Onu ən çox çörək verdiyi naxələflər yaraladılar – Araz Zeynalovsuz 40 gün Featured

Rate this item
(0 votes)

Aida Eyvazlı yazır

 

40 gündür aramızda olmayan həqiqətən də böyük journalist Araz Zeynalovdan bu müsahibəni 1999-cu ilin yanvar ayının ortalarında “168 saatqəzeti üçün almışdım. İndi  həmin müsahibəni kiçik redaktə ilə yenidən yazıram. Onunla söhbətimi, həmin illərdə dəbdə olan “Mister-X” qəzeti də  vermişdi. Çünki çoxları üçün Araz Zeynalov həmin illərin “Mister X” serialının qəhrəmanı qədər sirli, müəmmalı şəxsiyyət idi.

Sizə təqdim etdiyim bu müsahibə bir növ blitz-müsahibədir. Lakin burada jurnalistikada xüsusi məktəb yaradan Araz Zeynalovun xarakterini açan maraqlı çalarlar var. 

 

“Yazı-pozu adamı” rubrikamızın  bugünkü qonağı “Panorama” qəzetinin baş redaktoru Araz Zeynalovdur. Baş redaktoru olduğu qəzetində işlədiyim hazırcavab Araz Zeynalovla müsahibə almağa hazırlaşarkən, çaşmamaq üçün suallarımı da əvvəlcədən hazırlamışam. Əslində, kollektivdə başımızın üstündə baş redaktorun xofu da yoxdur. Azad, müstəqil bir mühitdə işləyirik. “Panorama” qəzetini Araz Zeynalov öz qayğısı ilə bizim evimizə çevirib.

 “Araz Zeynalov kimdir?”  sualıma müsahibim belə cavab verdi ki, “Araz Zeynalov - Hidayət Zeynalovun oğludur”.

-Bəs sonra?

-Sadə bir azərbaycanlı balası, dostlarını, elini-obasını sevən bir insan, hər an, hər zaman tapdaq altında qalan torpaqlarımızın qayıtmasını gözləyən vətəndaş.

- Ata-anası jurnalist olan Araz Zeynalov niyə ailə dinastiyasını davam etdirməli oldu ?

- Ağlım söz kəsəndən evimizdə jurnalistləri görmüşəm. Atam və anam “Kommunist” qəzetində işləyiblər. Təbii ki, onların əhatəsində əsasən jurnalistlər olublar.  Onların söhbətləri, evimizdəki qəzet çoxluğu istər-istəməz məndə jurnalist dünyasına maraq oyatdı. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra, hər bir gəncin arzuladığı “Azərbaycan gəncləri”qəzetində fəaliyyətə başladım. Yaşlı nəsillə gənc nəslin sintez təşkil etdiyi bu qəzetdə çox şey öyrəndim.  Bu gün “Panorama” qəzetində işlədiyimə görə, yenə də “Azərbaycan gəncləri” qəzetinə minnətdaram. Bu qəzet mənim üçün həmişə birinci qəzet olaraq qalır.

-Panorama qəzeti bir mahnının sözlərində deyildiyi kimi, “Biz mehriban ailəyik” fikrini tamamlayırmı?

- Panorama qəzeti sözün əsil mənasında mənim üçün ikinci  ailədir. Çox  şadam ki, bizim uşaqlar ailə kodeksinə can-başla riayət edirlər.

-Bəs “Panorama”  qəzeti haqqında  “dağılır”, “bağlanır”  kimi söz-söhbətlər nədən yaranır?  Yoxsa ki, “Od olmasa, tüstü çıxmaz” məsələsidir?

- Bu yəqin ki, bizi gözü götürməyənlərin yaratdıqları söz-söhbətlərdir. “Panorama” qəzeti yarandığı üç il müddətində respublikanın oxunaqlı, aparıcı və tanınan qəzetləri səviyyəsinə qalxıb. Əgər qəzetdən kimsə gedirsə, iş yerini dəyişirsə, bu, belə boş söz-söhbətlərin yaranmasına əsas vermir. Fəaliyyətə başladığı gündən qəzetə gələnlər də olub, gedənlər də olub. Bu da təbii prosesdir.

- Bilirəm ki, Araz dostlarını çox sevir. Onun üçün dost anlayışı nədir?

- Mənim üçün dost gecə saat 3-də çağırışıma gələn adamdır. Mən belə dostluğu qəbul edirəm. Şərəfinə badələr qaldırılan, sağlıqlar deyilən dostların çoxu elə həmin məclislərdə qalır. Dostu darıxmaq xatirinə deyil, qəlbində boşluq olanda, çətin günlərdə ürəyini boşaltmaq, kömək ummaq üçün axtarırsan. Dostluq gərək ürəkdən, qəlbdən gəlsin. Özünü dost göstərmək üçün çalışmaq lazım deyil.  O, münasibətlər zəminində, sınaqlarda yaranır.

-Dostun qadın və ya kişi olmasının fərqi varmı?

-Yəni qadından kişiyə dost olar?  Qadından yoldaş ola bilər, vəssalam!

-Səncə, qadın necə olmalıdır?

-Qadın?... İlk növbədə bizi dünyaya gətirən qadınlardır. Qadın anadır, bacıdır, gizli dünyadır.

- Bəs sevgi, məhəbbət?

- Sevgi insanı özündən alan duyğudur, sevgi ürək döyüntüsüdür, həyəcandır. Bu hissləri ürəyindən keçirən adamlar xoşbəxtdirlər.

-Oxuduğun məhəbbət əsərlərində  özünü hansı qəhrəmana bənzətmisən?

- Çox sevgi əsərləri oxumuşam. Hər birində özünəməxsus sevən kişi obrazı ilə rastlaşmışam. Lakin bəzən həyatda üzləşdiyin epizod əsərdəkilərindən də yaddaqalan olur.  Mənim yaxın dostum var.  Eyni sinifdə oxumuşuq. (Əslində həmin yaxın dost deyəndə özünü nəzərdə tuturdu. Mənə demişdi ki, bunu yazsan belə yazarsan. A.E.)  Yadımdadır. Bir dəfə o sevgilisi ilə görüşə gedirdi.  Fikirləşib ki, görüşə hansı hədiyyə ilə getsin?  Fransız ətri, bir dəstə gül aparmaq fikrindən vaz keçib.  Dostları ilə Bakıdakı Nəbatət bağına gəlib. Gizlicə hasarı aşaraq çarhovuza yaxınlaşıb.  Suya girib  çarhovuzun ortasında süzən “Nilufər” gülünü (Nilufər gülü axarı olmayan göllərdə, çarhovuzlarda bitir) qopararaq, görüşə yollanıb.  Mən sevən cavanlara arzu edərdim ki,  sevdiklərinə qiymətli hədiyyədənsə, unudulmaz anlar bəxş etsinlər.

Arazın bu maraqlı əhvalatı danışdığından sonra  xeyli gülürük.  Və mən sual verməyi unuduram. Arada pauza yaranır. Araz özü gülə-gülə deyir: “Hə, sualları ver, nə oldu?”.

-Araz, danışdığln  əhvalatdan sonra, suallarımı unutdum ...

-Nilufər gülü səni çaşdırdı deyəsən,-deyib, zarafatından qalmır.

-Daha nəyi sevir Araz?

-Həyatı sevir. Həyatdan zövq almağı sevir. Dünyaya standart pəncərələrdən baxmır.

-Araz, “Panorama” kollektivi üçün keçirdiyin məclislərdə daha çox  lirik mahnılar sifariş verirsən.  Ən çox da “Ö gözlər kimi...” mahnısını...  Fikir vermişəm, yeni mahnılara sənin də meylin yoxdur. Bu yaxışıdır, ya pis?

-Adətən deyirlər , insan sabahla yaşamalıdır. Mən bununla razılaşmıram. Nədənsə məndə nostalji hissi güclüdür. Odur ki, keçmiş mahnıları dinləməkdən zövq alıram, bir növ cavanlaşıram.

- Belə də deyirlər ki, yaman dalaşqan olmusan. Hətta milis məntəqəsində də saxlanıldığın olub.

- Uşaqlıqda çox dalaşqan olmuşam. Dağlı məhəlləsindəki 225 nömrəli məktəbdə oxumuşam.  Sinfimizdə lider idim. Həmisə kimləsə dalaşırdım. Hətta neçə dəfə milisə də düşmüşəm. Heç unutmaram, bir dəfə, daha doğrusunu desəm, 13 il bundan əvvəl dənizkənarı parkda indiki tanınmış jurnalist dostlarımla gəzməyə çıxmışdıq.  Gecə saat 12 idi.  Bir milisoner bizdən soruşdu ki, gecə vaxtı niyə gəzişirsiniz, 25 manat pul verin, sizinlə işim olmasın.  Mən də onu “prikola” tutdum.  Sözümüz çəp gəldi. Gücü fitə çatdı. Iki milis maşını gəldi və bizi indiki Səbail rayon Polis İdarəsinə apardılar. Bir az saxlandıqdan sonra prokuror gəldi.  Dindirilmə zamanı səlist cavablarımız onu qane etdi. Bizi buraxdılar.

-“Panorama” qəzeti ilə bağlı hansı maraqlı hadisəni söyləyə bilərsən?

- Birinci gün redaktor kimi işə çıxmışdım. Yaman həyəcanlı idim. Tez-tez zənglər olurdu. Növbəti dəfə telefonun dəstəyini qaldıranda soruşdular ki, “Gəmi gedəcək?”.  Mən də məsul katibə zəng vurub soruşdum: “Gəmi gedəcək?”.  Katiblikdə işləyənlər də başladılar qovluqların içərisindən gəmi haqqında yazıları axtarmağa. Yazı tapılmadığından, telefonun o başında məndən cavab gözləyən vətəndaşa dedim ki, gəmi getməyəcək. Sonra soruşdu ki, “Bəs Krasnovodska necə gedək?”.

Nəhayət, məlum oldu ki,  kabinetimdəki telefon nömrəsi bir neçə gün bundan əvvələ kimi  dəniz limanına məxsus imiş. Sonradan nömrə bizə  verilib. Belə maraqlı əhvalatlar çoxdur. Daha sualın yoxdur ki?

- Suallarım çoxdur... Lakin  bilirəm ki, qəzetin materialların oxumalısan... Bu qədər işin içərisində mənə vaxt ayırdığına görə çox sağ ol”.

                                                         

***

P.S.   Çox dəyərli, yeri hər zaman aramızda görünən Araz Zeynalovdan aldığım bu müsahibəni 1999-cu illərin qayda və meyarı ilə ölçsəniz, deməyəcəksiniz ki, zəif müsahibədir.  Təbii ki, ömrümüzün bu yaşında  əziz dostumuz müsahibə verməyə razı olsaydı, daha bitkin, daha dərin söhbətlər edəcəkdik. Araz Zeynalovla bəzən illərlə görüşmürdük. Ancaq hər zaman telefon zəngimiz olurdu. Araz narahat idi. Bütün yaxın dostları üçün, işsiz qalan  “Panorama”çılar üçün.  İşsiz olduğum üçün hər yerdən mənim üçün uyğun iş soraqlayırdı. Və bütün söhbətlərimizin sonunda təəssüf və ümüdlə sağollaşırdıq.  O təəssüfün içərisində Araz Zeynalovun özünün   “Panorama” qəzeti bağlanandan sonra 10 il işsiz qalmağı da var idi...  Araz Zeynalovun  ürəyinə həmin illər çox kədərli naxışlar vurdu. O kədər naxışlarının buraxdığı izlər Arazı aramızdan tez apardı... O izlərin içərisində çörək verdiyi, iş verdiyi,  qurduğu məclislərində süfrəsinin başında əyləşən o qədər unudanlar var idi ki...

Araz Zeynalov özünün dediyi ki, nostalji ilə yaşayan insan idi. O nostaljilər də  mərd Arazı, dosta dəyər verən Arazın ürəyini yaraladı, onu bizdən ayırdı...

Əziz dostum, dar və ağır günlərimdə “Qara günün ömrü az olar” –deyən qardaşım,  heyif səndən. Araz kimi oğul, dost hər zaman doğulmur...  Onun dəyərini bilən dostlarımız əslində çox xoşbəxtdirlər, çünki  nə vaxtsa Araz kimi bir insanı görmüşdülər...

 Eh...  Araz, Araz. Xan Araz,

Sultan Araz, Xan Araz...