Azərbaycan-Özbəkistan Dostluq Muzeyi yaradılacaq

Rate this item
(0 votes)

Azərbaycan ədəbiyyatının böyük şairi, dahi mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universiteti Özbəkistanın Azərbaycanla elm, mədəniyyət, ədəbiyyat sahəsində əlaqələrin inkişafında mühüm rol oynayır. Universitetin bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Universitetlə daim əməkdaşlıq edir.

 

Mərkəzin məlumatına görə, mərkəzin direktoru Samir Abbasov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqaffar Qırğızbayevlə görüşüb. 

Rektor Özbəkistan-Azərbaycan mədəni əlaqələrin tarixi, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq, habelə mədəni əlaqələrimizin möhkəmlənməsi istiqamətində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolu və fəaliyyətini yüksək qiymətləndirib. 

A.Qırğızbayev 25 minə yaxın tələbənin oxuduğu Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbəkistanda müqəddəs bir missiyanı həyata keçirdiyini, pedaqoji kadrlar hazırlayaraq ölkənin tərəqqisinə töhfə verdiyini söyləyib. Bildirib ki, universitetdə Azərbaycan mədəniyyəti və ədəbiyyat mərkəzi açılıb, Azərbaycan mədəniyyətinə aid hər il çox sayda konfranslar, görüşlər keçirilir. 

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövlətinin Özbəkistanla hər bir sahədə olduğu kimi humanitar, elm, təhsil və mədəniyyət sahələrində də əməkdaşlığa önəm verdiyini, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin əlaqələrimizdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, universitetin dünya poeziyasının zirvəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıması və bu təhsil ocağının bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət göstərməsini xüsusi dəyərləndirib. 

S.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistan Respublikasına ardıcıl üç səfərini xatırladaraq Azərbaycan dövlətinin Özbəkistanla əlaqələrə və əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və eyni zamanda, dövlətimizin başçısının iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair tapşırıqlar verdiyini diqqətə çatdırıb. 

O, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin geniş və silsilə tədbirlər planlaşdırdığını və bu tədbirlərdə Daşkənd Dövlət Pedaqoji Universitetinin də yaxından iştirakını arzu etdiyini bildirib. 

Diplomat “Heydər Əliyev İli” münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın 3 aparıcı universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis etdiyini və Daşkənd Dövlət Pedaqoji Universitetinin bir əlaçı tələbəsinin sözügedən təqaüdə layiq görüləcəyini bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın, ölkələrimizin ali təhsil ocaqları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi sahəsində məsələlər müzakirə olunub.

Sonra tərəflər qarşılıqlı olaraq xatirə hədiyyələrini təqdim ediblər. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xurşidbanu Natəvanın özbək dilində tərcümə və nəşr edilmiş şeirlər kitabı və Şuşa şəhərini simvolizə edən suvenir-tablo rektor Abduqaffar Qırğızbayevə hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)