Ümumdünya Tələbə Günü və Nitşe

 

Bu günə təsadüf edən əlamətdar hadisələri təqdim edirik:

 

15 oktyabr. Sinə xərçəngi ilə ümumdünya mübarizə günü

 

44 ölkədə rəsmən qeyd edilən bu gündə sözügedən xəstəlik barədə maarifləndirici söhbətlər aparılır, cəmiyyətin diqqəti sinə xərçəngi ilə bağlı erkən diaqnostikaya yönəldilir ki, yalnız bu halda xəstəliklə mübarizə aparmaq mümkün olur. Süd vəzi xərçəngi qadınlar arasında ən geniş yayılmış xərçəng növüdür, yaşı 40-a yaxınlaşan qadınlar risk qrupunu təşkil edirlər. O da var ki, bu gün dünya əhalisinin 90 faizi xərçəng, diabet və ürək xəstəlikləri kimi qeyri-infeksion xəstəliklərdən vəfat edirlər.

 

Allah bütün xəstələrə şəfa versin.

 

15 oktyabr. Ümumdünya əlyuma günü

 

Çox qəribə bir gündür. Əlyumaya nə ayrıca gün? Bu ki gündəlik məişətin ən elementar normasıdır? Amma əmma var, söhbət valideynlərin uşaqlarda əlyuma vərdişini oyatmasından gedir. Bu günü də BMT-nin YUNİSEF adlanan uşaq fondu təsis edib. Ekspertlərin fikrincə, çirkli əllər Asiya və Afrikada yüksək uşaq ölümü faizinin əsas şərtləridir. Çirkli əllərlə orqanizmə vəba, virus pnevmaniyası, hepatit, qrip və ağır respirativ xəstəliklər keçir.

 

Və əlavəsi. Mütəxəssislər bildirir ki, ümumən, planet əhalisinin özünü idarə edən zümrəsinin cəmi 67 faizi əlini yuyur, əl yumayan 33 faiz ya bunun üçün normal şəraitə malik olmur, ya da əlyumanın məğzini, anlamını bilmir. Bəli, təsəvvür edin ki, belələri də var.

 

15 oktyabr. Ümumdünya tələbə günü

 

Əziz tələbələr, bu gün sizin gününüzdür, təbriklərimizi qəbul edin. İlkin olaraq bu bayram Hindistanda, çox uzun adı və soyadı olan ( 9 sözdən birincisi Avul, sonuncusu Maraykayyar) şəxsin – hind alimi və dövlət xadiminin, 2002-2007-ci illərdə ölkə prezidenti olmuş ziyalının doğum gününün şərəfinə qeyd edilirmiş. 2010-cu ildə BMT qərara gəldi ki, qoy bu günü tək Hindistanda deyil, bütün dünyada qeyd etsinlər. Uzunadlı-soyadlı şəxsin dünya təhsilinin inkişafında, demək ki, xidmətləri böyük imiş. Yeri gəlmişkən, təqvimdə Beynəlxalq tələbə günü də var ki, həmin tarix 17 noyabrdır.

 

Qoy tələbələr bu günü bayram etsinlər, adi günlərdə bir dönər, burger, yaxud hot-doqla dolanırdılarsa bu gün ən azı bu fəst-fud sayını ikiyə qaldırsınlar. Tələbəlik həyatını artıq keçmiş bizlər isə məşhur mahnını zümzümə edək:

 

Sızlar yada düşəndə ürəyimin telləri \ O mehriban, o əziz tələbəlik illəri.

 

15 oktyabr. Beynəlxalq kənd qadını günü.

 

Kəndlərimizdəki qadınlar şəhər qadınlarına nisbətən daha zəhmətkeşdirlər. Niyə? Çünki şəhərdəkilərin yalnız ev qayğıları olduğu halda onların əlavə çöl qayğıları da var. Mal-qaraya, toyuq-cücəyə qulluq, bağ-bostan işləri onların bütün saatlarını əllərindən alır. Üstəlik ev işləri, uşaq tərbiyəsi... Odur ki, bu zəhmətkeş insanları təbrik etmək borcumuzdur. Kənd qadını şəhər qadınına xas ütülü-sığallı həyatdan məhrumdur. Gözəllik salonları, kosmetoloqlar, masajlar, epilyasiyalı, boteksli prosedurlar onlara yaddır, inək sağ, toyuğa dən ver, təzək təmizlə - bu da onların məşğuliyyətləridir. Amma aqillər deyir ki, şəhər həyatının, sivilizasiyanın ahəngindən uzaq qalan bu insanlar həm də saf, qeyri-riyakar qalırlar, təsəvvür edirsinizmi?

 

15 oktyabr. Pələng günü

 

Heyvanlar arasında gücün simvolu. Pələng zəhmli və qorxunc olmaqla yanaşı, onda həm də bir ağayanalıq hiss olunur, deyilmi?

 

Bütün dünyada təbiətdə təxminən 4000-ə qədər pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar, yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır. 100 il əvvələ qədər Hindistanda, Çində, Türkiyədə, demək olar ki, bütün Asiya qitəsində yaşayan pələnglərə (onlara hədər yerə Asiya pələngi deyilmir)  hazırda keçmiş ərazilərinin 93%-də ümumiyyətlə rast gəlinmir. Böyük pişiklər arasında yalnız pələng yaxşı üzgüçü sayılır. Pələnglər tez-tez su hövzələrində, göllərdə və çaylarda yuyunurlar. Adətən maral, çöldonuzu kimi iri heyvanlarla qidalanan bu canlılar bəzən daha kiçik heyvanları da ovlayırlar.

 

Pələnglərin ən qorxulu düşməni insandır. Pələnglər 8 növə bölünür ki, onlardan 3 növü artıq nəsli kəsilmiş hesab olunur. Baxın, onların sümükləri və əksər əzaları ənənəvi Çin təbabətində istifadə olunur, pələng orqanları ağrıkəsicidən afrodizyaklara qədər dəyişən tibb sahəsi üçün istifadə edilir. Qaçaq şəklində ovlanma və vəhşi təbiət mühitinin yox olması pələnglərin saylarını kəskin surətdə azaltmaqdadır. XX əsrin əvvəlində dünyada 10000-dən çox pələng varkən, 2016-cı ildə bu rəqəm 3890 olmuşdur. Pələng günü elan edildikdən və onların müdafiəsi zəruri tədbirlər sırasına keçəndən sonra son illər az da olsa pələng sayında artım qeydə alınmaqdadır.

 

Amma pələnglər barədə oxuyanda indiyə qədər əsla eşitmədiyim, ağlıma belə sığışdırmadığım bir gerçəklikdən də agah oldum. Pələng nə qədər gözəl, qüvvətli və cəld olsa da, sən demə, bir o qədər ehtiyatlı və qorxaq imiş. Öz şikarının üstünə 6–7 metr məsafədən və 3 metr  hündürlükdən də atıla bilən pələng güclü pəncəsi ilə böyük maralı və sığını da öldürə bilir. Amma ov müqavimət göstərəndə pələng çəkinərək əksər halda onu buraxıb çıxıb gedir. Hətta belə.

 

15 oktyabr. Dahi Nitşenin doğulduğu gün

 

Lap körpə ikən ölən və doğulmamış ölən körpələrin xatirə günü. Ağrılı mövzudur. Üzərində çox da dayanmayaq. Ada-Lavleys günü. Bu bir qadındır, Britaniya riyaziyyatçısıdır, ilk proqramçılardan biridir. 1815-ci ildə dünyaya gəlib. Adına belə bir günün təsis edilməsi onun hesablama maşınları və proqramlaşdırma sahələrində gördüyü titanik əməyə görədir. Çilidə baba-nənə günüdür, Braziliyada müəllim, Tunisdə evakuasiya, Şri-Lankada yaşıllaşdırma, Kambocada Kral-ata, Burkina-Fasoda 1987-ci il çevrilişinin ildönümü.  O ki qaldı Amerikaya, bu gün amerikalıları mətbəxə, ordan da süfrə arxasına Milli göbələk günü aparacaq. Qonşudan qalma dala deməyiblərmi? Kanadalılar da bu gün Milli şaurma gününü qeyd edəcəklər. Gürcülərin də bu gün əhəmiyyətli bir bayramı var. Rtveli günü. Bu, qədim üzümyığma bayramıdır ki, 8 min illik bir ənənəni bayram etməyə hesablanıb.

 

Və bir də, bu gün Fridrix Nitşenin – dahi alman filosofunun doğulduğu gündür. 1900-cü ildə dünyaya gözünü açan bu şəxs “Həqiqətin ən qatı düşmənləri yalanlar yox, inamlardır” söyləmişdir.

 

İnamsızlıq, dünya üzərində heç vaxt olmamış, görünməmiş bir inamsızlıq, hər şeyə və hər kəsə qarşı şübhə! Həqiqətə çatmağın yeganə yolu budur. Gərək sağ göz sol gözə etibar eləməsin və bir müddət işıq qatı qaranlığa qərq olsun. Bu sizin getməli olduğunuz yeganə yoldur... Siz həmin yolun üstündə xırdaca, bərkimiş buğda dənləri görəcəksiniz. - bunlar həqiqətlərdir: on illər boyu acından ölməmək üçün ovuc-ovuc yalanla qidalanmalı olacaqsınız və bunların heç birinin yalan olduğunu bilməyəcəksiniz.” Bunlar da Nitşenin sözləridir. Əlbəttə, sosializm quruluşunda bizlərə bu kəlam yanlış və mənasız görünürdü, amma kapitalizm quruluşunu gördükdə anladıq ki, dahi alman sərraf dəqiqliyi ilə düzüb sözlərini.

 

Varisin “11-20 oktyabrın təqvimi” yazısından