Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Beynəlxalq Türk Akademiyasının rəhbərləri görüşüblər

Rate this item
(0 votes)

 

Türk tarixi və mədəni irsinin qorunması istiqamətində həyata keçirilən layihələrə önəm və istiqamət vermək hazırda prioritet məsələdir. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasının yeni təyin olunmuş prezidenti, akademik Şahin Mustafayev ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir ki, görüşdə Fondun prezidenti G.Əfəndiyeva Şahin Mustafayevi Beynəlxalq Türk Akademiyasının prezidenti təyin olunması ilə əlaqədar təbrik edərək, ona yeni və məsuliyyətli vəzifəsində uğurlar arzulayıb. 

O, Fond tərəfindən zəngin türk tarixinin və mədəni irsinin qorunması, bütün dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb, eləcə də hər iki təşkilatın fəal və məhsuldar fəaliyyətinin türk dövlətləri və xalqlarının daha da yaxınlaşmasına və inteqrasiyasına böyük töhfə verəcəyini vurğulayıb.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev təbriklərə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinə təşəkkür edərək, türk dünyasında akademik fəaliyyəti əlaqələndirən, türk xalqlarının qədim və müasir tarixini, dilini, elmini tədqiq edən beynəlxalq təşkilata rəhbərlik etməsinin qürurverici olduğunu bildirərək, akademiyanın bundan sonra da səmərəli fəaliyyət göstərməsi və Türk Əməkdaşlıq Təşkilatları ilə sıx tərəfdaşlıq etməsi istiqamətində çalışacağını qeyd edib.

Bununla yanaşı, görüşdə Fond və akademiya arasında əməkdaşlığın daha da genişləndirilməsi, mümkün birgə layihələr ətrafında söhbət aparılıb.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)