Tik-tak günü, elmli monqollar və Əliağanın makintoşu Featured

Rate this item
(0 votes)

Varisin “Həftənin təqvimi”ndən

 

 

 

Bu da 29 dekabrın təqvimi. Hər vaxtınız xeyir! Beləcə, 2021-ci ilin son üç gününə gəlib çatdıq. Yeni il ərəfəsi dünya hansı bayramları, əlamətdar günləri qeyd edəcək?

 

 

 

“Tik Tak” günü

 

Bu bayram insanları bu müddət ərzində qarşılarına qoyduqları və həll etmədikləri planları həyata keçirmək üçün zamandan maksimum istifadəyə çağırır. Atalarımız gözəl deyiblər, bu günün işini sabaha qoyma. Biz bu günün onlarca işini sabaha qoyuruq, üst-üstə qalaqlanırlar, problemlərə çevrilirlər, sonra da altında qalıb inləyirik. Odur ki, təqvim başbilənlərinin elan etdikləri bu Tik-Tak günündən tam yararlanmağa çalışaq gəlin.

 

İndi isə tik-tak sözünün mənşəyindən danışım. Tik-takı çoxunuz tik-tokla qarışdırdınız, amma elə söz olaraq tik-tok da tik-takdan əmələ gəlib. Bir yaddaşınızı qurdalayın, marketlərdə görün nə qədər “Tik-tak” adlanan məhsulla rastlaşmısınız indiyənətən. Qigiyenik vasitələr, uşaq sabunları, əl kremləri, dünyaca məşhur İtaliya qənnadı brendi Ferreronun yumru şokoladları...

 

Tik-tak sözü saatın işlədikcə çıxardığı səsdir, bügünkü bayramın da əsil adı “vaxtın, zamanın qədrini bilin!”dir, əziz dostlar.

 

 

 

Monqolustanın müstəqilliyi günü

 

Sovetlərdən üzübəri gələn ənənə ilə kimlərəsə “tupoy manqol” deyib keylikdə qınayırıq, aşağılayırıq, əlbəttə ki bu, yanlış bir hərəkətdir, heç bir xalqı aşağılamaq olmaz. Və üstəlik, bu “tupoy manqol” dediklərimiz əsrlərlə dünyanın ən böyük imperiyalarına sahib olan, ən güclü dövlətləri belə çökdürüb öz itaəti altında saxlayan monqol-tatarların varisləridir. Monqol sərkərdəsi Çingiz xan dünya tarixinə ən böyük imperiyanın qurucusu kimi düşüb, o, 25 ildə Roma İnperiyasının 400 ildə qazandığından çox torpaq sahələri qazanıb.

 

Milliyyətcə monqol olan yazıçı dostum, “Minilliyin şairi” titulunu daşıyan  Xaada Sendonu bu bayram münasibəti ilə təbrik edərək ondan monqollar və Monqolustan barədə o qədər maraqlı bilgilər aldım ki. Məsələn, Çingizxanın harda dəfn olunması bilinmir. Kitabələrin yazdığına görə, onu həddən artıq çox sevən əsgərləri dünyaya qan uddurması səbəbindən öləndən sonra qəbrinin açılacağı, murdarlanacağı qorxusu yaşayıblar, bu səbəbdən dəfnə gələn adamların hamısını Çingizxanın harada basdırıldığı sirrini açmasınlar deyə öldürüblər, sonra isə özləri də bu sirri açmasınlar deyə intihar ediblər. Maraqlıdır, deyilmi?

 

Keçək digərlərinə. İndiki monqolların əcdadları Monqolustanda eradan 85 min il əvvəl məskunlaşıblar; Dünyaca məşhur Orxon abidələri də bu ərazidə yerləşir;

 

Sahəsinə görə dünyanın ən böyük 16-cı dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı cəmi 2,8  milyon nəfərdir, Monqolustan dünyada ən az əhali sıxlığı olan lider dövlətdir; Dənizə çıxışı olmayan dövlətlər arasında sahəsinə görə Monqolustan Qazaxıstandan sonra ikinci ən böyük dövlətdir; Dini baxımdan əhali buddistdir, monqollar induslardan sonra heç bir dinə etiqad etməyən ikinci ən böyük xalqdır; Dünyanın sahəsinə görə ən isti 3-cü səhrası Qobi Monqolustanda yerləşir; Ulan-Bator dünyanın ən soyuq paytaxt şəhəridir; Dünyada ən böyük abidə də Monqolustanda, patyaxtdan 54 kilometr aralıda qərarlaşıb. Bu, atını şahə qaldıran Çingizxanın abidəsidir. Postament 10 metr, abidənin hündürlüyü isə 40 metr olmaqla bu əllimetrlik abidənin ən yüksək hissəsində - atın başında seyrangah yaradılıb, insanlar həmin hündürlükdən ətrafa açılan gözəl panoramı seyr edirlər.

 

Hələ davamı da var. Monqolustanda insanların daimi qeydiyyatı aparılmır, belə ki, insanlar indinin özündə də köçəri həyat keçirir, paytaxt Ulan-Bator istisna olunmaqla digər yerlərdəkilər öz mal-qaralarını otara-otara tez-tez yerlərini dəyişirlər; Monqolustan adambaşına düşən mal-qara sayına görə dünyanın lider dövlətidir, burada 45 milyon mal-qara var; Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində SSRİ-nin təsir dairəsində olan sosialist Monqolustanında kişilərinin böyük qismini spirtli içkilərə aludə etməklə sanki ruslar onlardan tarix boyu yaşanan işğal olaylarına görə qisas alıblar, kişilər xroniki alkoqolizmdən əziyyət çəkiblər, sürətlə sayları azalıb. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir, Monqolustanda başlıq üçün mal-qara verilir.

 

Monqolların qəribə adət-ənənləri də var. Bir adamın ayağını taptalayanda onun əlini sıxmaq ənənəsi də dünyaya monqollardan gəlib. Qədim monqol inancına görə, sən ayağını taptadığın adamın əlini sıxıb onunla dostlaşmasan mütləq düşməninə çevriləcəksən; Monqollar fit çalmırlar, çünki miflərə görə fit çalınanda qəddar ruhlar gəlirlər; Hər yerdə qonağı duz-çörəklə qarşılayırlar, amma monqollar qonağı isti südlü çayla və duzla qarşılayırlar; Hər il Monqolustanda Min dəvə festivalı keçirilir. Məqsəd dünyaya sübut etməkdir ki, əsl dəvə ikihürgüclü olmalıdır. Halbuki indi dünyada yalnız birhürcüclü dəvələr yayılmaqdadır.

 

Monqolustanda ən populyar idman növü Bex adlanan güləş növüdür. Güləşçilər xüsusi kostyumlarda xalça üzərinə çıxıb güləşirlər, sinələri də açıq olur. Bunu ona görə ediblər ki, qabaqlar monqol qadınlarının Bex yarışmalarına qatılıb kişilərə qalib gəldiyi də olub, bu isə kişilik adına bir utancdır, ona görə də qadınlar yarışmalara qatılmasınlar deyə onların qadınlığını izhar edəcək sinəsiaçıq libas tətbiq olunur.

 

Və ən önəmlisi və təəccüblüsü: dünyada təhsilə ən çox diqqət yetirən monqol xalqı hesab edilir, belə ki, əhalisi köçəri həyat sürsə belə hakimiyyət köçəri təhsil proqramı yeridərək köçəri məktəblər və müəllimlər praktikasından istifadə etməklə uşaqların savadlanması qayğısına qalır, savadlıların sayına görə (98 faiz) Monqolustan dünya liderləri sırasında qərarlaşıb. Bu da sizin üçün “tupoy manqol”.

 

 

 

Xalq yazıçısı Əzizə Çəfərzadənin doğum günü

 

İcazənizlə, Əzizə xanım barəsində nisbətən geniş danışacağıq. Amma növbəti yazıda. Ədəbiyyat tariximizdə iz qoyan yazıçılardan biri, tarixi romanları ilə sevilən, şəxsiyyəti ilə ziyalılığa nümunə olan, 1989-cu ildə mənə də Bakı Dövlət Universitetində dərs demiş Əzizə Cəfərzadə ayrıca bəhs edilməyə layiqdir.

 

 

 

Xalq şairi Nüsrət Kəsəmənlinin doğum günü

 

Mənim yeniyetməlik illərimin sevgi şairi, şeirlərini əzbərlədiyimiz, o şeirlərdən  saf sevgi duyğuları aşıladığımız Nüsrət Kəsəmənli barədə necə qısa danışasan? Onun barəsində də ayrıca yazı olacaq.

 

 

 

Makintoş günü

 

29 dekabrda ukrainlərdə ordunun informasiya-media strukturları, İrlandiyada Konstitusiya, ABŞ-da isə Milli ətlə və tərəvəzlərlə ədvalı şorba günü qeyd olunacaq.

 

1891-ci ildə Tomas Edison Radionu ixtira edərək patentləşdirib. 1845-ci ildə Texas Meksikadan müstəqillik alaraq ABŞ-a ştat kimi birləşib. 1791-ci ildə Rusiya imperiyası Krımı işğal edib. 1775-ci ildə indiki Sankt-Peterburqdakı ən gözəl binaları tikmiş italiyalı memar Karl Rossi doğulub. 1766-cı ildə hazırkı makintoş adıyla məşhur parçanı kəşf edən şotland kimyaçısı Çarlz Makintoş dünyaya gəlib. Bu yerdə ölməz aktyorlarımız Bəşir Səfəroğlu ilə Əliağa Ağayevin ifasındakı məşhur səhnəcik yadıma düşdü. Kabibetinin yanmasından təşviş keçirən Əliağa Ağayev soruşur ki, bəs yanğın zamanı mənim təzə makintoş plaşım nə oldu? Bəşir Səfəroğulu da cavab verir ki, hamısı yavaş-yavaş yandı, amma sənin makintoş plaşın birdən yandı.

 

1709-cu ildə isə 1-ci Pyotrun qızı, rus impetatritsası Yelizaveta doğulub.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(29.12.2022)