Cəmiyyətə gələcəyə yönəlik müsbət impulslar ötürüldü

Rate this item
(0 votes)

“Azərbaycan Respublikasının Zəfər savaşından sonrakı beynəlxalq mövqeyi, iqtisadi gücü hər kəs tərəfindən birmənalı şəkildə qəbul olunur. Bu gün Azərbaycan tək regional geopolitik proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək gücündədir. Bütün bu amillərin mərkəzində isə heç şübhəsiz mükəmməl daxili və xarici siyasət yürüdən lider amili dayanır. Məhz Prezident İlham Əliyevin şəxsi nüfuzu, diplomatik gedişləri, idarəçilik bacarığı bugünkü qüdrətli Azərbaycanı formalaşdıran əsas şərtdir. Prezident və Ali Baş Komandan kimi xalq sevgisinin mükəmməl nümunəsini göstərən İlham Əliyev bütün nəticələr və gələcək hədəflərlə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmaqla da liderlik örnəyi sərgiləyir. Bu baxımdan ötən ilin yekunlarına və cari ilin planları ilə bağlı Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi ictimaiyyət tərəfindən maraqla izləndi.

Müsahibədə ölkəmizin iqtisadi gücündən danışan dövlətimizin başçısı konkret rəqəmlərlə görülən və nəzərdə tutulan digər layihələr haqqında geniş hesabat verdi. Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-Cənub dəhlizi ilə bağlı bütün əsas işlərin yekunlaşdığını bildirən Prezident vurğuladı ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər, şübhəsiz bu, böyük rəqəmdir və Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Məhz bütün bunların fonunda Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir.

Dövlətimizin başçısı aparılan siyasətin mərkəzində insan amilinin dayandığını, vətəndaş məmnunluğunun artırılmasının, yeni iş yerlərinin yaradılmasının prioritet təşkil etdiyini diqqətə çatdırdı. Ölkəmizdə 60 min ailənin özünüməşğulluq proqramına cəlb olunması, əhalinin sosial rifahının daim diqqətdə saxlanılması bunun sübutudur. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan sosial dövlətdir və dövlət bunu fəaliyyəti ilə təsdiqləyib. 

Ölkənin xarici siyasətindən danışan dövlətimizin başçısının müsahibəsi önəmli məqamlarla yadda qalmaqla yanaşı, həm də anti-Azərbaycan dairələrə ciddi xəbərdarlıq mesajı idi. Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən söhbət açan Azərbaycan Prezidenti bildirdi ki, bu ölkənin Senatı, Milli Assambleyası ölkəmizin əleyhinə qətnamələr qəbul etdi. Bir neçə ölkəni təzyiq altında saxlamaqla, BMT-də hay-həşir qoparmaqla heç nəyə nail ola bilmədilər. Frankofoniyada olduğu kimi uğursuzluğa doğru gedirlər. Sadəcə, bəzi Qərb mətbuatında ölkəmizə qarşı çirkin qarayaxma kampaniyasına başlayıblar. Azərbaycanın Vətən müharibəsindəki parlaq Qələbəsi dostlarımızı sevindirdiyi kimi bizə düşmən kəsilən ölkələri də məyus edib. Dünyanın qəbul etdiyi Azərbaycan reallığı Fransa və digərlərində qıcıq yaradır. 

Ölkə rəhbərinin bildirdiyi kimi, geriyə baxdıqda bir daha əmin oluruq ki, keçmiş Minsk qrupu, Fransa hər vəchlə münaqişənin ədalətli şəkildə həllini tapmasına maneçilik törədirdi. Azərbaycan bu işğalla barışmadı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz onların bütün planlarını alt-üst etdi və bu qüdrətin qarşısında onlar Ermənistanı xilas edə bilmədilər. Ölkəmizə qarşı belə kin, küdurətin də başlıca səbəbi budur.

Ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasına toxunan dövlətimizin başçısı bunu “blokada” adlandırmağın insafsızlıq olduğunu qeyd edərək, tələblərin tam ədalətli olduğunu, qanunsuz istismarın dayandırılmasını tələb etdiklərini və buna nail olacaqlarını qeyd etdi. 

Bununla yanaşı, təmas xəttindəki vəziyyəti şərh edən Prezident İlham Əliyevin sözlərinə görə, vizual müşahidə bizə imkanlar yaradır ki, istənilən təhlükəni əvvəlcədən görək və yerindəcə qarşısını alaq. Üç dəfə bu tipli ardıcıl şəkildə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan başa düşəcək ki, sülh müqaviləsini imzalamaq qaçılmazdır. Dövlətimizin başçısı qeyd etdi ki, bəzi ölkələr Ermənistanı silahlandırmağa çalışır və təəssüflər olsun, onların arasında Hindistan da var. Bu hücum silahlarının hədəfi Azərbaycandır və hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Təxribatlara qarşı cavabımız həmişəki kimi sarsıdıcıdır.

Prezident İlham Əliyevin geniş və əhatəli müsahibəsi ölkə həyatı, dövlətin perspektivi istiqamətində mühüm mesajları ilə yadda qaldı. Bu mesajlar aparılan mükəmməl siyasi kursun nəticələrinin yüksək göstəricisi ilə yanaşı, gələcəyə yönəlik müsbət impulsları da cəmiyyətə ötürdü. Bu isə vətəndaş üçün dövlətə inamın başlıca şərtidir. Prezident İlham Əliyev bugünkü qüdrətli Azərbaycanın qurucusu kimi həm də böyük gələcək hədəfləri gerçəkləşdirən lider olaraq xalq sevgisinin və inamının tək ünvanıdır.”

Sitat Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudovdan gətirilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)