Opera artistinin yubileyi, bir də intiharın qarşısının alınması

Rate this item
(0 votes)

 

10 sentyabr. Opera artisti Mobil Əhmədovun 90 illiyi

 

Yadımdadır, elə ki ekranda Mobil Əhmədov ariya ifa etməyə başlayırdı, rəhmətlik nənəm “Bu yenə başladı qışqırmağa” deyibən başını götürüb otaqdan qaçırdı. Yazıq arvad nə bilsin ki, bu da bir musiqi ifaçılığı növüdür.

 

Mobil Əhmədov da həyat yolunu dərhal təyin edə bilməyib, öncə rəssam olmaq xəyalına düşüb, Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub, amma bir il sonra fikrini dəyişib, bu dəfə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq Dövlət Radiosunun xorunda işləməyə başlayıb, həmin ilin sentyabr ayında Musiqili Komediya Teatrına solist kimi dəvət olunub. Mobil Əhmədov teatrın səhnəsində bir-birindən maraqlı, təkrarolunmaz obrazlar yaradıb, bunlardan  “Milyonçunun dilənçi oğlu” operettasında Yetim obrazı ona çox böyük uğur qazandırıb. O, klassik operettalarda və klassik milli dramaturgiya əsasında yazılmış musiqili komediyalarda bir-birindən maraqlı rollar ifa edib. Şirin, məlahətli, coşğun səsə və zəngin çalarlı aktyorluq ifadə vasitələrinə, eləcə də həssas obraz duyumuna malik olan Mobil Əhmədovun bu gün Azərbaycan Teleradiosunun qızıl fondunda 600-ə yaxın lent yazısı saxlanmaqdadır. 1978-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüş Mobil Əhmədov 2006-cı il iyun ayının 3-də Bakı şəhərində vəfat edib, ana vətəni  Gəncədə dəfn olunub. Ruhu şad olsun.

 

10 sentyabr. Ümumdünya intiharın qarşısının alınması günü

 

Ümumdünya Sağlamlıq Təşkilatının təkidi ilə təqvimə salınan bu gündə insanları intihardan çəkindirməyə çalışırlar. Suisid -  insanlığın ən qlobal problemlərindəndir, hər il milyondan artıq insan özünə qıymaqla dünyanı tərk edir. Daha çox qeyri-stabil iqtisadi-sosial vəziyyəti olan, ikinci sorta aid edilən ölkələrin əhalisi suisidə meyilli hesab edilir. Bir vaxtlar yaponların liderlik etdikləri bu sahə indi tam olaraq Şərqi Avropa – postsosialist ölkələrinin ixtiyarına verilib. Necə qəribə olsa da əhali sayının intihar sayına nisbətinə görə dünya birincisi Rusiyadır. Ən az intihar hallarına isə müsəlman dünyasında və Latın Amerikası ölkələrində rast gəlinir.

 

ÜST təşkilatı intiharın qarşısının alınması üçün təbliğat-təşviqat işini vacib hesab edir, yəni bu gün hər birimiz bir depressiya halında olan tanışımızla ünsiyyət qurub onun intihar meyilllərini aradan qaldırmağa çalışmalıyıq. Daha böyük auditoriyası olanlar isə bunu kütləvi şəkildə etməlidirlər. Həqiqətən təbliğat işi bəhrə verir, mən bunu öz təcrübəmdən bilirəm. 2013-cü ildə Özbəkistanın “Darakçı” nəşrində hər həftənin şənbə günü hissə-hissə mənim “Sonuncu ölən ümidlərdir” romanım dərc edilirdi. 124000 tiraj toplamış bu publikasiyalar bir intihar halının qarşısını da almışdı. Demək, ögey atası tərəfindən incidilən bir səmərqəndli yeniyetmə qız evin damına çıxıb özünü asmaq qərarına gəlibmiş. Mələfəni boynuna dolayıb ayağının altındakı daşı aşırmaq istəyəndə gözü yerdəki qəzet parçasına sataşıb. Başını tutmuş ağlayan qızın, sıqaret tüstülədən dərdli oğlanın fotoları və “Sonuncu ölən ümidlərdir” yazısı qızı necə cəlb edibsə özünü asmaq yaddan çıxıb, düşüb gedib yazını sonadək oxuyub, “əvvəli filan sayımızda” və “davamı gələn sayımızda” yazılarına da riayət edərək gedib kitabxanadan bütün əvvəlki hissələri oxuyub, davamını oxumaqçünsə növbəti şənbəni gözləyib, beləcə intihar fikri təxirə salınıb. Sonda isə əsərdən əxz edib ki, intihar zəiflikdir, məğlubiyyətdir, yaşayıb səni incidənlərdən quracağın xoşbəxt tale ilə qisas almağın sənin qalibiyyətin ola bilər. Gedib qəzetin redaksiyasına, bu romanın dərci üçün redaksiyaya minnətdarlıq bildirib. Qəzet iri bir yazı da yazmışdı, “Varis yeniyetmə qızı necə xilas etdi” başlığı altında.

 

Sonrakı illərdə xəbər tutdum ki, həmin qız universitet təhsili alıb, biznes ledi kimi uğurlar qazanıb, xoşbəxt bir ailə qurub. Bu hadisə bütün intihar fikrinə düşənlərə bir görk olmalıdır əslində. İntihar - ani qərarın gətirdiyi bir sonucdur, bundan daşınmaq, soyuqqanlılıaqla hər şeyi bir daha saf-çürük etmək isə mütləq sənə həyatı sevdirəcək. Mən mütəxəssis rəyləri ilə tanış olmuşam, özünü kəndirlə asanların 99 faizi son anda dırnaqları ilə kəndiri didib xilas olmaq istəyiblər. Bu isə ona işarədir ki, intihar edənlər mütləq sonda nə etdiklərinin fərqinə varıb peşiman olurlar.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından