Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Polşa universiteti arasında əməkdaşlıq müzakirə edilib

Rate this item
(0 votes)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya səfəri çərçivəsində bu ölkənin Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetini ziyarət edib, universitetin inkişaf üzrə prorektoru Yaroslav Gorniaki ilə görüşüb. 

 

Fondun məlumatına görə, görüşdə universitetin müxtəlif fakültələrinin nümayəndələri, eləcə də Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə genişmiqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlər ilə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindən bəhs olunub. Fondun Polşa ilə əməkdaşlıq çərçivəsində Yaqellon Universiteti ilə işbirliyi məsələləri müzakirə edilib, anlaşma memorandumunun imzalanması barədə razılığa gəlinib.

Sonra fondun prezidenti Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti qarşısında mühazirə ilə çıxış edib. Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətləri və beynəlxalq səviyyəli layihələri haqqında auditoriyaya məlumat verib. O, Türk dünyasının tarixinin, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması haqqında söhbət açıb. 

Eyni zamanda fondun prezidenti türk xalqlarının əsrlərdən bəri qoruyub yaşatdığı bayramlardan olan Novruzun tarixi, özündə ehtiva etdiyi dəyər və ideyalarından bəhs edib.

Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)