ÜTT: 2023-cü ildə qlobal ticarətin həcmi cəmi 1,7 faiz artacaq

Rate this item
(0 votes)

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) iqtisadçıları aprelin 5-də açıqlanan yeni proqnozda bildiriblər ki, 2023-cü ildə qlobal ticarət artımının keçən payızdan bəri ÜDM proqnozlarına nisbətdə bir qədər yüksəlməsinə baxmayaraq, hələ də aşağı səviyyədə olacağı gözlənilir. Ukraynadakı böhranın təsiri, yüksək inflyasiya, sərt pul siyasəti və maliyyə bazarındakı qeyri-müəyyənlik nəticəsində dünya mal ticarətinin həcminin 2022-ci ildəki 2,7 faiz artımdan sonra bu il cəmi 1,7 faiz artacağı gözlənilir. Cari ilin dördüncü rübündə isə bu göstəricidə kəskin azalma olacaq. 

 

AzərTAC təşkilatın saytına istinadla xəbər verir ki, ÜTT-nin yeni “Qlobal ticarət proqnozu və statistikası” adlı hesabatında açıqlanan ticarət proqnozları 2023-cü il üçün bazar məzənnəsi ilə real qlobal ÜDM artımını 2,4 faiz səviyyəsində müəyyən edib. Həm ticarət, həm də istehsal artımı üzrə proqnozlar son 12 il ərzində olan orta göstəricilərdən aşağıdır və müvafiq olaraq 2,6 və 2,7 faiz təşkil edir.

ÜTT-nin baş direktoru Nqozi Okonjo-İveala deyib: “Ticarət qlobal iqtisadiyyatda dayanıqlılıq üçün lokomotiv rolunu oynamaqda davam edir, lakin o, 2023-cü ildə də xarici amillərin təzyiqi altında qalacaq. Bu, hökumətlər üçün ticarətin önündən əngəlləri qaldırmaq üçün mühüm bir siqnalıdır. ÜTT üzvlərinin keçən ilin iyunda XII Nazirlər Konfransında qeyd etdiyi kimi, ticarət sahəsində çoxtərəfli əməkdaşlığa sərmayə qoymaq uzun müddət ərzində iqtisadi artımı və insanların həyat səviyyəsini təmin edə bilər”. 

2022-ci ildə dünya ticarət həcmində qeydə alınan 2,7 faizlik artım ÜTT-nin oktyabr ayı üzrə 3,5 faiz proqnozundan daha zəif olub, çünki dördüncü rübdə gözləniləndən daha kəskin azalma il üçün artımı aşağı salıb. Qlobal əmtəə qiymətlərinin yüksəlməsi, inflyasiyaya cavab olaraq pul siyasətinin sərtləşdirilməsi, Çində istehsala və ticarətə zərbə vuran COVID-19 pandemiyasının geniş vüsət alması da daxil olmaqla, bu tənəzzüldə bir neçə amilin təsiri olub. 

Hesabatda bildirilir: “Qeyd edək ki, keçən il ticarət artımı ÜTT-nin 2022-ci ilin martında Ukraynadakı müharibə ilə bağlı ilkin hesabatında 2,4 faizdən 3,0 faizədək olan baza ssenarisinə uyğun olub və bu rəqəm ticarətin cəmi 0,5 faiz artacağı ilə bağlı daha pessimist ssenaridən xeyli yüksəkdir. Lakin ölkələrin rəqabət aparan iqtisadi bloklara parçalanmağa başlaması qlobal artımın önündə ən ciddi maneələrdən biridir”.

ÜTT-nin keçən ay açıqladığı növbəti araşdırma həssas iqtisadiyyatların alternativ məhsullar və tədarükçülər tapmaqla müharibə nəticəsində kəsilmiş əsas ərzaq ehtiyatlarını necə kompensasiya edə bildiyini sənədləşdirib. 2023-cü ildə ticarət artımı üçün 1.7 faiz proqnozu isə ötən ilin oktyabr ayından əvvəlki 1 faiz proqnozundan çoxdur. Burada əsas amil Çində COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılmasıdır ki, bu da ölkədə azalmış istehlak tələbini ortaya çıxaracaq və beynəlxalq ticarəti artıracaqdır. 

ÜTT-nin baş iqtisadçısı Ralf Ossa deyib: “COVID-19-un davam edən təsiri və artan geosiyasi gərginlik 2022-ci ildə ticarətə və hasilata təsir edən əsas amillər olub və bu, çox güman ki, 2023-cü ildə də davam edəcək. Qabaqcıl iqtisadiyyatlarda faiz dərəcələrinin artırılması bank sistemlərinə nəzarət edilmədiyi təqdirdə daha geniş maliyyə qeyri-sabitliyinə səbəb ola biləcək zəiflikləri də üzə çıxarıb. Hökumətlər və tənzimləyicilər qarşıdakı aylarda bu və digər maliyyə risklərinə qarşı ehtiyatlı davranmalıdır”. 

Hesabatda qeyd olunub ki, 2024-cü ilə qədər ticarət artımı yenidən 3,2 faizə yüksəlməlidir, çünki ÜDM 2,6 faizə çatacaq, Lakin geosiyasi gərginliklər, ərzaq tədarükü ilə bağlı şoklar da daxil olmaqla əhəmiyyətli aşağı risklərin mövcudluğu səbəbindən bu proqnoz da qeyri-müəyyəndir. Monetar sərtləşdirmənin gözlənilməz nəticələri də qlobal vəziyyətə ciddi təsir edə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)