Həmin gün mədəniyyətsiz köçərilər hesab edilən türklərin qədim yazı mədəniyyətinə malik olduğu meydana çıxdı... Featured

Rate this item
(0 votes)

Türk dünyasının tanınmış oğlu, uzun illər Beynəlxalq Türk Akademiyasına başçılıq etmiş, hazırda Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri Darxan Kıdıralının fəaliyyəti “Ədəbiyyat və incəsənət” portalının oxucularına yaxşı tanışdır. Akademya barədə ilk mənbədən mütəmadi yazılar dərc etmişik. Türk xalqlarının birləşməsi amalına xidmət edən, onları daha da gücləndirən nəzəriyyələr bizə qol-qanad verib. Amma bu dəfə onu şəxsiyyət kimi tanımağımız gərəkiyir. Əməkdaşımız Aida Eyvazlının “Onun adı Darxan” adlı yazısının dərcinə başlayırıq. Bu gün sizə yazının ikinci hissəsini təqdim edirik

 

TWESCO prezidentliyi

Türk dünyasının birliyi yolunda yeni təməllər yeni fikir adamları ilə qoyulur. Azərbaycan da təməlində türkçülük ideyaları yaşadan bir dövlət kimi bu Birliyin qurulması üçün beynəlxalq müzakirələrə və iş birliyinə hər zaman meydan verib.  2009-cu ilin oktyabr ayının 3-də  Naxçıvanda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının  IX cammitində Nursultan Nazarbayev tərəfindən  Türk Akademiyasının yaradılması haqqında təşəbbüs irəli sürüldü.  2014-cü ildə Akademiyaya Beynəlxalq status verildi - TWESCO adlandırıldı.  Elə həmin il Darxan Kuandık oğlu Kıdıralı Akademiyanın prezidenti təyin edildi. 

Darxan Kıdıralı Türkiyədə ali təhsil aldığı, doktorluq dissertasiyası müdafiə etdiyi dönəmlərdə, Türküstanda Xoca Əhməd Yassəvi ocağında dərs dediyi dönəmlərdə  kilidi açılmayan bir çox bağlı qapılarımızın açarını axtarmaqdaydı. Beynəlxalq Türk Akademiyası- TWESCO-da  rəhbər kimi fəaliyyətə başlayanda isə, bu qapının açarını tapmaq üçün əvvəlcə qardaş madyarlar ölkəsinə- Macarıstana  rəsmi səfər etdi. Bundan bir az sonra isə babalarımızın, dədələrimizin moğol çöllərində yazıb qoyduğu daş kitabələrini yenidən oxutmaq üçün yola çıxdı.

 

Tanrı sizin bütün istəklərinizi yerinə yetirəcək

Beynəlxalq Türk Akademiyası- TWESCO-da  rəhbər kimi fəaliyyətə başlayandan bir az sonra babalarımızın, dədələrimizin moğol çöllərində yazıb qoyduğu daş kitabələrini yenidən oxutmaq üçün yola çıxdı. Professor Darxan Kıdıralı ilə söhbətlərimizdən birində  o müqəddəs səfərini belə xatırlamışdı:

-Görüşlərin ən gözəli, səfərlərin ən müqəddəsi idi. Beynəlxalq Türk Akademiyasının (BTA) elmi əməkdaşı Akedil Toyşanolu da mənimlə idi. Akedil  Monqolustan doğumlusu olduğundan, monqol dilində sərbəst danışır. Gəlib Ulan-Batordan 50 kilometr uzaqda, Bayan Çokto bölgəsində yerləşən Tonyukük babamızdan qalan daş  abidəyə çatdıq. Sürücüyə və Akedilə dedim ki, Tonyukük babamız üçün Quran oxuyacağam. Təəccüblə soruşdular ki, belə olurmu? Dedim ki, nədən olmasın ki, əlbəttə olur.  Tonyukük də bir övliya, bir peyğəmbər kimi adam. Allahın kəlamını onun üçün oxuyuram. Babamızdan qalan daş məktubu qucaqladıq.  İçimizə bir duru rahatlıq doldu. Dirsəklənib daşın yanında oturduq. Ətrafda uzanan boz çöllərə, yaşıl yamaclara, balbal daşlarına baxdıq. Nə qədər sirr yatırdı bu yurdlarda... Bir qədər zaman keçəndən sonra, yolumuza davam etmək üçün maşına mindik. 20 metr getmişdik ki, arabanın təkərləri partladı. Birdən xatırladım ki, axı mən Quran oxumağı unutmuşam. Tonyukük, Bilgə Xaqan, Kül Tekin, bizdən yüz illər əvvəl buraya ayaqları dəyən bütün babalarımızın, adları anılmayan, unudulan övliyalarımızın  ruhuna  ehtiram olaraq Quran oxudum.  Uzun-uzadı alqış etdim, dua etdim Tanrıya.

Daha sonra arabamızın təkərini dəyişib, yolumuza davam etdik. Ertəsi gün Kül Tekin və Bilgə Xaqan abidələri kompleksini ziyarət etməli idik. Gecədən yağan yağış hələ kəsmək bilmirdi. Akedil dedi ki, burada Öge Noour - (Ana Göl) deyilən  bir yer var. Oraları da mütləq ziyarət etməliyik. Səhər tezdən yola çıxdıq. Yağan yağış hər tərəfi palçıq etmişdi. Palçıq dolu yolla bir təhər arabaya mindik. Öge Nooura çatmaq üçün iki  görünən təpəni aşmalı idik.  Təpənin başına çatanda, arabamız yenə xarab oldu. Bu yolları çox yaxşı tanıyan sürücü də naəlac qalıb. Bir də baxdıq ki, bizdən qabaqda bir adam gedir. Elə bu vaxt yağmur da dayandı. Kişinin əlində şlyapası vardı, bizdən fərqli olaraq onun ayaqları palçığa da batmamışdı, əynindəki plaşında da bir damcı olsun yağış damcısı yox idi. Sürücüyə dedim ki, yolçunu yolda qoymayaq, arabamıza mindirək. Akedil onu arabaya dəvət etdi. Gəlib oturdu. Bir kilometr getmişdik ki, araba yenə pozuldu. Adam dedi ki, arabanın akkumlyatoruna baxın. Sürücü akkumlyatora baxıb, nasazlığı aradan götürdü. Gülə-gülə dedi ki, yağmur məni elə çaşdırıb ki, heç ağlıma da gəlməzdi ki, burada akkumlyatorumuz pozula bilər. Araba işə düşəndən sonra, naməlum adam dedi ki, mən burada enəcəm.  Akedildən  onun kim olduğunu soruşdum. Akedil dedi ki, Öge Noourun qoruyucusudur. Təəccüblə yenə dedim: bu gölü  bu boyda səhrada kimdən qoruyacaqmış ki?..

Akedil də təəccüblə: “Doğurdan da, bu  böyük çöllərdə bu gölü tək bir kişi necə və kimdən  qoruya bilər?” təkrarladı. Bir də ətrafa baxdıq ki, naməlum adam gözə görünmür. Naməlum adamı görməyəndə Akedil belə dedi:

-Heç bilmədim ki, bu kişi bizim gəlişimizin məqsədini haradan bilir. Ayrılanda dedi ki, siz gözəl niyyətlə gəlmisiniz. Sizin bütün istəkləriniz qəbul olacaq. Yanındakı o ağbəniz oğlan (məni deyirmiş) çox gözəl niyyətli bir adam. Burada bütün muradınız  hasil olacaq. Tanrının burada bir xəzinəsi var. Geniş bir ərazidə o görünən obalıqda böyük bir xəzinə tapacaqsınız. Monqolustandakı bütün istəkləriniz yerinə gələcək. Tanrı sizin bütün istəklərinizi yerinə yetirəcək”.

Bu xatirəsini danışandan sonra, Darxan onu da əlavə etmişdi: “Bəlkə də hardasa bir məclisdə, şəhərdə, kənddə kimsə bizə belə xəbər söyləsəydi, inanmazdıq. Ancaq böyük bir çöllükdə, ins-cinsin gözə dəymədiyi bir yerdə üç nəfər kişinin yanında peyda olan o naməlum adamın xəbəri  məni hər zaman düşündürdü... Çünki bu torpaqların, bu yurdun müqəddəs olduğuna qəlbimin dərinliyində güclü bir inam var idi. O yerlər bizi çoxdan gözləyirdi”.

 

Kutluq Xaqanın iqamətgahının tapılması çox böyük bir iş oldu

2016-cı ilin avqust ayında BTA  Monqolustan Milli Elmlər Akademiyası Arxeologiya və Tarix İnstitutu   “Tyan-Şandan-Ötükenə qədər: Böyük çöl xalqlarının tarixi-mədəni dəyərləri”- adlı beynəlxalq ekspedisiyanın tərkibində 50-dən artıq  arxeoloq, ictimai xadim, alim və jurnalistləri  də bu müqəddəs yerlərə ziyarətə və səyahətə gətirdi. O sehirli  günlərdə  bizimlə eyni ekspedisiyada yol yoldaşı olmuş, Napil Bazılxan  da bizimlə idi. Napil Bazılxan Monqolustandakı çöllərdə başsız qalan daş yazıları oxuyan tək-tək alimlərdəndir. Napil ağa  Darxan Kıdıralı şəxsiyyətini və  onun BTA-da  çalışdığı illər ərzində gördüyü işləri belə xatırlayır:

“2014-cü ildə Darxan Kıdıralının Monqolustan Elmlər Akademiyası ilə əməkdaşlıq etmək fikrindən xəbər tutdum. Mən özüm Monqolustanda doğulmuşam. Atam Bazılxan Buqat oğlu da  qədim türk yazılarını oxuyurdu, dilçi alim idi. Türk dünyasının   bizə qalan miraslarını araşdırmaq üçün ən doğru yol Monqolustan Elmlər Akademiyasından keçir.  TWESCO-da əməkdaşlığa başladığım gündən  Darxan Kıdıralının rəhbərliyi ilə  Monqolustan Elmlər Akademiyası, Arxeoloji İnstitutu, Milli Muzeyi  və digər elm mərkəzləri ilə  10-dan çox Bəyannamə  imzalandı.  Göy türklərin ikinci dəfə Xaqanlıq qurduğu Şvieet Ulaan, Koşotsaydam, Gunbürd, Qaya qudag, Nomgon  anıt külliyələrində araşdırmalar başlandı.

Qədim türk abidələrini sətir-sətir, daş-daş kitaba çevirən Napil Bazılxan 2022-ci ildə BTA-nın imza atdığı o möhtəşəm tapıntıdan -İltəriş Xaqanın külliyəsinin tapılmasından danışır:

-Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində ötən il 2022-ci ilin yazında Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar edildi.  Kutluq Xaqanın iqamətgahının tapılması çox böyük bir iş oldu. Hələ 2015-ci ildə professor Darxan Kıdıralı ilə Nomonqon düzündə gəzərkən hocamız deyirdi ki, biz burada axtardığımızı tapacağıq. 2019-cu ildə gəlib bir yerdə dayandı. Dedi ki, buradan başlarsınız. Bir neçə ay arxeoloji qazıntılarımızı davam etdirdik.  Avqust ayının əvvəlində bir yazılı daş tapdıq. Bu daş kitab Kutluq xaqan adına yazılmışdı. Monqolustanın Arxanqay bölgəsindən Darxan Kıdıralıya telefon açdıq. Yeni daş kitabə tapdığımızı bildirdik. Bərk-bərk tapşırdı ki, sirr kimi saxlayın, kimsəyə deməyin. Bilirsiniz də o yerlər necə gözəl və təbiəti, havası dəyişkəndir. Adətən avqust ayında buralara yağış yağmaz.  Lakin həmin gün ki, Darxan bəyi qarşılayacaqdıq, göydən yağışı elə bil ki, xəlbir ilə tökürdülər. BTA rəhbəri , professor Darxan Kıdıralı   maşını ekspedisiyanın yerləşdiyi çadırın yanında saxlatdı.  Gəlib bizim dayandığımız yerə yetişəndə soruşdum ki, niyə arabanı buraya sürdürmədiniz?  Dedi ki, Böyük Xaqanın hüzuruna ayaqla gəlmək lazım idi. Tapdığığımız daş kitabəyə çatanda dayandı. Onun ruh halını görmək lazım idi.  Bu kəşf etmək, tapmaq sevinci idi. İnsanın bu ruh halını yalnız həmin sevinci yaşayanlar bilər. Yağmur elə yağır ki... Darxan bəy dedi ki, mən qurban kəsməliyəm. Özü Kutluq Xaqanın adına bir qurban kəsdi. Yağış həmən dayandı. Ətrafdakı bütün  dolu buludlar çəkildi.  Ənginliklər sanki öz qollarını açıb bizi qucaqlamışdı. Uzaqlardakı Arxanqay dağları da sevinirdi.

Böyük alim Napil Bazılxan bu hadisəni danışdıqda Ziya Göyalpı xatırlayıram. Ziya Göyalp dədəmiz “Altın destan” –“Qızıl dasan” şerində yazır ki:

Uca dağlar çökmüş, belləri qalmış,

Coşqun irmakların seləri qalmış,

Xanlar yox meydanda, elləri qalmış,

Düşənlər çox , amma qalxan nerədə?

Gedəyim arayım: Xaqan nerədə?

 

Arxanqaya qanadlanıb getmişdim

 

Göy türk iqamətgahımızı, daş yaddaşımızı arayıb tapan  Darxan Kıdıralı  həmin günü belə xatırlayır:

-Mən Arxanqaya qanadlanıb getmişdim. Monqolustanda o qədər etibarlı, bizi sevən dostlarımız var ki... Bu arxeoloji sirrlərin açılmasında onlar  məhz TWESCO-ya üstünlük verdilər. BTA büdcəsində olan vəsaitlə biz əslində Qarabağdakı türk izlərini araşdırmaq fikrindəydik. Sonra qardaş Azərbaycandan dedilər ki, hələ mümkün deyil, azad edilmiş torpaqların əksər hissələri minalarla doludur. Ona göə də həmin vəsaiti Monqolustandakı xaqanlar kompleksinin araşdırmasına sərf etməyi qərara aldıq.  Və seçib ekspedisiyaya yığdığımız 40-a yaxın Monqolustandan olan əməkdaşlar, Türk Akademiyasının elmi işçilərinin araşdırmaları sayəsində hədəfimizə yetişdik. Türk yazı tarixini yeniləmişdik. Bildiyiniz kimi, ilk dəfə 1893-cü ildə Vilhelm Tomsen və Vasiliy Rodlov Orhon abidələrini  deşifrə edərək , Ötükəndə "Tengri”, "Türk" kəlmələrini oxumuşdu. Həmin gün özünü sivil adlandıran xalqların mədəniyyətsiz köçərilər hesab etdiyi türklərin, qədim yazı mədəniyyətinə malik olduğu meydana çıxmışdı. TWESCO və Monqolustan Elmlər Akademiyası alimlərinin çalışmaları nəticəsində 130 il sonra biz  Ötükəndə Kutluq Xaqana aid daş kitabədə  “Tanrı oğlu” “Kutluq xaqan”  “türk” “tümən”... kəlmələrini oxuduq.

Yazı yazmaq bir Tanrı ruzisidir. Bütün dövrlərin Müqəddəs kitablarında  həm qələm, həm kitab, həm də yazı haqqında danışılır. Yazı insana Tanrı tərtəfindən verilən ən böyük istedad və hədiyyədir. Yazı adamı, könül adamı, Türk ellərinin dillərini, elmi cameəsini bir yerə yığan, bir elə terən Darxan Kıdıralı  yazı haqqında söhbət düşəndə deyir ki, dünyadakı bütün mədəniyyətlər yazı ilə, qələmlə başlar. Qələm sahibi olmaq insanın ən böyük xoşbəxtliyidir. Qələmi olan insan daha azad, daha uzaqgörən olur, düşüncələrini ayazlaşdırır, bəyazlaşdırır. Nə mutluyuq ki, ilk yazılarımız da daş yazılar olub. Diriliyimiz onunla başlayıb.  Dünyada bir çox dövlətlərin yazısı- əlifbası olmayanda, dünyadakı  ilk millətlərdən biri olan türklərin , bizim əcdadlarımızın yazıları var idi. Bizim babalarımız həm tarix yaratdı, həm də tarix yazdı. Əbədi dövlət qurmaq üçün bu tarixləri  əbədi daşlara qazaraq yazdı. Məngu El yaratdı.  Həmin daş kitabələrdəki yazılarda bir istək var: əbədi güc olan, Tanrıdan mədət alan türklərin həm yazsını, həm dövlətinin, həm bütün mirasının  əbədi olmaq arzusu. O baxımdan bu yazılar bozkırlarda – səhralarda dayandı. Küləklər, çovğunlar, boranlar, leysanlar o yazıları poza bilmədi. Çünki Tanrı xəbəri olan yazılar idilər.  İndi deyə bilərik ki, yazı çoxdur, yazan da hər zaman olub.  Lakin hər yazı tarixdə daş yazıları qədər qalmayıb. O qədər yazılar unudulub gedir ki... Biz bozkırlarda, boz şöllərdə   babalarımızdan qalan o müqəddəs  yazıları oxumaq üçün minlərlə kilometr yol qət etdik. Və o məkanları arayıb-araşdırdıq. Məqsədimizə çatdıq.

Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kül Tegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilmişdir. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır. Arxanqay vadisində  51 məbəd, xanlıq iqamətgahı, kompleksi vardır. Burada alimlərimiz, arxeoloqlarımız üçün 100 ilə çatacaq axtarış yerləri, daş kitabələr, nadir yazılar, sirrlər vardır... Buralar sözün həqiqi mənasında Xaqanların Pantionudur. Ömür istər, oğul istər, dövlət istər ki, bu sirrləri açan olsun!!!

- Bu Xaqanlar Pantionunu dünya nə vaxt görəcək, tanıyacaq?

- Böyük işlər səssiz yapılar, səssiz görülər... O daşları sadəcə bir yazı kimi deyil, informasiya, kodlarımıza işləyən bir yazı kimi dəyərləndirməliyik. Bu il türk yazıları üçün önəmli bir ildir. Yəni bu da türklərə yazının Tanrı tərəfindən verilməsinin gözəl bir göstəricisidir. 

-Kutluq Xaqanın adından qalan müqəddəs daş yazısının başı üstündə dayanıb Tanrı şükr etdiyiniz həmin o anda, Qazaxıstanın dövlət başçısından bir telefon zəngi aldınız. Bu məqamı danışın, Darxan bəy...

- Hələ 2022-ci iln mart ayından dövlətimizin başçısı hörmətli Kasım Comərd Tokayev məni iqamətgahına dəvət edib dedi ki, TWESCO rəhbərliyindən ayrılım və dövlətdə mənə yeni bir vəzifə etibar etmək istəyir. Mən Qazaxıstan Respublikasının Prezidentindən vaxt-vədə istəyib dedim ki, yarımçıq qalan işlərim var. Kutluq Xaqanın abidəsini, yeni türk yazılarını axtarışını yekunlaşdırmalı və beş dövlətin xarici işlər nazirlərinin iştirakı ilə Akademiyanın  yığılıb qalan problemlərini həll etmək üçün görüş keçirməliyəm. Rica etdim ki, bu işləri tamamlamağa mənə möhlət versin. Payıza  qədər vaxt istədim. razılaşdıq. 22 avqust 2022-ci ildə  günəş Monqolustandakı  Arxanqay dağlarını, vadisini işıqlandırdığı o günorta vaxtı dövlət rəhbərimiz mənə telefon açıb, harada olduğumu soruşdu. Sevincək dedim ki, elə bu dəqiqə yeni tapılmış Kutluq Xaqan kitabının başı üzərində dayanmışam. Orada “Tanrı”. “Türk oğlu” sözləri yazılıb. Cənab prezident verdiyim xəbərdən çox sevindi, ekspedisiya üzvlərinə  təbrikni çadırmağımı söylədi. Sonra isə əlavə etdi ki, verdiyin vədənin vaxtı tamamdır, mən də səni Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri təyin edirəm.

Niyyət insanı mənzilə yetirməzmi? Xalqa xidmət etmək, türkçülüyə xidmət etmək amacında olan bir şəxs kimi bu boyda meydanın verilməsi axı çox gözəldir.

 

 “Ədəbiyyat və incəsənət”

(06.03.2023)