Xaricdə keçirilən Novruz şənliklərinin reytinqi - 5-ci yer. Niderland

Rate this item
(0 votes)

Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.

 

5-ci yer. Niderland

 

Niderland Krallığında fəaliyyət göstərən Benelüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Rotterdam şəhərində keçirilən Novruz bayramı şənliyi reytinqimizin 5-ci pilləsində qərarlaşdı. Bu bayram şənliyində əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımız uğrunda canlarını qurban vermiş qəhrəman Azərbaycan oğullarının, eləcə də qardaş Türkiyədə dağıdıcı zəlzələdən həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov türk dünyasının birliyini, türk xalqları arasında mədəni irs bağlılığını əks etdirən Novruz bayramının tarixindən, dəyərlərindən və adətlərindən danışdı. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini diqqətə çatdırdı.

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Səbinə Sadıqlı Novruzun birlik, həmrəylik kimi dəyərlərindən söz açaraq, bu ölkədə yaşayan soydaşlarımızın bayramını təbrik etdi. 

Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva, Hollanda Azərbaycan - Türk kültür mərkəzinin rəhbəri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresi nəzdində fəaliyyət göstərən Cənubi Azərbaycan üzrə təmsilçi Araz Ataxan da çıxış etdilər, Novruzun özünəməxsusluğundan söz açıb Azərbaycan xalqının əziz bayramını təbrik etdilər. 

Bayram şənliyi BAK-ın nəzdində fəaliyyət göstərən Rotterdam həftə sonu “Ana dili məktəbi”nin və “Körpə Fidanlar” musiqili teatr qrupunun təşkil etdiyi musiqili proqramla davam etdi. 

Əsl reytinqə düşən şənlik oldu.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)