Xaricdə keçirilən Novruz şənliklərinin reytinqi - 1-ci yer. Fransa Featured

Rate this item
(0 votes)

Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.

 

1-ci yer. Fransa

 

Mədəniyyət Nazirliyinin və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini və mənəvi dəyərimizi özündə ehtiva edən Novruz bayramı Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində qeyd olundu. 

Bayram şənliyində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Novruz bayramının fəlsəfəsi haqqında və bu bayramla bağlı adət-ənənələrimizdən danışdı. Mart ayında Azərbaycanın ən qədim, ən sevimli bayramlarından biri olan Novruzun təntənə ilə qeyd edildiyini deyərək, onun xalqımızın ənənəvi dəyərlərini özündə ehtiva etdiyini vurğuladı.

Qeyd etdi ki, ölkədə Novruz bayramı həmişə yer üzünün, təbiətin dirçəlməsinin, mənəvi saflığın, bərabərliyin təntənəsi olub. Bu gün qədim günəş təqviminə görə yazın və yeni ilin başlanğıcı bayram edilir. Novruzun 3 min ildən artıqdır planetimizin müxtəlif məkanlarında qeyd olunduğunu söyləyən səfir bu bayramın nəsillər, insanlar arasında sülhü, barışığı və həmrəyliyi nümayiş etdirdiyini diqqətə çatdırdı.

Leyla Abdullayeva bildirdi ki, Novruz bayramı bəşəriyyətin mədəni müxtəlifliyini əks etdirir, müxtəlif ölkələrin xalqları və icmaları arasında dostluğa töhfə verir.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayramın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi isə aurıca vurğulandı.

Novruz fəlsəfəsinin əsasında birlik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğunu nəzərə alaraq, müxtəlif ölkələrin Fransada akkreditə olunmuş səfirləri, diplomatları, Parisdəki beynəlxalq təşkilatların, Fransa XİN-nin, eləcə də yerli mədəniyyət nümayəndələri, bu ölkədəki Azərbaycan icmasının üzvləri bayram tədbirində iştirak edirdilər.

Azərbaycanın Novruz adət-ənənəsi əks etdirən xonçalar tədbirə xoş əhvali-ruhiyyə qatdı. Musiqimiz səsləndi, təamlarımız dadıldı. 

Hamı sevincliydi, Novruz ayinləri əcnəbiləri əsilcə əyləndirə bildi. Bir xalqın bayramı onun zəngin mədəniyyətinin ən əsas göstəricisi deyilmi? 

Əsl reytinq liderliyinə yaraşan şənlik idi.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)