Xaricdə keçirilən Novruz şənliklərinin reytinqi - 8-ci yer. Küveyt

Rate this item
(0 votes)

Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.

 

8-ci yer. Küveyt

 

Küveyt Diplomatik Qadınlar Komitəsinin təşəbbüsü, Küveyt Dövlətindəki diplomatik korpusun rəhbərliyinin təşkilatçılığı və bu ölkədə akkreditə olunmuş 10 diplomatik nümayəndəliyin iştirakı ilə Novruz Bayramı münasibətilə “Youm əl-Bahhar” parkında bahar festivalı keçirildi. 

Tədbirdə bəzi müsəlman ölkələrin tarixini, mədəni irsini, musiqisini, milli mətbəxini və turizm potensialını əks etdirən geniş sərgi təşkil olunmuçdu və təbii ki, sözügedən tədbirdə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyi də təmsil olunmuşdu. 

Səfirliyimiz Küveytdə fəaliyyət göstərən “Vətənsevər Dostluq Çəmiyyəti” ilə birgə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin tarixini, mədəniyyətini, Novruz bayramı adət-ənənələrini, mətbəxini, milli geyimlərini, xalçalarını və turizm potensialını əks etdirən sərgi təşkil etmişdi. 

Və festival çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar xüsusi guşə hazırlanmışdı. İştirakçılara Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumatlar verilirdi. 

Bununla yanaşı, Səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab, Şuşa şəhəri ilə bağlı “İrs” jurnalının xüsusi buraxılışı, Şuşa şəhərində təşkil olunmuş “Xarı Bülbül Festivalı”na həsr olunmuş tədbirlərə aid digər təbliğat materialları iştirakçılara təqdim olundu. Eyni zamanda, festivalda ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, gəzməli və görməli yerlərini, tarixi məkanlarını və milli-mənəvi dəyərlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olundu. Səfirliyimiz üzərində Yuxarı Gövhər Ağa məscidinin şəkli əks olunmuş kiçik xalçaları təşkilatçılara hədiyyə olaraq təqdim etdi. 

Tədbirdə xalqımıza məxsus milli kişi və qadın geyimlərində olan icma üzvlərimiz ziyarətçilər tərəfindən böyük maraqla qarşılandılar. Eyni zamanda, sərgiyə gələnlərə Azərbaycan mətbəxinə aid yeməklər, Novruz şirniyyatları - şəkərbura, paxlava, qoğal təqdim olundu. 

Tədbir çərçivəsində səfir Emil Kərimov yerli kütləvi informasiya vasitələrinə Novruz adət-ənənələri, milli geyimlərimiz, mətbəximiz və ölkəmizin turizm potensialı barədə müsahiblər də verdi.

Əsl reytinqə düşən bir tədbir baş tutdu.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)