Elnur Əliyev: “Azərbaycanda mədəniyyət müəssisələrinin daha optimal idarə edilməsi üçün təkliflər hazırlanır”

Azərbaycanda bütün mədəniyyət müəssisələrinin daha optimal idarə edilməsi üçün təkliflər hazırlanır.
Bu barədə AzərTAC-a məxsusi açıqlamasında Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev məlumat verib.
Elnur Əliyevin sözlərinə görə, Mədəniyyət Nazirliyi mədəniyyət müəssisələrinin həm hüquqi, həm də maliyyələşmə bazasının yeniləşdirilməsinə, onlara daha çox sərmayə yatırılmasına nail olmaq istəyir.
“Azərbaycanda mədəniyyət sahəsində aparılan islahatların kökündə duran əsas siyasət mədəni dəyərlərimizə tam sahib çıxmaqdır. Ölkəmizin kifayət qədər zəngin və dərin mədəniyyəti var. Bu mədəniyyətdən irəli gələn dəyərlərə sahib çıxdıqca, daha güclü Azərbaycan görəcəyik”, - deyə Elnur Əliyev əlavə edib.
İşğaldan azad olunan ərazilərimizdə mədəniyyət müəssisələrinin və tarixi abidələrin bərpası, yenidən qurulması istiqamətində işlərin aparıldığını deyən Elnur Əliyev bildirib ki, ilkin mərhələdə tarixi abidələrin bərpası üçün reyestr hazırlanır, mümkün maliyyələşmə mənbələri dəqiqləşdirilir. Buna paralel olaraq həmin ərazilərdə mədəniyyət müəssisələrinin normal fəaliyyəti üçün də müvafiq tədbirlər görülür.