Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli vətəndaşlarla görüşüb

Rate this item
(0 votes)

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli fevralın 24-də Hökumət Evindəki Vətəndaş Qəbulu Mərkəzində (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) vətəndaşları qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir  ki, qəbulda Bakı şəhəri üzrə 24 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər müxtəlif mövzuları əhatə edib, o cümlədən yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi, sahə ilə bağlı təklif, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin qəbulda səslənən bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi tapşırılıb.

Görüşdə şəhid ailələrinin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)