Gəl və apar günü?

Rate this item
(0 votes)

 

Təqvimə baxdıqda görərik ki, bu günün qəribə təyinatı var: 6 oktyabr “Gəl və apar günü” kimi qeyd olunub.  Genişqəlbli insanlar bir-birinin evinə gedib həmin gün bəyəndikləri bir şeyi hədiyyə olaraq götürüb aparırlar. Gün gözütox insanlara hesablanıb. Heç bir sui-istifadə etmədən onlar dəyərcə ucuz, amma xoşagəlimli bir şey seçirlər adətən. Amerikada, Yaponiyada, Avropa ölkələrində qeyd olunur. Bizlərdə belə bir gün qeyd edilmir yaxşı ki. Onu görərsən, biri o birinin evinə gəlib 10 min manatlıq çılçırağını, o biri bu birinin evinə gəlib qarajındakı 100 min manatlıq çipini “gəl və apar günü”nün şərəfinə hədiyyə istəyə bilər, aləm dəyər bir-birinə.

 

Bu günün daha hansı təyinatları var?

 

“Ağılsız papaqçı” günü “Alisa möcüzələr ölkəsində” kitabının qəhrəmanının şərəfinə təsis edilib. Qonşularımız gürcülər bu gün Tbilisi gününü qeyd edirlər. Bayramın adı Tbilisoba adlanır. Təbii ki, Tbilisi bizlərə çox tanışdır. Sovetlər dönəmində Qərb bölgələrimizin əhalisi bizdə kərə yağı talonla verildiyindən ora kərə yağı almağa axışardı. İndi də bizdə aviabiletlər çox baha olduğundan ora təyyarə ilə uçmağa axışır. Tbilisi adı gürcü dilindəki tbili sözündən yaranıb, tərcüməsi isti deməkdir. Ötən gün Həkim gününü qeyd edən dünya bu gün də həkimlərin asissentlərinin gününü qeyd edəcək. Moldova şərab gününü qeyd edəcək. Niyə? Çünki bu kiçik və kasıb ölkə dünyaya şərab ixrac etməklə əhalisinin güzəranını qura bilir. Moldova şərabı ucuz və keyfiyyətli olduğu üçün hətta şərab vətəni Fransada belə yaxşı satılır. O  ki qaldı mətbəxsevər amerikalılara, onların bugünkü bayramları da olduqca orijinaldır – milli əriştə günü.

 

1973-cü ildə Misir və Suriya İsrailə hücum edərək 18 günlük ərəb-yəhudi müharibəsinə rəvac veriblər. 1948-ci ildə dünya tarixinin ən güclü zəlzələlərindən biri baş verib, Aşqabad yerlə yeksan olub. O məsəl var e, “Aşqabad batan kimi batdı”, - onun mənşəyi burdandır. Bu gün Türkmənistanda milli matəm günüdür. 1927-ci ildə Nyu-Yorkda ilk səsli film nümayiş olunub. 1768-ci ildə rus-türk müharibəsi başlayıb. (1774-cü ildə bağlanan sülh müqaviləsinə görə ruslar Qara dənizə çıxış əldə ediblər).

 

Varisin “1-10 oktyabrın təqvimi” yazısından