İtaliyanın Matera şəhərində mədəni irsimizə qarşı törədilmiş erməni vandalizmindən danışılıb

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi İtaliyanın müxtəlif şəhərlərində “Bərpa həftəsi - 2021” adlı beynəlxalq tədbir keçirilib. Tədbir çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aparatının rəhbəri Read Qasımov Matera şəhərində tok-şou formatında təşkil olunmuş tədbirə qatılıblar.
Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, tədbir  təşkilatçı qurumların sosial şəbəkə profilləri üzərindən canlı yayımlanıb.
Tok-şounun aparıcısı İtaliyanın Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) texniki direktoru Andrea Qriletto Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən tarix-memarlıq abidələrinin vəziyyəti, bərpa sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarına dair suallar ünvanlayıb.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Prezidenti İlham Əliyevin ötən il İtaliyaya dövlət səfəri zamanı iki ölkə arasında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, strateji əməkdaşlığın inkişafı, eləcə də Vətən müharibəsi vaxtı İtaliyanın tutduğu ədalətli mövqedən danışıb.
Səfir Vətən müharibəsindən dərhal sonra İtaliyadan Azərbaycana rəsmi nümayəndə heyətlərinin səfərləri, işğaldan azad olunmuş ərazilərindəki bərpa və yenidənqurma işlərinə İtaliya şirkətlərinin cəlb olunması imkanlarının müzakirəsi, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində keçirilmiş görüşlər haqqında məlumat verib.
Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Böyük qayıdış” prosesindən, azad olunmuş ərazilərdə yerləşən mədəni sərvətlərin Mədəniyyət Nazirliyi tərəfindən monitorinqi və dağıdılma, mənimsənilmə və vandallığa məruz qalma vəziyyətinin öyrənilməsi haqqında danışıb. Bildirib ki, Azərbaycanlı məcburi köçkünlərin yenidən öz doğma şəhər və kəndlərinə geri dönməsi tarix və mədəniyyət abidələrinin, əcdadlarımızın minillər boyunca öz həyat tərzini, həyat fəlsəfəsini və baxışını maddiləşdirdiyi tikililərin yenidən canlandırılmasından başlayacaqdır. Bu, böyuk bir irs, Azərbaycanlıların kimliyi deməkdir. 30 il ərzində zədələnmiş hisslər yalnız abidələrimizin yenidən bərpası, ucaldılması, qədim yaşayış məskənlərimizin abadlaşdırılması yolu ilə sağaldıla bilər. Vurğulayıb ki, azad olunmuş ərazilər dedikdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox abidənin cəmləndiyi, Azıx, Xudafərin, Üzərliktəpə, Qutlu Musa oğlu kimi misilsiz abidələrin yerləşdiyi məkan başa düşülür. Yalnız abidələrin bərpası vasitəsilə rifaha, yüksəlişə, davamlı inkişafa nail olmaq mümkündür. Bununla əlaqədar Azərbaycan Hökuməti tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə irəli sürülmüş “Mədəniyyət naminə sülh” kompaniyasını xatırladıb. Sülhün mədəniyyətin qorunması və inkişafı üçün əsas şərtləndirici amil olduğu diqqətə çatdırıb.
Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmisi aparılan bərpa prosesi, nəzərdə tutulan layihələr, habelə bu il qoruq ilə Matera Şəhər Bələdiyyəsi arasında “Dostluq və Əməkdaşlıq haqqında Protokol”un imzalanması və əməkdaşlığın inkişafı imkanları barədə məlumat verib.
Azərbaycan nümayəndə heyətinin çıxışları vaxtı işğaldan azad edilmiş ərazilərimizdə yerləşən mədəni irsimizə qarşı törədilmiş vandalizm aktlarına dair videomaterillar nümayiş etdirilib.
Sözügedən tədbirdə Matera şəhər Bələdiyyəsinin mədəniyyət məsələləri üzrə müşaviri, Albaniya və Livanın nümayəndələri də çıxış ediblər.