Bu gün Xarkovda Nizami Gəncəvinin abidəsinin açılışı olacaq

Rate this item
(0 votes)

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar bu gün Xarkovun mərkəzi hissəsində ona ucaldılan abidənin rəsmi açılış mərasimi keçiriləcək.
AzərTAC-ın Ukrayna üzrə xüsusi müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun həmsədri Rüfət Quliyev, Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, şəhər ictimaiyyəti nümayəndələri, mədəniyyət xadimləri iştirak edəcəklər.
Açılış mərasimindən öncə Azərbaycan nümayəndə heyəti Xarkov vilayət və şəhər Administrasiyasının rəhbərləri ilə görüşəcək.
Azərbaycanın Ukraynadakı səfirliyi və Fəxri Konsulluğunun birgə dəstəyi ilə ucaldılan abidənin müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.
Qeyd edək ki, Azərbaycanın dahi şairinin daha bir heykəli Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukrayna paytaxtında, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında ucaldılacaq. Bu heykəlin də müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.