Lui Jan Lümyerdən Paul Fleminqə qədər

Rate this item
(0 votes)

 

5 oktyabr. Ümumdünya müəllimlər günü

 

World Teachers Day. 1994-cü ildə təsis edilən bu əlamətdar gün müəllimlərin vəziyyəti barədə YUNESKO-nun və Beynəlxalq əməyin təşkili təşkilatının Tövsiyələr protokolu imzalamalarının ildönümü şərəfinə qeyd edilir. Yalnız yaxşı müəllimlərin sayəsində gələcək qurulur, bu şərəfli peşə sahiblərinə hər kəs borcludur. Amma dünyanın siması dəyişdikcə, İKT tərəqqisi, təbii fəlakətlər, epidemiyalar, müharibələr , iqtisadi krizislər dünyanın durumuna bir korrektə edir, nəticədə güzəran pisləşdikcə müəllimlik peşəsinin maddi təminatla uzlaşmaması anlamı yaranır. Təsəvvür edin ki, bu gün dünyada ibtidai təhsil üçün müəllim çatışmazlığı rəqəmi 35 milyon nəfərdir. Həyəcan təbili döymək vaxtı deyilmi?

 

Müəllimlər barədə maraqlı faktlar gətirəcəyəm. Müəllimlik peşəsini seçmiş insanların hamısı axıradək dözüm nümayiş etdirə bilmir, onların 33 faizi ilk üç il ərzində seçimindən peşiman olub işini dəyişir. Müəllim – pilot və yanğınsöndürənlə birgə ən stressli peşə nümayəndəsi sayılır. Müəllimlərin 15 faizi öz ixtisası üzrə dərs keçmir.

 

Gəlin müəllimlərimizi səmimi qəlbdən təbrik edək. Bu gün bir zərərli vərdişimizdən qurtulaq onların xətrinə. Bizdə müraciət vasitəsi kimi müəllim sözünün işlənməsi çox uğursuzdur. Bir də görürsən, küçədə dalandara, parkovşikə, limonsatana da müəllim deyirlər. O gün gözümlə gördüm. İşıqforda avtomobilini saxlayan bir qaqaş dilənçi qadını “müəllimə” deyə yanıına çağırıb ovcuna pul basdı. Əlbəttə, heç bir peşədə çalışmaq ayıblı deyil. Amma gəlin unutmayaq ki, müəllimlik bir zirvədir, onu ucuzlaşdırmaq olmaz.

 

5 oktyabr. Payız tənhalığı günü

 

Payıza dədə-babadan qəm-kədər fəsli deyilmirmi, deyilir. Havalar soyuyur, günəş səmadan didərgin düşür, yaşıllıqlar saralıb-solmağa başlayır. Və bütün bunlar insan ovqatına təsir edir, insane kədərlənir, eyni zamanda özünü nədənsə tənha hiss etməyə başlayır. Təqvimə məxsusi bir payız tənhalığı gününün salınmasının səbəbi var, insanları agah eləyirlər ki, indi hamınız kədərlə baş-başasınız və tənhasınız. Buna görə də dərhal əhval-ruhiyyənizi dəyişməyin qeydinə qalın, sevdiklərinizin əhatəsində olun, ünsiyyətdən doymayın, təbiətə çıxın, sarı-qızılı rənglərin yaşılı əvəzləməsində də sevinc işartıları tapıb payızın nəm torpaq qarışıq xəzəl qoxusunu ciyərlərinizə çəkin.

 

5 oktyabr. Nəsə bir yaxşı iş görmək günü

 

Görün necə bir ideal gündür. Əlimizdən lap kiçik bir yaxşılıq yəni gəlmir ki? Kimsə səndən mərhəmət, kimsə diqqət, kimsə insani münasibət umur. Hamıdan hər şeyi əsirgəyə-əsirgəyə yaşamaqdayıq. Yetər ki, bu gün dəyişək, içimizdəki metamarfoz cəmiyyətə, insanlığa bir zərrə xeyir gətirsin. Böyük sücaətlərə gücümüz çatmasa da, ən azı küçədəki səfil bir uşağı yedirtmək, əyilmiş ağacı dik vurub dikəltmək, zəngimizə tamarzı qalmış ağsaqqal-ağbirçəklərimizə zəng vurmaqla onları sevindirmək ki əlimizdən gələr?

 

5 oktyabr. Vanatulular və konstitusiya

 

Beynəlxalq fahişəliklə mübarizə günü. Ayrıca turizm adı altında ərəblərə və digər əcnəbilərə göstərilən xidmət sferası olaraq xalqımıza rüsvayçılıq gətirən olaylar var ki, onlar barədə saatlarca danışmaq olar. Nə isə. Amerikalılar bu günü Betti deserti günü kimi qeyd edirlər, nuş olsun. Portuqaliyalılar Respublika, vanuatulular isə Konstitusiya günü kimi. Xüsusən ekzotik Vanatu və konstitusiya anlamı mənə maraqlı gəldi. 83 adada yerləşən, 300 nəfərlik ordusu olan, rəsmən prezidenti olsa da bir neçə nəfər avtoritetdən ibarət Məşvərət şurası tərəfindən idarə olunan bu Sakit okean ada-dövlətində insanlar papa və mama canına, Allah haqqıya- filana deyil, konstitusiyaya and içirlər, təsəvvür edirsiniz?

 

2016-cı ilin bu günündə alimlər insan ömrünün maksimal uzunluğunu hesablayıblar, bu 115 ildir. Ən maksimal istisna isə 125-dir. 2011-ci ilin bu günündə Apple şirkətinin sahibi, maqnat Stiven Jobs dünyasını dəyişib. Onun vəsiyyətlərini bütün dünya oxudu, xatirinizdədirmi? İnsan dünyadan köçən anında etiraf etmişdi ki, dünyada ən böyük xoşbəxtlik pul-para-filan deyil, ən böyük xoşbəxtlik açılan hər yeni səhərə sevinməkdir. 1962-ci ilin bu günündə Bitlz qrupunun ilk sinqlı – Love Me Do işıq üzü görüb. 1880-ci ilin bu günündə klassik operettanın banisi – fransız bəstəkarı Jak Offenbax dünyasını dəyişib. 1864-cü ilin bu günündə kinematoqrafı kəşf edən Lui Jan Lümyer doğulub. 1609-cu ilin bu günüdə isə barokko dövrünün məşhur alman şairi Paul Fleminq dünyaya gəlib.

 

Varisin “1-10 oktyabrın təqvimi” yazısından