“Zəfər”in zəfəri - “Nə? Harada? Nə zaman?” intellektual oyununu onlar qazandı

Rate this item
(0 votes)

Bu oyun bizə SSRİ-dən miras qalıb. Hələ də sevilir və oynanır. Bu dəfə isə onu Xəzər rayonunda oynadılar. Xəzər Rayon İcra Hakimiyyəti, rayonun Gənclər və İdman İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bu oyunu 

rayon ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri oynadılar. Söhbət  “Nə? Harada? Nə zaman?” intellektual oyunundan gedir. 

 

Xəzər rayon Gənclər və İdman İdarəsinin məlumatına görə, Xəzər Gənclər Evində təşkil edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarını qurban verən şəhidlərin xatirəsi yad edildi. 

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və başqaları çıxış edərək tədbir iştirakçılarına uğurlar arzu etdilər.

İdarənin aparıcı-məsləhətçisi Elçin Bəşirov qeyd etdi ki, intellektual oyunun keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası, şagirdlərin intellektual, həmçinin dünyagörüşü səviyyələri üzrə bilik və bacarıqlarını artırmaqdan ibarətdir.

Gərgin mübarizə şəraitində keçən oyunun yekun nəticələrinə əsasən birinci yerə 237 nömrəli tam orta məktəbin “Zəfər” komandası, ikinci yer üzrə 156 nömrəli tam orta məktəbin “Evrika” və üçüncü yerə isə 120 nömrəli tam orta məktəbin “Uğur” komandası layiq görüldülər.

Qalib gələn komandalara Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edildi.

Bizsə öz növbəmizdə onu deyək ki, SSRİ-dən miras qalan hər şeydən imtina etmək olmaz. İçində faydalı olanlar da var. Elə lap bu oyun kimi.

 

Şəkildə: qaliblər

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)