AK Parti üzvləri İstanbulda Azərbaycan sənətçisi ilə görüşüblər

Rate this item
(0 votes)

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə millət vəkili Erol Kaya, partiyanın İstanbul üzrə sədrinin müavini Cahid Altunay, AK Partinin İstanbul üzrə Qadın Qolları İdarə Heyətinin üzvü Yurdanur Bika və İstanbul Mədəniyyət Komissiyasının rəhbəri Özcan Ayma qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova ilə görüşüblər. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. Görüşlə bağlı təəssüratlarını agentliyin Türkiyə müxbiri ilə bölüşən Məlahət Abbasova deyib: “Türkiyədə uzun illər teatr və kino sahəsində fəaliyyətimi, eləcə də iki qardaş ölkə arasında mədəniyyət sahəsində qurduğum əlaqələr qardaş ölkədə yüksək qiymətləndirilir. Görüş zamanı Azərbaycanla bağlı çox gözəl söhbətimiz oldu, gələcək layihələrim haqqında məlumat verdim. Görüşün iştirakçıları qardaş xalqın nümayəndəsi olaraq hər zaman mənə dəstək olacaqlarını və fəaliyyətimin davamlı olmasını istədiklərini bildirdilər. Söhbət əsnasında Azərbaycan əsərlərinin, eləcə də ölkəmizin kino sahəsinin Türkiyədə daha geniş tanıdılması istiqamətində atılacaq addımlar müzakirə edildi. Onlar bu il dahi Azərbaycan şairi, yazıçı, dramaturq Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə onun “İblis” əsərinin Türkiyə Dövlət Teatrlarında səhnəyə qoyulmasında və hər iki qardaş ölkədə möhtəşəm qala gecəsinin keçirilməsində dəstək olcaqlarını bildirdilər. Əsərin Türkiyə Dövlət Teatrlarının repertuarına daxil edilməsində ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədovun çox böyük dəstəyi oldu”. 

Artıq 31 ildir dünyanın ən böyük teatrlarından olan İstanbul Şəhər Teatrlarında aktrisa-rejissor kimi fəaliyyət göstərdiyini deyən Məlahət Abbasova bildirib: “Uzun illər İstanbul Şəhər Teatrlarının direktor müavini, Teatrlar üzrə İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarə Heyətinin üzvü olaraq fəaliyyət göstərmişəm. Bu 31 il ərzində 15-dən çox Azərbaycan əsəri həm İstanbul Şəhər Teatrlarında, həm də Türkiyənin Dövlət Teatrlarında səhnələşdirilib. Son olaraq mənim rejissorluğumla Hüseyn Cavidin “İblis” əsəri İstanbulda səhnəyə qoyuldu və çox uğurlu alındı. Moskvada, Ukraynada, Türkmənistanda, eləcə də Bakıda qastrol səfərlərində olmuşuq. Bundan əlavə, 1995-2012-ci illər arasında Türkiyədə Azərbaycan ilə bağlı keçirilən teatr, kino, poeziya, rəqs və opera günlərinin təşkilatçılarından olmuşam. Azərbaycan ilə Türkiyənin Mədəniyyət nazirlikləri arasında kino sahəsi üzrə ilk ortaq layihə olan “Mahmud və Məryəm” filminin ərsəyə gəlməsində də iştirak etmişəm və filmdə rol oynamışam. Ölkəmi xaricdə təmsil etmək mənim üçün qürurdur. Fəaliyyətim ölkəmizdə olduğu kimi, Türkiyədə də yüksək qiymətləndirilib, bir sıra nüfuzlu mükafatlara layiq görülmüşəm. Əməyimin yüksək qiymətləndirilməsinə görə həm dövlətimizə, həm də Türkiyəyə dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında mədəniyyət əlaqələrinin qurulmasına dəstəyinə görə görüşdə Məlahət Abbasovaya xüsusi plaket təqdim olunub.