Sabah “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı konfrans keçiriləcək

Rate this item
(0 votes)

ÜMUMMİLLİ LİDERİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN KONFRANSIN TƏŞKİLATÇISI AYB ƏDƏBİYYAT FONDUDUR 

 

Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə 5-7 may tarixlərində Qubada “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı konfrans keçiriləcək. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans Qubadakı “Şahdağ Quba-Truskavets” sanatoriyasında gerçəkləşəcək.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konfransda AYB sədri Anar, AMEA prezidenti İsa Həbibbəyli, AYB-nin Birinci katibi Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı Heydər Əliyevin ədəbiyyata, bədii sözə və ədiblərə yüksək münasibəti haqqında çıxış edəcək, Ümummilli lider ilə bağlı xatirələrini, düşüncələrini bölüşəcəklər.

Milli Məclisin deputatı Jalə Əliyeva, Xalq yazıçısı Elmira Axundova, tanınmış kulturoloq Fuad Məmmədov, Xalq şairi Vahid Əziz, yazıçı, Milli Məclisin deputatı Aqil Abbas, Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid çıxışlarında Ulu öndərin ədəbiyyatımıza, ana dilimizə, yaradıcı insanlara böyük diqqət və qayğısından söz açacaqlar.  Konfransda yazıçı Hüseynbala Mirələmovun, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın, şair, Milli Məclisin mədəniyyət üzrə eksperti Əkbər Qoşalının, ədəbiyyatşünas, YAP İdarə Heyətinin üzvü Elnarə Akimovanın da çıxış və məruzələri dinləniləcək.

Yazıçılardan AYB katibi Elçin Hüseynbəyli, Orxan Fikrətoğlu, şair Qəşəm Nəcəfzadə, AYB sədrinin müşaviri Sayman Aruz, şairlərdən İbrahim İlyaslı, AYB Quba bölməsinin rəhbəri Ramiz Qusarçaylı, gənc yazar İntiqam Yaşar da nəzərdə tutulan çıxışçılar sırasındadır.

Çıxışlar, məruzələr “Heydər Əliyev obrazının Azərbaycan ədəbiyyatında yaradan ilk irihəcmli əsər: “Unudulmaz görüşlər”im barədə”, “Heydər Əliyev dühası və Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyev və Ana dilimiz”, “Heydər Əliyev  və yeni mədəniyyət konsepsiyası”, “Ulu öndərin sənət adamlarına diqqət və qayğısı”, “Sözün qədirbiləni”,  “Heydər Əliyev və türk dünyası”, “Heydər Əliyevin ədəbi gəncliyə qayğısı” və digər mövzuları əhatə edəcək.

İki günlük konfrans çərçivəsində AYB-nin Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə hazırladığı “Əbədi ömrün yüz ili” kitabının təqdimatı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2023)