Ceyran-cüyür qənimləri

Rate this item
(0 votes)

Təbii ki, Azərbaycan təbiətinin bir gözəlliyi də ceyranlar, cüyürlərdir. Bu canlılar həqiqətən gözəllik etalonu hesab edilir, valideyinlər qızlarına Ceyran adı verib onların bəxtlərinin də gözəl olmasına körpü atırlar. Amma çox təəssüf ki, təbiətimizin bu gözəl canlılarına qənim kəsilənlər əsla öz bəd niyyətlərindən əl götürmürlər. Bir qarın yemək naminə onlara güllə atırlar. 

 

Budur, növbəti xəbər: Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İsmayıllı rayon sakini Rəşad Şahbazzadənin idarə etdiyi “Opel” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən ovlanmış bir baş cüyür aşkarlanıb. Araşdırma zamanı Rəşad Şahbazzadənin avtomobildə olan digər iki sərnişin, İsmayıllı rayon sakinləri-Fariz Bəkirov və Cavanşir Xələfovla birlikdə həmin cüyürü satmaq məqsədilə İsmayıllıdan Qəbələyə gəldikləri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Əminik ki, təbiət gözəlliklərinə qənim kəsilənlər öz layiqli cəzalarını alacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)