Ömüraliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və türk dövlətlərindən rəsmilər, incəsənət ustaları və kollektivləri iştirak ediblər. 

Mərasimdə mədəniyyət naziri Adil Kərimli çıxış edib. Maraqlıdır, mədəniyyət nazirimiz hansı məsələlərə toxunub? 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, öncə nazir qonaqları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada salamlamaqdan məmnunluğunu dilə gətirib.

Bildiri  ki, bu il Azərbaycan və türk dünyası üçün mühüm tarixi hadisələrlə zəngindir. Belə ki, müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri, türk dünyasının əvəzsiz liderlərindən biri olan Heydər Əliyevin 100 illik yubileyi geniş təntənə ilə qeyd olunur və bununla əlaqədar 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş, Türkiyə Cumhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi türk dünyasında böyük təntənə ilə qeyd olunur. Fürsətdən istifadə edərək, bütün TÜRKSOY ailəsini bu münasibətlə təbrik edirik.

Nazir qeyd edib ki, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi türk dünyası tərəfindən Şuşaya olunan xüsusi ehtiramın təzahürüdür.

Şuşa azərbaycanlılar üçün olduqca böyük mənəvi əhəmiyyəti olan bir şəhərdir. Bu şəhər xalqımızın taleyində, onun tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Şuşa şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar şəhəridir.

Ulu öndər Heydər Əliyev deyirdi ki, “Şuşa, Azərbaycanın gözüdür! Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir! Şuşa hamı üçün əzizdir”.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xalqımızın mədəniyyət mərkəzi olan Şuşaya və xalqımızın mədəni irsinin qorunmasına xüsusi önəm verirdi.

Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

30 illik erməni işğalı dövründə Şuşa, o cümlədən Azərbaycanın 20 faiz ərazisi dağıdılmış, talan edilmişdir. İşğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən məscidlər, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri, qəbirüstü abidələr və digər mədəni irs nümunələri erməni vandalizminə məruz qalmışdır.

Nəhayət, 30 illik işğaldan sonra, 2020-ci il 8 noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarını, həmçinin Şuşanı azad edərək türk dünyasına möhtəşəm Zəfər yaşatmışdır.

Şuşanı azad görmək Heydər Əliyevin ən böyük arzularından biri olub. Bərpa olunmuş Şuşa məscidlərində 2 gün öncə səslənən azan Şuşaya yenidən Azərbaycan mədəniyyəti və mənəviyyatının qayıdışının rəmzidir.

Bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq, şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir, mədəni irsimizin bərpası istiqamətində geniş işlər həyata keçirilir:

"Əsası 1989-cu ildə qoyulan və işğal səbəbindən uzun illər keçirilə bilməyən "Xarıbülbül" festivalı azad Şuşada artıq 3-cü ildir təşkil edilir. Vaxtilə Sovet İttifaqı ölkələri kimi təmsil edilən qardaş türk dövlətləri artıq bu festivalda müstəqil dövlətlər kimi iştirak edir. Üç gün davam edən festivalın dünən bağlanış mərasimini dost respublikaların nümayəndələri ilə birgə keçirdik".

Adil Kərimli deyib ki, türk dövlətləri birliyinin möhkəmləndirilməsi və türk dövlətlərinin bir-birinə bağlanmasında mədəniyyətin başlıca rolu var. Bu faktı nəzərə alan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin TÜRKSOY-un yaradılmasında əvəzsiz xidmətləri olmuşdur. Siyasi fəaliyyətinin hər bir dövründə Türk dünyası birliyinin təmin olunması, mədəni əlaqələrin genişləndirilməsi, türk dövlətlərinin inteqrasiyası, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi Ulu öndər Heydər Əliyevin ən ümdə məqsədlərindən biri olmuşdur.

Artıq 30 ildir fəaliyyət göstərən TÜRKSOY bu gün beynəxalq aləmdə nüfuzlu təşkilata çevrilmişdir. Səmərəli və məhsuldar fəaliyyəti ilə TÜRKSOY xalqlarımızın öz tarixi-mədəni köklərinə bağlı qalmasına və qarşılıqlı inteqrasiya proseslərinə davamlı töhfələr verməkdədir.

Qeyd edim ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, geniş tədbirlər planı hazırlanmışdır.

Bununla əlaqədar oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur. Forum coğrafiyamızda mədəniyyət üçün çalışan bütün maraqlı tərəfləri bir araya gətirməyi və birgə mədəniyyətimizin inkişafına daha ciddi töhfə verməyi planlaşdırır. İnanıram ki, Azərbaycanın bu təşəbbüsü həm bizim həmkarlar, həm beynəlxalq təşkilatlar, həm də elmi dairələrimiz və yaradıcı sənayelərimiz tərəfindən dəstəklənəcək.

Əminəm ki, Şuşada baş tutacaq Birinci Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq, bizim ən güclü ortaq platformalarımızdan birinə çevriləcək.

Nazir çıxışının sonunda tədbirin keçirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinə, TÜRKSOY Katibliyinə, əlaqədar müvafiq qurumlara və əməyi keçən hər bir kəsə təşəkkürünü bildirdi.

 

Və sonda qısa olaraq digər çıxışçılara da toxunaq.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimiz tərəfindən Şuşada həyata keçirilən bərpa-quruculuq işləri haqqında danışdı. Bildirdi ki, Şuşada mədəni infrastrukturun yaradılması da diqqətdə saxlanılır.

TÜRKSOY-un baş katibi Sultan Raev Şuşanın tarixən Azərbaycan və bütövlükdə türk dünyasına bəxş etdiyi ədəbiyyat və mədəniyyət xadimlərindən danışdı. O, Şuşanın mədəni zənginliklərinin təbliğinə həmişə diqqət yetirəcəklərini diqqətə çatdırdı.

Türk Dövlətləri Təşkilatının baş katibi Kumanıçbek Ömüralıyev türk dövlətləri arasında əlaqələrin əhəmiyyətindən, bu kontekstdə mədəniyyət amilinin zəruriliyini vurğuladı. O, türk dövlət başçılarının son illər çox vacib qərarlar qəbul etdiklərini bildirdi.

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu ata yurdunda olmağından məmnunluğunu dilə gətirdi. TÜRKSOY-un yaranması və fəaliyyəti haqqında məlumat verdi.

Sonra TÜRKSOY-un mükafatları təqdim olundu.

Daha sonra konsert proqramı təqdim edildi.

Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar TÜRKSOY-un baş katibi Sultan Raevə Bəxtiyar Vahabzadə mükafatını təqdim etdi.

Qeyd edək ki, 2022-ci il 31 mart tarixində Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY üzv ölkələrinin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə qədim muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu.

Xatırladaq ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olublar. Şuşa Türk dünyasından bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)