Xaricdə keçirilən Novruz şənliklərinin reytinqi - 9-cu yer. Gürcüstan

Rate this item
(0 votes)

Müstəqil Azərbaycan sayca 31-ci Novruz bayramını qeyd etdi. 10 günlük tətil də lap yerinə düşdü, daha şövqlə bayram keçirdik, yaxşıca istirahət etdik. Bu arada tək Azərbaycanda deyil, dünyanın dörd bir guşəsində soydaşlarımız Novruz bayramını qeyd etdilər. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları xarici ölkələrdə keçirilən Novruz şənlikləri barədə Mədəniyyət Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, xarici ölkələrdəki səfirliklərimizin, habelə sosial şəbəkə istifadəçilərinin məlumatlarını izləyərək ən maraqlı və kütləvi 10 şənliyin reytinqini hazırlayıb. Reytinqi təqdim edirik.

 

9-cu yer. Gürcüstan

 

Gürcüstanın həmyerlilərimiz məskunlaşan bir neçə bölgəsində təntənəli Novuz şənlikləri düzənlənmişdi, onların arasında, şübhəsiz, Kvemo Kartli bölgəsinin Marneuli rayonunda keçirilən Novruz bayramı xüsusilə fərqləndi. 

Bayram şənliyində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin iştirakı şənliyi bir ayrı rövnəqləndirdi. 

Şənlikdə habelə Gürcüstanın hökumət təmsilçiləri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri - Faiq Quliyev, Ali Kaan Orbay, ictimaiyyət nümayəndələri iştirak edirdilər. 

Baş nazir və digər rəsmi şəxslər əvvəlcə Marneulinin mərkəzində Novruz bayramı ilə əlaqədar təşkil olunmuş guşələri ziyarət etdilər. Daha sonra Novruz tonqalını alovlandırıldı. 

Baş nazir İrakli Qaribaşvilinin ölkənin azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik etnəsi, Novruzu qeyd edən insanlara cansağlığı, sülh və tərəqqi arzulaması və çıxışı əsla unudulmayacaq: “Bu gün hamınızı təbrik etmək istəyirəm. Əziz etnik azərbaycanlı həmvətənlərimizi, qardaşımız Azərbaycanı, Türkiyəni, bu bayramı qeyd edən hər kəsi təbrik edirəm. Vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq, daha çox bərəkət, xalqımıza daha çox sevinc, sabitlik arzulayıram. Azərbaycanlı həmvətənlərimizə, çox zəhmətkeş insanlara, çox ziyalı insanlara böyük hörmət və məhəbbətimi ifadə etmək istəyirəm və bir daha qeyd etmək istəyirəm ki, bu gün sülh, firavanlıq, sevinc, bütün insanlarla bağlı olması ilə simvolikdir. Ölkəmizin bu gün möhkəm birliyə ehtiyacı var və ən yaxşısı odur ki, biz buna nail olmuşuq. Bir daha hamınızı təbrik edirəm”.

Səfirlər də gözəl çıxışlar etdilər, Novruzu milli birlik bayramı adlandırdılar. Mətbəximizin ləziz təamları dadıldı, musiqimiz səsləndi, rəqslərimiz ifa edildi. 

Əsl reytinqə düşən bir tədbir baş tutdu.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)