“Quran”ın yandırılması suçu - keçmişdə və indi Featured

Rate this item
(0 votes)

Nəriman Qasımoğlu yazır

 

İsveçdə bir nadanın Quran kitabını  yandırması xəbəri Hüseyn Cavidin “Şeyx Sənan” dramındakı məlum epizodu xatırlatdı. Həmin epizod “Quran”ın  yandırılmasına edilən cəhdlə bağlıdır. 

 

Bədii ədəbiyyatda “Quran” yandırılması əhvalatı tarixdə bunun ənənəvi nümunələrinin olduğunu da ortaya qoyur. 

Əsərdə keşiş şeyxdən tələb edir ki, sevgilisi Xumarın naminə islamdan üz döndərməsinin nümayişi olaraq boynundan xaç assın. Din adına şəkillənmiş şərtiliklərin fövqündə dayanan Sənan xaçı boynundan asır, amma, baxın, bu zaman iztirab keçirən dostlarına, eləcə də bunu ondan tələb edənə necə bir dərs verir:

 

İbn Məryəm asıldı darə, fəqət

Onu təkrarə varmıdır hacət?

Bumu İsanın ərşə me’racı?

Bən nəyim şimdi? Canlı dar ağacı...

 

…İştə bir parçacıq gümüşdür bu, 

Bunu asmaqla bir yüzük taxmaq 

Bəncə birdir, bir... anladınmı bunağ!

 

Keşiş ona istehza etməsinə dözməyəcəyini bildirəndə Şeyx Sənan Məsihi, əksinə, uca tutduğunu car çəkir:

 

Xayır, onsuz da həzrəti-Isa

Bizcə ən möhtərəm, böyük sima... 

 

Pərtlik keçirən keşiş bu dəfə təkid edir ki, Şeyx Sənan “Quran”ı yandırsın. Sənan bunun nə mənası olduğunu soruşur. Keşiş deyir bəhanəni bir kənara qoysun, dediyini etsin. Sənan “Quran”ı keşişə verir ki, müqəddəs kitabın yandırılmasını istəyirsə, özü yandırsın. 

Dostları pəjmürdədirlər: “Şeyx, Qur’an yaqılmaz!” 

Sənan isə yenə hikmət saçır:

 

“Hökmi-Qur’an ilələbəd ucalır, 

Yaqılan həp kağız, mürəkkəbdir”.

 

Ardınca da havanı bulud alır, göy guruldayır… H.Cavid təbiətin də etirazına beləcə yer verir. 

Keşiş isə inadından əl çəkmir:

 

Onu atəşdə yaqmayınca, inan, 

Sana əsla olunmaz itminan.

 

“Quran”ı uca tutan Sənan öz məntiqi ilə, əslində isə “Quran” məntiqi ilə həm ənənəvi müsəlmanların, həm də əsərdəki keşişin timsalında xristian özülçüsünün başına ağıl qoymaq istəyir:

 

Hökmi-Qur’anı tutmuyan məğrur, 

Onu atəşdə yaqmış ədd olunur. 

Bir də bihudə etdiyin israr,

Bunda İsa və Məryəmin adı var.

 

Yəni “Quran” hökmünü zehnində, əməlində rəhbər tutmayan təkəbbürlü insan onu elə yandırmış sayılır. Bu ifadə, bir yandan, mahiyyətcə keşişi islama dəvət təsiri bağışlayır, digər yandan, beyni dini təhriflərlə dolu müsəlmanların ünvanına qınaq kimi də səslənir. Və Sənan keşişə xatırladır ki, Quran yandırılacaqsa, şanı uca Məsih İsa ilə Məryəmin adları keçən “Quran” səhifələri də yanacaq. Yəni sən özün öz inancını oda atmış olursan…

Bu ilahi məntiq qarşı tərəfi tərksilah edir.

İndi İsveçdə baş verən o xoşagəlməz hərəkətin fonunda H.Cavidin verdiyi bu dərs hər mənada, hamı üçün ibrətamizdir.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)