Bu gün “Qaranlığı günahlandırmaqdansa bir şam yandır” söyləyən Konfutsinin günüdür

Rate this item
(0 votes)

 

28 sentyabr. Beynəlxalq Konfutsi günü

 

Çin tarixi ilə Konfutsinin ad günü səkkizinci Ay ayının 27-ci gününə təsadüf edir, o da bu gündür. Bu müdrik filosofun günündə ən azı onun dillər əzbəri olmuş müdrik kəlamlarını xatırlamaq yerinə düşər. Məsələn, “Heç nə nə gec olur, nə də tez. Hər şey vaxtında olur”. Gözəl deyib, deyilmi? Yaxud, “Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar”. Birini də deyimmi? “Kamil insan gözəl söz deyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır”. Yaxşı, birini də deyim, yekunlaşdırım: ”Uzaq planları olmayan insanı yaxında fəlakətlər gözləyir.” Konfutsinin ən çox yayılan və təqdir edilən fikri isə yəqin ki, bilirsiniz, budur: “Qaranlığı günahlandırmaqdansa bir şam yandır”.

 

Bizə bəzən məhz bu çatışmır: Qaranlıqda bir şam yandırmaq!

 

28 sentyabr. Ümumdünya quduzluqla mübarizə günü

 

İnsanlarda və heyvanlarda rast gəlinən bu xəstəliyin ağır fəsadları olur, təkcə Amerikada hər il bu xəstəlikdən 55 min adam vəfat edir, hər 10 dəqiqəyə bir adam. Bu, böyük göstəricidir. Adətən it qapması nəticəsində bu xəstəliyə tutulan insanın müalicəsi əlbəttə mümkündür, amma bu müalicə çox bahadır, xüsusən inkişaf etməkdə olan ölkələrdə quduzluğun müalicəsi çətin alınır. Bu gün Quduzluqla Mübarizə Alyansı dünya ölkələrinə müraciət edir ki, quduzluğa yoluxanların müalicəsinə diqqət ayırsınlar.

 

Öz aramızdır, Bakıda gecə saatlarında küçələrə hakim olan küçə itləri sürülərini məgər az görmüşük? Adama hücum edərlər, quduzluğa yoluxdurmaq bir yana, parça-parça eləyərlər. Allah qorusun!

 

28 sentyabr. “Səfeh sual ver” günü

 

Bu gün insanlardan bir-birinə səfeh sual vermək tələb olunur, bu, əhval-ruhiyyəni yüksəltməyə, şənlənməyə xidmət edən bir aksiyadır. Səfeh sual kateqoriyasına aid olunan sualları təxmin etmək asandır. Fəlsəfədə belə bir anlam var, səfeh suala səfeh sualla cavab vermək. Maraqlı məntiqdir. Deyilənə görə, bir filosofa “Hansı arılar süd verir” sualı ünvanlananda o, “Bəs hansı inəklər bal verir” sualını cavab olaraq söyləyib. Bəşər tarixində ən səfeh sual isə ABŞ-da bir internet forumunda qeydə alınıb. Bir iştirakçı belə bir sual ünvanlayıb: “Əgər mən özümü yesəm, kilom iki dəfə artar, yoxsa yox olaram?”

 

Bəzən ən yüksək kürsülərdən ən yüksək çinli insanlar elə suallar səsləndirirlər ki, heç insan qəsdən səfeh sual vermək istəyəndə səfehlik dərəcəsi bu qədər yüksək ola bilmir. Elə bizim parlamentdə bu sayaq sualları eşitməyə, bir növ, adətkərdəyik. Çox dərinə getməyək amma.

 

28 sentyabr. Bu günə təsadüf edən əlamətdar hadisələr

 

Aclıqdan azad olunma günü. Daha çox Afrikada aclıqdan əziyyət çəkən insanlara dəstək məqsədini güdür. Beynəlxalq təhlükəsiz abort günü. Ev şəraitində riskli abortlar əleyhinə yönəli bir gündür. Beynəlxalq informasiyaya çatma günü. Məqsəd odur ki, hər bir insanın informasiyanı axtarmaq, tapmaq və yaymaq hüququna malik olması tanınsın. Simxat Tora günü. Yəhudi bayramıdır, Tövratın kütləvi oxunmasının illik siklinin başa çatması və yeni siklin başlamasını özündə ehtiva edir. Lombard günü. 1618-ci ildə Brüsseldə ilk lombardın açılması şərəfinədir. Bricit Bordo günü. 1934-cü ildə dünyanın seks simvolu adlandırılan fransız aktrisanın dünyaya gəlməsi şərəfinədir. Marçello Mastroyani günü. Bu isə dünyaşöhrətli italyan aktyorun 1924-cü ildə doğulması şərəfinədir.

 

Amerikanın da bu gün öz əlamətdar hadisələri var: Oğullar günü. İctimai torpaqlar günü. Yeyib-içmək də öz yerində: Uşaqlarla nahar eləmək günü. Çiyələk cemli piroq günü. Və ən nəhayət, Pivə içmək günü.

 

Varisin “21-30 sentyabrın təqvimi” yazısından