YUNESKO-nun “Qeyri maddi mədəni irsin qorunması haqqında” Konvensiyasındakı 13 nümunəmiz

Rate this item
(0 votes)

 

2 oktyabr. YUNESKO-nun “Qeyri maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulmağımızın ildönümüdür

 

Beynəlxalq təşkilatlarla əlaqələr hər bir müstəqil ölkə üçün olduqca əhəmiyyətlidir. Belə təşkilatlardan biri dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan YUNESKO-dur. Qədim və zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin qorunması, tanıdılması və təbliği ölkənin mədəniyyət siyasətinin tərkib hissəsidir. 2012-ci ildə qəbul olunmuş Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycanın 2006-ci il oktyabr ayının 2-də YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulması, I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın 13 qeyri-maddi mədəni irs nümunəsinin YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahılarına daxil edilməsi, bununla bağlı ölkə daxilində və xaricdə çoxsaylı tədbirlərin keçirilməsi həmin siyasətin əməli nəticələridir. Azərbaycandan YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına ilk nümunə kimi Azərbaycan muğamı 2008-ci ildə daxil edilib. 2009-cu ildə Azərbaycan Aşıq sənəti və Novruz bayramı, 2010-cu ildə Azər­baycan ənənəvi xalçaçılıq sənəti,  2012-ci ildə Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2014-cü ildə Qadın baş örtüyü olan kəlağayının düzəldilməsi və geyinilməsi incəsənəti, 2015-ci ildə Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalı, 2016-cı ildə lavaş çörək bişirmə ənənəsi, 2017-ci ildə Azərbaycan xalq simli çalğı aləti kamança, 2018-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Fəxr edirik, qürur duyuruq.

 

2 oktyabr. Tanınmış Azərbaycan hərbçisi Fərrux Qayıbovun 130 illiyidir

 

Hərb tariximizi yaxşımı bilirik? Deyərdim ki yox. Müharibə edən bir xalqın Hərbiyyə fənnini tədris etməməsi əsla məqbul sayıla bilməz. Gəlin tanınmış hərbçimiz – tarixdəki ilk Azərbaycan pilotu Fərrux Qayıbovu yaxından tanıyaq. O, 1891-ci il oktyabr ayının 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. Salahlıda beşsinifli Rus-Azərbaycan məktəbini bitirərək general Ə.Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxumağa göndərilib, oranı əla qiymətlərlə bitirdikdən sonra Peterburqdakı üçillik Konstantin Topçuluq Məktəbinə daxil olub. Məktəbdə iti zehni, gözlə dəqiq ölçmə qabiliyyəti, igidliyi ilə fərqlənən Fərrux ağa xüsusilə topdan bacarıqla atəş açdığı üçün İsveçrədə hazırlanmış, arxasında “Yunker Fərrux ağa Qayıbov, 1913- cü il” sözləri həkk olunmuş “Qızıl saat” mükafatı alıb. F.Qayıbov Konstantin Topçuluq Məktəbini əla qiymətlərlə bitirdikdən sonra Aleksandropoldakı 39-cu artilleriya briqadasında xidmət edib, Birinci Dünya müharibəsi (1914-1918) başlananda Qərb cəbhəsindəki 11-ci aviasiya korpusuna göndərilib. F.Qayıbovun komandirlik etdiyi “İlya Muromets N16” təyyarəsinin 4 nəfərlik heyəti vuruşma zamanı almanların bir neçə təyyarəsini məhv edib. Qayıbov şücaətinə görə üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə),  dördüncü dərəcəli “Müqəddəs Anna” ordenləri ilə təltif olunub. Lakin 1916-cı il sentyabr ayının 12-də gedən qeyri-bərabər döyüş vaxtı 25 yaşlı igid poruçik Fərrux Qayıbovun təyyarəsi vurulub, bütün heyət həlak olub. O vaxt müharibələr humanizm prinsipi ilə aparılırdı, düşməni öldürsən belə onu dəfn etməyə borclu idin. Həlak olmuş poruçiki və onun heyətini alman əsgərləri Almaniyanın Boruno kəndinin qəbiristanlığında dəfn ediblər. Ölümündən sonra Qayıbov ikinci və üçüncü dərəcəli “Müqəddəs Anna”, ardınca da dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenlərinə layiq görülüb.

 

1970-ci illərdə Fərrux ağa Qayıbovun adının əbədiləşdirilməsi məqsədilə Qazaxda üzərinə “İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə” sözləri yazılmış təyyarə abidəsi qoyulub.

 

Düzdür, deyəcəksiniz o ki çar Rusiyasına xidmət edib, amma bu bizim tariximizdir, onda durub SSRİ-yə xidmət edən İkinci dünya müharibəsi qəhrəmanlarımızdan da imtina edəsiyik ki?

 

2 oktyabr. Beynəlxalq zorakılıqsızlıq günüdür

 

İnsanlar özü kimisini hədəf seçib onun hesabına öz fiziki və cismani ehtiyaclarını zorla ödəmək fikrinə düşəndən zorakılıq deyilən nəsnə mövcuddur. Bəzən tək-tək insanlar, bəzən insan qrupu, bəzən də bütöv xalqlar zorakılığa məruz qala bilir. Bu gün beynəlxalq ictimaiyyət zorakılığa yox deyəcək, hamını ədalətli və düzgün olmağa səsləyəcək.

 

2 oktyabr. Ümumdünya oyun günüdür

 

Günümüz üçün çox aktual bir gün. Bu günün anlamı bilirsiniz nədir? Valideyinlər övladlarını məcbur etsinlər ki, onlar bu gün smartfonlarını, planşetlərini, noutbuklarını bir kənara qoysunlar, internet deyilən bir nəsnənin mövcudiyyatını unutsunlar və oyunlar oynasınlar. O oyunlardan ki, internet olmayan zamanlarda biz uşaqkən oynamışıq. Yeddi şüşə, ortadaqaldı, gizlənqaç, bənövşə-bəndə düşə  oyunları vardı, oğlanlı qızlı oynayardıq. Ayrıca oğlanların çilədi, çijik kimi oyunları vardı. İntellektual oyunlar da oynayardıq, kino adları, dəniz döyüşü... Heç bilirsiniz necə maraqlı idi?

 

2 oktyabr. Və daha nəyin günləridir...

 

Beynəlxalq uroloq günüdür. Beynəlxalq sosial pedaqoq günüdür. Ümumdünya hava şarı günüdür. Ümumdünya açıqca hazırlamaq günüdür. Ümumdünya yürümək günüdür. Ümumdünya kənd təsərrüfatı heyvanları günüdür. Ümumdünya ayıqlıq və alkoqolla mübarizə günüdür. Beynəlxalq “çox da dərindən olmayan şənlənmə” günüdür. Mən ancaq beynəlxalqların və ümumdünyaların bir qismini sadaladım. Hər ölkənin də öz günlərini üstünə gəlsək 2 oktyabrın mənzərəsi tam aydın olar. Soyuducudakı yarımçıq araq şüşəsini kanalizasiyaya boşaldıb yürüyə-yürüyə uroloqun qəbuluna get, sonra evə qayıdıb açıqca hazırla, öz sosial pedaqoquna hədiyyə elə, hava şarı kirayələyib onunla səmanın ənginliklərinə qalxa bilməsən də bunu təsəvvür edib çox da dərindən olmayan bir şənlənmə hiss elə nəticədə. Sonra da atı min, iti tumarla, inəyi sağ, toyuğa da kiş de. Bu da səninçün olsun 2 oktyabr.

 

Varisin “1-10 oktyabrın təqvimi” yazısından