Gender Bərabərliyi üzrə Beynəlxalq Müasir İncəsənət layihəsi təşkil ediləcək

Rate this item
(0 votes)

 

Latviyanın ölkəmizdəki səfirliyi BMT-nin Azərbaycandakı nümayəndəliyi və Norveç Krallığının Ankaradakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı olaraq Gender Bərabərliyi üzrə Beynəlxalq Müasir İncəsənət “O” layihəsini təşkil edəcək. 

 

Bu il layihənin əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinə həsr olunacaq. 

Səfirlikdən AzərTAC-a bildirilib ki, layihə, gender bərabərliyi ilə bağlı təcrübələrini bölüşmək, eləcə də müasir incəsənət vasitəsilə qadınların həyatına təsir edən pandemiya və post-konflikt vəziyyətlərini əks etdirmək üçün beynəlxalq iştirakçıları bir araya gətirəcək. 

Layihənin proqramına müəllif təqdimatlar, müzakirələr, film nümayişi, ədəbiyyat axşamı, sərgi və konfrans daxildir. Hər bir element incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqi və gücləndirilməsinin yeni strategiyasında mühüm rol oynayır. 

“Açıq Qapı” tədbiri beynəlxalq şöhrətli məşhur Azərbaycan rəssamı İrina Eldarovanın studiyasına ziyarət etmək imkanı yaradacaq. Qonaqlara rəssamın yaradıcılıq prosesini izləmək, geniş sənət kolleksiyasını görmək, eləcə də rəssamla birbaşa canlı ünsiyyətdə olmaqdan həzz almaq kimi unikal imkan təqdim olunacaq. 

Noyabr ayında xalq diplomatiyası proqramının bir hissəsi kimi Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Səbinə Şıxlinskayanın kuratorluğu ilə Müasir İncəsənət Muzeyində www.tobeawoman.az internet səhifəsi əsasında fəaliyyətlərin davamı kimi “O” adlı sərgi təşkil olunacaq. Sərginin mövzusu qadınlara həsr olunur- onların həyatları, cəmiyyətdəki rolu, sevincləri və problemlərinə. Azərbaycan dilində “o” hər iki cins üçün eynidir, yalnız məzmunda hansı cinsin nəzərdə tutulduğu aydın olur. Bu da simvolikdir, çünki gender bərabərliyi mövzusunun mahiyyəti gender birliyi və bərabərliyinə əsaslanır.

Səfirlik noyabr ayında həmçinin “Qadınlar dayanıqlı sabah üçün” adlı beynəlxalq konfrans təşkil edəcək.