Gürcüstanda Azərbaycan, türk və gürcü xalqlarının mədəniyyətini təbliğ edəcək yeni təşkilat yaradılıb

Rate this item
(0 votes)

Gürcüstanda Azərbaycan, türk və gürcü xalqlarının mədəniyyətini, tarixini, incəsənətini, folklorunu təbliğ edəcək, yaddan çıxmaqda olan ədəbiyyat və mədəniyyət nümunələrini bərpa edərək yenidən həyata qaytaracaq “Sazın-Sözün Butası” adlı yeni təşkilat yaradılıb. 

 

“Ədəbiyyat və incəsənət”

AzərTAC-a istinadən xəbər verir ki, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində təşkilatın təqdimatı olub.

Təşkilatın təsisçisi və rəhbəri Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, “Aşıq Pəri” Məclisinin qurucularından biri olan şair Səadət Butadır.

Səadət Buta deyib: “Azərbaycan, gürcü və türk xalqlarının elə ədəbiyyat, mədəniyyət, incəsənət və folklor nümunələri var ki, onlar artıq unudulmaq üzrədir. Bəzi xalqların nümayəndələri isə fürsətdən istifadə edib bizim mədəniyyət, tarix, folklor və ədəbiyyat nümunələrimizi saxtalaşdıraraq öz adlarına çıxırlar. Təşkilatı yaratmaqda məqsəd həm xalqlarımızın mədəniyyətini, tarixini, incəsənətini, folklorunu təbliğ etmək, yaddan çıxmaqda olan ədəbiyyat və mədəniyyət nümunələrini bərpa edərək yenidən həyata qaytarmaq, həm də saxtakarların qarşısını almaqdır”. 

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacızadə, professor Mahmud Kamaloğlu, siyasi xadim Ruslan Hacıyev, gürcü politoloq Quram Marxuliya, “Salam” Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova, politoloq Badri Naşkebiya, Gürcüstan parlamentinin sabiq deputatı, folklorşünas Ramiz Bəkirov və başqaları çıxış edərək, təşkilatın yaranmasını yüksək qiymətləndiriblər. 

Bildirilib ki, bu təşkilat, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)