Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsi keçirilib

Rate this item
(0 votes)

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə Nazirliyin 2022-ci il 20 aprel tarixli əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları” təsdiq edilmişdir. Qaydalara əsasən, məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, test imtahanı 7 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilmişdir. Test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak etmiş, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanmışdır. Onlardan da 383 nəfər Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçərək namizədliklərini təsdiq etmişlər.

5 sentyabr tarixindən etibarən Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılmışdır. Artıq bu gün müsahibənin üçüncü günüdür və ötən iki gün ərzində 151 nəfər müsahibələrdə iştirak etmişdir.

Müsahibələrdə namizədlər uzun müddət müvafiq sahədə peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən, qaydalarda qeyd edilən  meyarlar üzrə qiymətləndirilir, mümkün 15 baldan 10 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər. Gün ərzində 6 müxtəlif ixtisas üzrə komissiyalar fəaliyyət göstərir. 

Müsabiqənin müsahibə mərhələsinə 9 sentyabr tarixində yekun vurulması nəzərdə tutulub. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcəkdir.