Altayda türk mədəniyyətinin virtual muzeyi açılıb

Rate this item
(0 votes)

Rusiya Federasiyasının Altay Respublikasında türk mədəniyyətinin virtual muzeyi açılıb. Muzeydə türk mədəniyyətinə məxsus silah nümunələri, daş heykəllər, xüsusi mərasimlərdə istifadə olunan dulusçuluq nümunələri və digər arxeoloji tapıntılar yer alıb.
TASS agentliyi xəbər verir ki, bu barədə layihənin rəhbəri Altay Dövlət Universitetinin professoru Sergey Qruşin məlumat verib.
“Türk mədəniyyətinin eksponatları dünyanın müxtəlif muzeylərində, o cümlədən Orta Asiya ölkələrində təqdim olunsa da, onlar haqqında vahid təsəvvürümüz yoxdur. Biz ən parlaq və əhəmiyyətli eksponatları toplayıb vahid bir platformada birləşdirməyə qərar verdik. Bunun görə belə bir layihə hazırlandı ki, əməkdaşlarımız muzeyləri gəzib, eksponatların 3D fotoşəkillərini çəksinlər və sonra onları virtual muzeyə təqdim etsinlər. Sonradan muzeyə gələnlər də nəinki onları görə, həm də onlarla işləyə, eksponatları fırladıb, kəsilmiş formasına müxtəlif bucaqlardan baxa bilsinlər. Bu, arxeoloqlar üçün çox vacibdir. Muzey arxeoloqlar üçün bir baza olaraq elmi məqsədlər üçün istifadə oluna bilər”, - deyə Sergey Qruşin bildirib.
Onun sözlərinə görə, bu günə qədər mütəxəssislər Altay Respublikasının ərazisində olan muzeylərdən 80 eksponat çəkərək hazırlayıblar. “Hazırda türk mədəniyyətinə aid kolleksiyaların virtual muzeyə daxil edilməsi üçün Qazaxıstan, Qırğızıstan, Tacikistan və Monqolustan muzeyləri ilə danışıqlar aparılır. Artıq razılaşmalar əldə edilib, lakin alimlərin Altaydan bu ərazilərə getməsi pandemiyaya görə hələlik məhduddur”,- deyə professor qeyd edib.