“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: İsa bulağı

Rate this item
(0 votes)

 

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə müxtəlif təqdimatlarla davam edir.

“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri Şuşanın ən məşhur bulağı olan İsa bulağına həsr olunub.

 

İsa Bulağı Şuşa rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli meşələrin qoynunda yerləşir. Yerli məlumata görə, İsa bulağı XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı şəxsin adı ilə bağlı olaraq belə adlandırılıb. Əlbəttə, başqa mülahizələr də var. 

İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi durudur. Şuşalılar və şəhərin qonaqları tez-tez orada istirahət etməyi xoşlayırdılar. Ən isti yay günlərində belə bulağın yanı həmişə sərin olur. Ayrı-ayrı musiqiçilər, çalğıçı dəstələri istirahət edənləri əyləndirirdilər. İsa Bulağına gələn hər çalğıçı dəstəsinin öz xanəndəsi olardı. Xan Şuşinski də tez-tez burada çıxış edərdi. 

1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin işğalı altına düşən Şuşa şəhəri 28 ildən sonra, 2020-ci il noyabrın 8-də, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində işğalçılardan geri alındı. Şəhər azad edildikdən sonra Şuşanın əsas simvollarından biri sayılan İsa bulağı bərpa olundu. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözü isə milli ornamentlə yazılıb, bulağın su təminatı da tam bərpa edilib.