Mədəni əlaqələr iki dövlət arasındakı qardaşlığı daha da möhkəmləndirir

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovun “Azərbaycanla Türkiyənin mədəni əlaqələri iki dövlət arasındakı qardaşlığı daha da möhkəmləndirir” sərlövhəli yazısını təqdim edir.

 

Azərbaycan-Türkiyə mədəni əlaqələri qədim tarixi köklərə malikdir. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” ifadəsi də iki dövlət arasında olan dərin dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığından, çox güclü olmasından xəbər verir. Uzun illərdir ki, iki qardaş dövlət çiyin-çiyinə dayanaraq dövrün çətinliklərinə sinə gərərək, ağır sınaqlardan alnıaçıq çıxıb. İldən-ilə mədəni əlaqələrin, münasibətlərin daha da inkişaf etdiyi Azərbaycan-Türkiyə qardaşlığı iki dövlət arasında tarixi və etnik köklərin birliyindən xəbər verir. Tarixi də, etnik kökləri də bir olan iki ölkənin, ümumiyyətlə, türk xalqlarının eyni kökdən olmaları, eyni mədəniyyəti bölüşdükləri hər kəsə gün işığı kimi aydındır. “Dədə Qorqud”, “Manas”, “Koroğlu” və başqa türk dastanlarından aydın görünür ki, özbək də, qazax da, qırğız da, tatar da, başqırd da...bir ağacın dünyaya uzanmış budaqlarıdır.

 

Ulu Öndər Heydər Əliyev 1995-ci ildə Bişkekdə söylədiyi nitqində vurğulamışdır ki, “Manas”ı min il bundan əvvəl qırğızlar yaratmışdı. Qırğız və başqa türk xalqlarını bir-birinə qırılmaz tellər bağlayır. “Dədə Qorqud” da, “Manas” da ümumi köklərimizdən, tarixi keçmişimizdən, mədəni əlaqələrdən xəbər verir.

“Manas”ın dili bizim hamımızın dilidir. Biz bir kökdən, bir dildən olan xalqlarıq” deyən Ulu Öndərimiz bütün türk xalqlarının mədəniyyətinin ortaq olduğunu dilə gətirirdi. O, eyni zamanda Türkiyədə layiq görüldüyü “Dədə Qorqud” diplomunun təqdimetmə mərasimində çıxışı zamanı demişdir: “Dədə Qorqud bizim hamımızın babamızdır, atamızdır. Dədə Qorqud adı hamı üçün əzizdir. Mənim fəaliyyətimə göstərilən bu qayğı, diqqət Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsinə bundan sonra da xidmət edəcəkdir və bu sahədə bizim müştərək işlərimiz üçün çox böyük əhəmiyyətə malikdir”. 

Ulu Öndər hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də iki qardaş dövlət arasında əlaqələrin daha da güclənməsi, inkişaf etdirilməsi üçün əvəzolunmaz işlər görmüşdür. Bu gün inamla demək olar ki, çoxsaylı azərbaycanlı tələbə kontingentinin Türkiyə Respublikasının müxtəlif təhsil ocaqlarında oxumaları, iki ölkənin media qurumları arasındakı əlaqələri, istedadlı yazıçı və şairlərin kitablarının Türkiyədə çap olunması, Türkiyədə Azərbaycan mədəniyyət günlərinin, eləcə də Azərbaycanda Türkiyə mədəniyyət günlərinin keçirilməsi Ulu Öndərimizin təşəbbüsü və xeyir-duası ilə həyata keçirilmiş və bu gün də bu ənənə davam etməkdədir.

İki ölkə arasında mədəniyyət sahəsindəki əməkdaşlıq bu gün özünün ən yüksək mərhələsindədir. Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişaf tendensiyası qürurvericidir Bu gün ölkəmizdə yetmiş il ərzində qadağan edilmiş Azərbaycan-Türkiyə və mədəniyyətinin milli-tarixi zəmində tədqiqi yeni səhifələrin açılmasına səbəb olmuşdur. Bu, sevindiricidir. Əvvəllər belə deyildi. Azərbaycan-Türkiyə mədəni əlaqələrinin qarşısına sədd çəkilmişdi. Ötən əsrin 90-cı ilin başlanğıcında SSRİ- nin dağılması nəticəsində türk dünyasında bir canlanma, bir yaxınlaşma başlandı. O vaxta qədər türk dünyasını beynəlxalq aləmdə təkcə Türkiyə Respublikası təmsil edirdi. İndi isə türk dövlətləri arasında bütün sahələrdə çoxcəhətli əlaqələr qurulub. Azərbaycan-Türkiyə qardaşlığı isə bütün dünyada danışılır, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin tarixi və perspektivləri ilə bağlı söhbətlər aparılır. Xalqımızın ümummilli lideri Heydər Əliyev bəyan edib ki, bir millət, iki dövlətik sözləri hər bir azərbaycanlının qulağında səslənməlidir. Bu ifadə bizim gələcəyimizin proqramıdır. Heydər Əliyev həm də deyibr ki: “Mən həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır”. Bəli, Azərbaycan xalqı ilə, Türkiyə xalqı bir kökdəndir. Bir kökdən olan xalqların mədəniyyəti də eynidir, bir-birinə sıx bağlıdır və bu bağlılığı qırmaq mümkün olmayan işdir. Türkiyədə Azərbaycan musiqisinə, Azərbaycanda türk musiqisinə olan sonsuz maraq yaxşı məlumdur. Görkəmli türk müğənnilərinin öz repertuarlarına Azərbaycan mahnılarını, eləcə də Azərbaycan müğənnilərinin öz repertuarlarına türk mahnılarını daxil etməsi təbiidir. Gəncə Dram Teatrında Suad Dərvişin “Fosforlu Cevriyyə” pyesinin, Opera və Balet Teatrında Adnan Sayqunun “Kərəm” operasının tamaşaya qoyulması və s. iki qardaş dövlət arasında mədəniyyət sahəsində görülən işlərin möhtəşəmliyindən xəbər vermirmi? 1991-ci il martın 18 -25-də Azərbaycanda növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Türkiyə kollektivinin də uğurla çıxış etməsi, İstanbulda məşhur “Pera palas” otelinin bədii kollektivinin Bakıda konsertlər verməsi, məşhur türk müğənnisi Barış Mançonun Bakıda konsert proqramı ilə çıxış etməsi Azərbaycan-Türkiyə mədəni əlaqələrinin bariz nümunəsidir. 

Türkiyə ilə dostluq və mədəni əlaqələrin inkişafında turist səfərləri, eləcə də idman əlaqələri də mühüm rol oynayır. 1990-cı ildə respublikanın “Neftçi” komandası Türkiyənin ən güclü klubu, dəfələrlə dünya çempionu “Qalatasaray” ilə görüşlər keçirib. Müxtəlif illərdə Türkiyədə Azərbaycan Kitab Sərgisi təşkil edilib. Mədəniyyət Nazirliyinin təqdim etdiyi kitablar Azərbaycanın bədii, texniki, elmi, tarixi, habelə incəsənət sahəsində nailiyyətləri ilə yaxından tanış olan kitabsevərlərin marağına səbəb olmuş, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafına təkan verib. 

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində türk dili kafedrasının yaradılması, Bakıda “Türkologiya” jurnalının nəşri, bir sıra kolleclərdə türk dilinin tədrisi, Türkiyə Azərbaycan türkcəsinin öyrənilməsi qarşılıqlı mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradıb. Bu gün Azərbaycan - Türkiyə arasında mədəni əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bu mədəni əlaqələr iki dövlət arasındakı qardaşlığı daha da möhkəmləndirir. Azərbaycan yazıçıları, mədəniyyət və incəsənət ustaları tez-tez qardaş ölkəyə səfər edirlər. Azərbaycan Yazıçılar Birliyi ilə Türkiyə arasında uzun illərdir ki, mədəni əməkdaşlıq haqqında müqavilə bağlanıb. Eyni zamanda, Azərbaycan və Türkiyə mədəniyyət nazirliyi arasında da mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Bu gün Azərbaycanın Türkiyə ilə mədəni əlaqələrinin genişlənməsinə və möhkəmlənməsinə əlverişli imkan yaranıb. Hələ 1988-ci ildə Bakı ilə qardaşlaşmış İzmir şəhərində Bakı günləri keçirilib. Azərbaycan İncəsənət xadimləri türk tamaşaçılarına qardaşlaşmış şəhərlər xətti ilə konsertlər veriblər... 

1989-cu ildə Gəncə və Naxçıvan Türkiyənin Bursa şəhəri ilə dostluq və mədəni əlaqələri inkişaf etdirmək haqqında proqram imzalayıblar. Bu kimi misalların sayını artırmaq da olardı. Amma buna ehtiyac yoxdur. Bütün dünya da baxıb görür ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də güclü və sarsılmaz əlaqələr mövcuddur. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Türkiyə əlaqələri daha da inkişaf edib, hər iki respublika üçün xeyli səmərəli olub. Bu əlaqələrin perspektivdə daha intensiv və müştərək inkişaf etdirilməsi, şübhəsiz Azərbaycan-Türkiyə mədəniyyətinə, eləcə də bütün sahələrə daha böyük uğurlar gətirəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)