Xaricdə keçirilən Novruz şənliklərinin reytinqi - 2-ci yer. ABŞ

Rate this item
(0 votes)

Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.

 

2-ci yer. ABŞ

 

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan və Tacikistanın ABŞ-dakı səfirlikləri və ABŞ-ın “Amerika Xarici Xidmətinin Dünya üzrə Tərəfdaşları” adlı qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə ABŞ Dövlət Departamentində Novruz bayramına həsr edilmiş tədbir təşkil olunmuşdu ki bu tədbir də reytinqimizin ikinci pilləsində qərarlaşdı. 

Bu tədbir ABŞ-ın Amerika Universitetinin hüquq elmləri üzrə elmi işçisi, doktorant Şəlalə Vəliyevanın moderatorluğu ilə keçirilitdi. 

ABŞ Dövlət Katibinin müavini Vendi Şerman çıxışı zamanı ABŞ Prezidenti Co Bayden və Amerika xalqının adından dünyada Novruz bayramını qeyd edən xalqları təbrik etdi. Baharı qeyd etmək üçün gözəl fürsət olan Novruzun yeni imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini söylədi. O, yeni fəslin gəlişi ilə dünyadakı bütün çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə etdi. 

ABŞ Müdafiə Katibinin köməkçisinin müavini Rebekka Zimmerman Novruz bayramı ilə bağlı təbriklərini çatdıraraq, regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviq edilməsində region ölkələrinin töhfələrini yüksək qiymətləndirdi. O, Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinə təşəkkürünü bildirdi. R.Zimmerman indi hər zamankından daha çox ədalət və sülh üçün birliyə ehtiyac olduğunu vurğuladı.

Çıxışlardan sonra Qazaxıstanın məşhur “Turan” ansamblı tərəfindən təşkilatçı ölkələrin milli musiqi səsləndirildi. Bununla yanaşı, ABŞ-ın “İpək Yolu Rəqs Qrupu” tərəfindən hər ölkəyə məxsus milli rəqslər nümayiş etdirildi.

Tədbirdə ölkəmizin mədəniyyətinin əks olunduğu guşə nümayiş etdirildi və milli mətbəximizin nümunələri iştirakçılara təqdim olundu, hamı tərəfindən bəyənildi. Şəlalə Vəliyeva da moderatorluğu zamanı Azərbaycanın adını daha ucadan, daha şövqlə çəkirdi. 

Ümumilikdə Novruz tədbirində ABŞ dövlət rəsmiləri, ABŞ-da akkreditə olunmuş səfirliklərin diplomatları və icma nümayəndələri iştirak edirdilər.

Əsl reytinq ikinciliyinə yaraşan şənlik idi.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)