ABŞ-Azərbaycan Mədəniyyət Fondu mərhum Arye Qutun adına mükafat təsis edib

Rate this item
(0 votes)

 

ABŞ-Azərbaycan Mədəniyyət Fondunun İdarə Heyəti iki ölkə arasında son 15 ildə dostluq münasibətlərinin daha da dərinləşməsində, eləcə də Azərbaycan həqiqətlərinin İsraildə təbliğində müstəsna rol oynamış mərhum israilli ictimai xadim və jurnalist, Xocalı həqiqətlərinin dünyada yayılmasında rolu olan Arye Qutun adına xüsusi mükafat təsis edib. 

 

Bundan sonra hər il xüsusi mərasimdə təqdim olunacaq mükafat Azərbaycan və İsrail arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək şəxslərə və ya təşkilatlara təqdim olunacaq. 

Xatırladaq ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qringer və ABŞ-nin “Double Trouble Production” şirkətinin baş direktoru Eti El-Kissin dəstəyi ilə İkinci Qarabağ müharibəsində yaralanmış azərbaycanlı hərbçi Arif Hacıyev haqqında lentə alınan “Göz qırpımında” adlı sənədli film də Arye Qutun əziz xatirəsinə həsr olunub. 

Fondun rəhbəri Nurit Qringer bildirib ki, 2022-ci ilin iyul ayında sonuncu dəfə Arye Qutla görüş zamanı Vətən müharibəsində ağır yaralanan qazi Arif Hacıyev haqqında sənədli film çəkilməsi ideyası ilə bölüşüb və Arye Qut bu təşəbbüsü dəstəkləyib. 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə yaralanmış 24 yaşlı azərbaycanlı əsgər Arif Hacıyevin görmə qabiliyyəti israilli donor tərəfindən verilən göz və israilli həkim Yişhay Falikin icra etdiyi əməliyyat sayəsində bərpa edilib. 

Nəzərdə tutulub ki, Arye Qutun adını daşıyan mükafat 2023-cü ildə Bakıda keçirilməsi planlaşdırılan “Göz qırpımında” sənədli filminin təqdimatı zamanı seçilmiş şəxsə və ya təşkilata təqdim olunsun. 

Mərhum Arye Qut 15 ildən çox Azərbaycan və İsrail arasında münasibətlərin yaxınlaşmasına xidmət edib və Azərbaycanda İsrailin xoşməramlı səfiri kimi tanınırdı.

1975-ci ildə Bakıda anadan olan Arye 2000-ci ildə İsrailə köçüb, oradan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyinə rəhbərlik edib. O, Türkiyə-İsrail münasibətləri, İsrail-Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazdakı geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən çox analitik məqalənin müəllifi olub.

Ruhu şad olsun! 

 

Şəkildə: ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qringer və

Arye Qut.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)