Muğamların fəlsəfi mahiyyətini araşdıran professorun yubileyi

Rate this item
(0 votes)

 

7 sentyabr. Musiqişünas Gülnaz Abdullazadənin 75 illiyi

 

Biz həqiqətən elm fədailərimizi tanımırıq, bunun da səbəbi ictimaiyyətin pozitivdən daha çox neqativə yüklənməsidir. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini bitirib görkəmli bəstəkar Cövdət Hacıyevin tələbəsi olmuş Gülnaz Abdullayeva  1976-1979-cu illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almış, aspiranturanı bitirdikdən sonra “Hegelin estetikasında musiqi incəsənətinin problemləri” mövzusunda namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Onun “Qədim və orta əsrlər musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili” mövzusunda elmi işi yüksək qiymətləndirilmiş və 1992-ci ildə o, professor elmi rütbəsini almışdır. Gülnaz xanım 1991-ci ildən Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur.

 

O, Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. Uluslararası Avropada və Türk Cümhuriyyətlərində musiqi mədəniyyəti və tədrisi konqresində (Ankara, Qazi Universiteti. 2002,13-16 noyabr), bir sıra konfrans və seminarlarda məruzələrlə çıxış etmişdir. Gülnaz Abdullazadə 1999-cu ildə akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olmuşdur. Və ən başlıcası, o, Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətini araşdırmışdır. Tanıyın bu cür dəyərli ziyalılarımızı.

 

7 sentyabr. Qəribə bayramlar günü

 

“Nə yağış, nə qar günü”. Anlamı təmiz səma olan bu gündə insanlar Tanrıdan təvəqqe edirlər ki, barı bir gün nə yağış, nə qar yağdırsın. Əlbəttə ki, 365 günün ən azı 300-ü yağmursuz keçən Azərbaycanda belə bir gün aktual deyil, amma nəzərə alın ki, qardan, çovğundan əziyyət çəkən Antarktida, Qrenlandiya, leysan yağışlarından əziyyət çəkən Amazon da var.

 

Krujeva günü. Bizə yabançı olan, məişətimizə ruslardan gələn krujevanın dilimizdə qarşılığı da olmasın gərək. Parça üzərində toxunmalardır krujeva. Vətəni isə Rusiya da deyil, İtaliyadır. Bu gün xanımlar əllərinə iynə-sap alsalar savab olmazmı?

 

Hərbi oyuncaqdan imtina günü. Hərbi oyuncaqdan imtina deyərkən hərbi münaqişələrin dayandırılması, müharibə nəticəsində yetim qalmış uşaqlara oyuncaqlar hədiyyə edilməsi nəzərdə tutulur.

 

ABŞ isə bu gün yenə üç mətbəx bayramını qeyd edəcək. Milli pivə günü. Milli salyami (bərk hisə verilmiş kolbasa) günü. Bir də, Milli balqabaq günü. Pivə ilə salyamini birləşdirib süfrə açmaq olar, amma balqabağı ora nə cür pərçim etmək olar, bax bunu bilmirəm.

 

Tarixdə 7 sentyabr gününə təsadüf edən hadisələrdən isə onu deyə bilərəm ki, 2016-cı ildə BMT həyəcanverici bir məlumat yayıb, deməzsənmiş, son 20 ildə dünyanın vəhşi təbiətinin onda bir hissəsi məhv olubmuş. 1822-ci ildə Braziliya Portuqaliyadan müstəqillik əldə edib. 1812-ci ildə Napoleon Borodino döyüşündə rusların əngini əzib. 70-ci ildə romalılar Qüdsü ələ keçirərək viran qoyublar.

 

7 sentyabr 1870-ci ildə gözəl hekayələr müəllifi rus Aleksandr Kuprin doğulub, 1907-ci ilin 7 sentyabrında isə Nobel mükafatçısı olan fransız şairi və esseisti Fransua Arman Syulli-Prüdom vəfat edib.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr