Bu gün Milli Musiqi Günüdür

Rate this item
(0 votes)

 

18 sentyabr Milli Musiqi Günü

 

Təbii ki, bu günün cəmi bir adı var - Azərbaycan xalqının Milli musiqi günü, o gün ki dahi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir bəyə borcludur. Milli Musiqi gününün maraqlı bir tarixçəsi var: görkəmli bəstəkar və dirijor Niyazinin təşəbbüsü ilə Üzeyir bəyin vəfatından sonra hər il dahi bəstəkarın anadan olduğu gün Azərbaycan Dövlət Konservatoriyasının önündə minlərlə insan toplaşıb və burada Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin dirijorluğu ilə bəstəkarın əsərlərini ifa edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unudulub. Niyazinin bu təşəbbüsü 1995-ci ildə Heydər Əliyevin dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması haqqında Fərmanı ilə rəsmi status alıb.

 

Ü. Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi “Leyli və Məcnun” operası ilə başlamışdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü.Hacıbəylinin anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Üzeyir Hacıbəylinin ölməzliyinin bir səbəbi də odur ki, bəstəkar Azərbaycan Dövlət himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır.

 

18 sentyabr. Ümumdünya suyun keyfiyyətinin monitorinqi günü

 

Olduqca maraqlı bir gündür. İçdiyimiz suyun tərkibini əsla bilmirik, bəzən krandan su gələndə xlor iyindən boğulur, bəzən suyun sapsarı rəngindən əndişələnirik. İçməli su saydığımız suyun əslində texniki su olmasının fərqinə varanda isə bəzilərimiz keyfiyyətsiz su filtrlərinin, bəzilərimiz isə işbazların 19 litrlik plastik qablarda üzərinə “Bulaq suyu” yazıb bizə sırıdığı elə həmin krant suyunun qurbanına çevrilirik. Ona görə də bu gün biz suyun keyfiyyəti məsələsini ictimailəşdirməli, içməli su adı altında kranlarımızdan axan suyun, marketlərdə satılan “İçməli su”ların monitorinqinin aparılmasına təşəbbüs göstərməliyik. Azad İstehlakçılar Cəmiyyəti var bizdə, başında Eyyub Hüseynov durur, insafən, yaxşı da çalışır, gəlin Eyyub Hüseynova müraciət edək, qoy bu işlərə təkan versin.

 

Allaha and olsun ki olan şeyi deyirəm, yəqin xatırlayanlar da az olmayacaq, 90-cı illərin olardı ortaları, Ceyranbatan su hövzəsinin Bakı-Sumqayıt şossesi boyunca uzanan hasarının üstünə “Su həyat mənbəyidir” şüarı yazılmışdı. Oralar təmir olundu, ərazini qoruyan məftillər çəkildi, inzibati bina və hasar rəngləndi, “Su həyat mənbəyidir” şüarı isə “Su həyat mənbəyi olaraq qalır” şüarı ilə əvəzləndi. Hər dəfə o yolu qət edəndə bu şüar məni şənləndirirdi, kefimi açırdı. Necə yəni, su həyat mənbəyi olaraq qalır? Nə dəyişilib ki, suyun həyat mənbəyi olmasına şübhə oyansın? Təmirmi? Sən necə bir əqlin sahibi olasan ki, təmirə qədər “Su həyat mənbəyidir” şüarını təmirdən sonra “Su həyat mənbəyi olaraq qalır” kimi dəyişəsən? Bəzən düşünürəm ki, rəhbər insanların qafalarının monitorinqini aparmaq çox yerinə düşərdi.

 

18 sentyabr. Beynəlxalq elektron kitabların oxunması günü

 

İnternational Read eBook Day – İçində kitab sevgisi olan hər bir kəs, bayramınız mübarək. Dünyanın əsas elektron kitab distrübütörü olan OverDrive şirkətinin təşəbbüsü ilə 2014-cü ildən keçirilən bu gün insanların diqqətini elektron kitablara yönəldir, onları mütaliəyə dəvət edir. Virtual həyat hamını öz əsirinə çevirib. Amma bu əsirlikdə saat hesabı ilə 50 faiz sosial şəbəkələrə başvurmaya, 30 faiz filmə baxıb musiqi dinləməyə, 10 faiz güngəlik xəbərləri izləməyə, 10 faiz də ünsiyyətə ayrılır. Mütaliəyə isə hər dördündən kim 1-2 faiz oğurlaya bilirsə yalnız onlar vaxt ayırırlar. Halbuki kitab oxumaq düşünən insanın digər canlılardan ən üstün çəhəti hesab olunmaqdadır.

 

18 sentyabr. Ümumdünya bambuk günü və digər günlər

 

Bizdə bambuk bitirmi? Bitmir axı. Demək, bu günü qeyd etməkdən həmən vaz keçək. Kim razılaşmasa, eybi yox, ümummilli qamış günü kimi bu günü qeyd edə bilər. Məncə bambukla qamış qardaş kimidirlər. Amerikalı dostlar bu gün milli çizburger günündə bir araya gəlib adama ən azı 3,5 çizburger yeyəcəklər. Niyə belə deyirəm? Çünki dünyada ən çox fəst-fud yeyən məhz amerikalılardır. Statistik amerikalı gün ərzində 3,5 dənə çizburgerdən, qamburgerdən, hot-doqdan-zaddan mütləq yeyir. Üstəlik, amerikalılar bu gündən ayın 24-dək Milli it həftəsi də keçirəcəklər. İtlərə çizburger yedirdəcəklərmi, bax bu barədə məlumatsızam.

 

İsveçrəlilərin menyüsündə də maraqlı bir gün var: milli duaetmə günü. Axırıncı dəfə məscidə gedib haçan dua etmişik? Axı Allahın evində ona səslənmək, arzuları söyləməkdən gözəl nə ola bilər? İsveçrəlilər hamılıqla kilsələrə axışıb dua edəcəklər bu gün, kaş bizim də belə bir günümüz olaydı...

 

1907-ci ilin 18 sentyabrında Makmillan Edvin Mattison – kimya üzrə Nobel mükafatçısı olmuş, transuran elementləri olan neptuniy və plutoniyi kəşf edən amerikalı fizik dünyaya gəlib. 1886-cı ildə fransalı şair Moreas “Le Fiqaro” qəzetində bir məqalə dərc etdi, bu məqalə simvolist ədiblərin manifestinə çevrildi. Məqalədə dekadent termininin simvolizm termini ilə əvəzlənməsi təklif olunurdu. 1851-ci ildə 18 sentyabr daha bir möhtəşəm hadisəyə qucaq açdı: “New York Times” qəzetinin Dayli (gündəlik) formatda ilk nüsxəsi işıq üzü gördü. Lap qədimlərdə eramızın 53-cü ilinin 18 sentyabrında isə Mark Ulpiy Trayan (yazını hansısa erməni oxuyub “bizim ermənimizdir” deməsin deyə bəri başdan bildirirəm ki, təmizqanlı romalıdır) – Roma imperatoru doğulub, Optimus (ən yaxşı) tituluna layiq görülmüş bu şəxsin dövründə Roma İmperiyası ən böyük ərazilər əldə edib.

 

Varisin “11-20 sentyabrın tarixi” yazısından