Nurlu gün, Əziz Nesin və erməni KQB-si Featured

Rate this item
(0 votes)

 

Rubrikanı Varis aparır

 

20 dekabrın təqvimi

 

Hər vaxtınız xeyir! Budur, daha bir ilimiz sona çatmaq üzrədir. İlin sonuncu tam həftəsinə daxil olmuşuq. Əlamətdar hadisələrlə, yubileylərlə bol olan bir həftə yaşayacağıq. İlk olaraq isə Beynəlxalq İnsan Həmrəyliyi Günündən başlayırıq

Beynəlxalq İnsan Həmrəyliyi Günü

BMT Baş Assambleyasının təqvimə saldığı bu gün 2006-cı ildən qeyd edilir, yoxsulluğun ləğvi uğrunda hərəkatın 10-cu ildönümünə həsr edilib. Qəbul edilən qətnamədə deyilir: “Həmrəylik - 21-ci əsrdə insanlığın fundamental dəyərlərindən biri olacaq!”. Təki həqiqətən də belə olsun. Bir dövlətdə zümrələr, hakimiyyətdə olanlar və olmayanlar, varlı və kasıblar, böyük və xırda xalqlar, dünya üzrə isə hegemon və asılı dövlətlər, inkişaf edən və inkişafdan kənar dövlətlər həmrəy olsunlar.

Şən mahnı günü

Mahnılar əsasən “şən” və “qəmli” bölgülərinə uyğun gəlirlər, bu gün dünyada şən mahnı günüdür. Mahnısevən, rəqssevən insanlarımız üçün təbii ki, şən mahnılar daha məqbuldur, bu sayaq mahnılara “diringi mahnılar” deyilir el arasında. O ki toyda girirsən meydana, yalnız tappatarap eşidilir, nəfəsin kəsilincəyə qədər çıxmırsan, bax həmin mahnıların günüdür bu gün. Amma dünyanı dərk edən, dərk etdikcə bütün təzadları, ədalətsizlikləri, haqsızlıqları görən insanlar əsla şən mahnıları sevməzlər. Tarix boyu müharibələr, işğallar görən xalqımızın xalq mahnıları da kədərə köklənib, yəqin diqqət etmisiniz. Elə sevgi mahnıları da bu ovqata köklənib, ayrılıqdan, nisgil və kədərdən bəhs edib. Birində “Apardı sellər Saranı” deyiblər, birində “Qorxuram yar gəlməyə, gözlərim yaşlı qala” deyiblər, birində də “Bu sevda nə sevdadır, səni mənə verməzlər” deyiblər.

Dünyada ən ağır dərd anlamaq dərdidir, kaş ki insan anlaya bilməyəydi, yalnızca həmin o diringi mahnılara oynayaydı...

Milli qəhrəmanımızın anım günü

Milli qəhrəmanımız Riad Fikrət oğlu Əhmədovdan danışmaq istəyirəm, o şəxsdən ki, sağ olsaydı bu gün 66 yaşını qeyd edəcəkdi.  DTK-nın Minskdəki Ali məktəbində təhsil almış Riad Əhmədov Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin yarandığı gündən ilk könüllülər sırasında erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, Çaykənd uğrunda döyüşdə yaralansa da, növbəti əməliyyatlarda iştirak etmişdir. Polkovnik-leytenant Riad Əhmədov 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, bir sıra kəndləri düşməndən azad etmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. Şəxsi şücaəti və igidliyi ilə seçilən Riyad Əhmədov 1992-ci il yanvarın 25-də “Daşaltı əməliyyatı”nda itkin düşmüşdür. İndiyədək onun haqqında heç bir məlumat yoxdur. O, Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının siyahısında itkin düşmüş hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Riad Əhmədovun keçdiyi şərəfli döyüş yolunu əks etdirən “Qayıt Riad” və “İgidnamə” adlı sənədli filmlər çəkilmişdir. Hazırda Bakı şəhərindəki 203 saylı orta məktəb onun adını daşıyır.

Əziz Nesin və Məhmət Akif Ərsoy

Bu gün əksər postsovet ölkələrində dövlət təhlükəsizliyi əməkdaşları günüdür, eləcə də üzdəniraq qonşularımızda.  Makao öz yaranışı, Panama matəm, Qviana qul olmaqdan xilası gününü qeyd edəcək. Myanmada maraqlı bir təcrübə var, hər ilin bu gününü Bo Aunq Çjo günü kimi qeyd edirlər, həmin tələbə 1938-ci ildə Myanmanın azadlığı uğrunda ilk şəhid olub. İlkləri unutmamaq gözəl ənənədir. O ki qaldı Amerikaya, mətbəxsevər amerikalılarda bu gün “Sanqriya” içkisi günüdür.

1880-ci ilin bu günündə Nyu-Yorkda, Brodveydə tarixdə ilk dəfə elektrik işıqları yandırılmışdır, odur ki, 20 dekabrı “nurlu gün”, “ağ işıq günü” kimi də adlandırırlar. 1948-ci ilin bu günüdə Zənzibarda Abdulrazak Qurna dünyaya gəlib, hansı ki, 2021-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Bu gün iki böyük türk yazarının da doğum günüdür. 1915-ci ildə İstanbulda tanınmış türk şairi və satiriki Əziz Nesin doğulub. 1873-cü ildə isə Fatehdə Məhmət Akif Ərsoy dünyaya gəlib, Türkiyənin İstiqlal marşının yazarı.

 

 

“Ədəbiyyat və incəsənət”

 

(20.12.2022)