Rənglərdən möcüzə yaradan rəssamın anım günü

Rate this item
(0 votes)

 

2 sentyabr. Rəssam Əyyub Hüseynovun 105 illiyi

 

Azərbaycanı dünya miqyasında tanıdan rəssamlar az olmayıb. Onlardan biri də Əyyub Hüseynovdur. Əyyub Müseyib oğlu Hüseynov 1916-cı il sentyabr ayının 2-də Naxçıvanın Şərur rayonunun Xok kəndində anadan olub. Onun yaradıcılığının erkən dövrü Bakı Rəssamlıq Texnikumunda təhsil aldığı illərdən başlanır. O, 1931-ci ildə texnikumu bitirdikdən sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirib, təhsilini başa vurduqdan sonra bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləyib,  müxtəlif tamaşalar üçün dekorasiya və eskizlər hazırlayıb. Lakin rəssam kimi dəzgah rəngkarlığına daha çox meyl edib. Əyyub Hüseynov  kənd mövzularında rəngarəng tablolar yaradıb, yaradıcılığının bütün dövrlərində mənzərə, portret, məişət janrlarına müraciət edib. “Araz vadisində” mənzərə tablosunun yaranmasından 70 ildən artıq vaxt keçməsinə baxmayaraq, əsər bu gün də məşhurdur. Əyyub Hüseynov sovet dövründə əsərləri ilə Azərbaycanı dünyada tanıtdıranlardan biri olaraq müxtəlif janrlarda çəkdiyi rəsmlərində milli dəyərlərimizi təsvir edib. Yaratdığı tablolar bu gün də dünya muzeylərini bəzəyən eksponatlardandır. Əmək mövzusunda çəkdiyi “Kömək gəlib”, “Yaylaqda”, “Çobanlar”, mənzərə janrında “Şahbuz”, “Yağışdan sonra”, eləcə də “Aşıq Ələsgər” və “Əmək qəhrəmanı” portretləri məşhurdur.

 

1980-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən Əyyub Hüseynov 1998-ci il aprel ayının 17-də Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!

 

2 sentyabr. “Bir daha bax” günü.

 

Köhnə əşyaları, paltarları atmaq istəyirsiniz? Onlara bir daha baxın, nəzərdən keçirin. Bəlkə onların içində elələri var ki, dost-tanışınıza gərəkli ola bilər, yaxud aparıb aztəminatlı ailələrə verə bilərsiniz? Bu günün məğzi bax budur. Və deyilənə görə, bu gün həqiqətən də insanların sanki şüuru dəyişir, beyinlərinə pozitiv fikirlər dolur, ətrafdakılara pay-pürüş paylayırlar. Həqiqətən, səninçün lazımsız olan bir şey kiminsə həyatını dəyişə bilər, bu aksiomdur.

 

İnsanlar arasında məgər belə deyil? Sənin dəyər vermədən ayrıldığın birisi gedib bir başqasını xoşbəxt etmirmi?

 

2 sentyabr, Odessa şəhərinin günü

 

Odessada axırıncı dəfə 1996-cı ildə olmuşam. Amma təəssüratlar o qədər yaxındır ki, hətta bu Qara dənizdəki liman şəhərinin Dənizkənarı bulvarının qoxusu belə burnumdadır. Dünyada onlarca ölkələrdə, şəhərlərdə olsam belə nədənsə Paris, London, Madrid, Frankfurt, Nyu-York, Moskva, Kiyev, İstanbul belə məni Odessa qədər təəccübləndirməyib, sevindirməyib, xoşbəxt etməyib. Bəlkə də onu mənə sevdirən türk köklərinin olmasıdır. Bir baxın, 1415-ci ildə bu şəhər Hacıbəy adı ilə tanınırdı. Sonradan, 18-ci əsrdə ruslar buranı ələ keçirib adını da dəyişdilər, Odessa sözü fransız mənşəlidir, çoxlu su deməkdir. Deyilənə görə, o vaxtlar şəhərə köçürülən kazaklar insanların Hacıbəy yox, Odessa demələrinin qeydinə qalırmışlar, şəhərin girəcəyində lövbər salaraq gələnlərə “Hara belə?” sualı verirmişlər, Odessa cavabı aldıqda gələni şəhərə buraxır, Hacıbəy cavabı aldıqda onu qılıncdan keçirirmişlər. Bax belə bir qara şovinizm tarixçəsi.

 

Şəhərin o qədər özəlliyi var ki. Burada bir çox məşhur sovet filmləri şəkilib.  Dünyaca məşhur Privoz bazarı burdadır. Eləcə də, dünyaca məşhur Deribasovsk küçəsi də. Sovetlər dövründə ayrıca bir lətifə kateqoriyası var idi, Odessa lətifələri. Sovet dövründə məşhur bir məsəl də var idi, “Rostov papa, Odessa mama”. Ölkənin bütün kriminal avtoritetləri Odessada yığışardı. Dünyanın ən yaşıl və güllü-çiçəkli bulvarlarından biri Odessa bulvarı hesab edilir. Buranın bir adı da var idi, yəhudi Odessası. Yəhudilər burada çox idilər, Avram və Sara obrazları da həm buna, həm də şəhərin yumor ənənəsinə bir işarə idi.

 

Yadımdadır, bir dəfə Dənizkənarı bulvarı gəzərkən dənizin, gül-çiçəyin və xoşbəxtliyin qoxusu başıma necə vurmuşdusa gülsatan qarıdan bir vedrə gül alıb yoldan keçən qəşəng qızlara paylamışdım. Eh, Odessa, Odessa!

 

2 sentyabr. Müharibənin bitməsi, məcburi sıyıqyemə, “Titanik”in tapılması günü

 

Tarixə fikir verirsinizmi, 2-ci dünya müharibəsi dünən – 1 sentyabrda başlayıb, bu gün – 2 sentyabrda başa çatıb. 1945-ci ilin bu günündə, Moskva vaxtı ilə saat 16.02-də almanların son müttəfiqi – Yaponiyanın kapitulyasiyası ilə bəşər tarixində ən çox can alan bir müharibə sona çatıb.

 

Bu gün vyetnamlılar Milli dövlət günlərini qeyd edirlər, amerikalılar Kaberne gününü. Kaberne təbii ki, mətbəxə aiddir, şərab üzümü növüdür. Üstəlik, amerikalılarda bu gün “Səhər naharında sıyıq” günüdür. Olsun ki, bizdə peyvənd məcburi olduğu kimi amerikalılarda da 2 sentyabrda sıyıq yemək məcburidir. 

 

1993-cü ilin bu günündə Özbəkistanda 2000-ci ildən kiril əlifbasından latın əlifbasına keçmək haqda qərar verilib. Amma 2021-ci ildir, hələ də keçə bilməyiblər. Demək, latına keçə bildiyimiz üçün bizi alqışlamaq yerinə düşməzmi, düşər. 1985-ci ildə Nyufaundlend sahillərində əfsanəvi “Titanik” gəmisi tapılıb. 1969-cu ilin bu günüdə Kaliforniya universiteti laboratoriyalarından birində bir kompüterdən digərinə məlumat ötürülməklə İnternetin yaranmasına ilk töhfə edilib. 1834-cü ildə Samuel Kolt öz revolverinə patent alıb. İki yüz ilə yaxın bir dövr ərzində koltlar nə qədər can almışlar, bu qədər insan ruhu Kolt köpək oğlunu elə bilirsiniz lənətləmir?

 

1831-ci ildə Qoqolun “Dikanka yaxınlığında Xutor axşamları” romanı işıq üzü görüb. 1789-cu ildə ABŞ-da maliyyə nazirliyi yaradılıb. 1192-ci ildə tarixin növbəti dönümünü səciyyələndirən əlamətdar bir olay baş verib, Yaffada ingilis kralı 1 Riçard Şir ürəkli ilə Sultan Səlahəddin sülh müqaviləsi bağlayıblar.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr

 

Şəkildə: Rəssam Əyyub Hüseynovun avtoportreti Milli muzeydə nümayiş olunur