Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək

Rate this item
(0 votes)

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkədəki Kinematoqrafiyanın İnkişaf Mərkəzinin direktoru Cavlon Kamalov arasında görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, görüşdə Özbəkkino Mill Agentliyi, Kinematoqrafiyanın İnkişaf Mərkəzi ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlıq, layihələrin reallaşdırılması, Özbəkistanın televiziya kanalları, telelayihələrdə Azərbaycan incəsənət xadimlərinin çıxışları, habelə bu il Daşkənddə keçiriləcək beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günləri”nin keçirilməsi müzakirə edilib. 

Tərəflər sentyabrın 14-dən 18-dək Özbəkistanda keçiriləcək “İpək yolunun incisi” adlı Beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günü” tədbirinin keçirilməsi ilə bağlı fikir və təkliflərini bölüşmüşlər.

Qeyd edək ki, Beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günləri”nin rəsmi açılış mərasimi Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində reallaşdırılacaq və eyni zamanda Buxara şəhərində də Azərbaycan filmlərinin nümayişi təşkil ediləcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu istiqamətdə Azərbaycan Mədəniyyət Nazirliyi ilə müvafiq iş aparıldığını qeyd edərək, Özbəkistandakı keçiriləcək beynəlxalq kino festivalında yeni Azərbaycan filmlərinin nümayiş etdiriləcəyini, tanınmış kino xadimlərinin, kinematoqrafçıların, incəsənət xadimlərinin iştirak edəcəyini bildirib. 

Bundan başqa Özbəkistanın regionlarında “Kino günləri”nin keçirilməsini nəzərə alaraq, sentyabrın 17-də Buxara şəhərində də Azərbaycan filmlərinin təqdimatı keçiriləcəkdir.

Tərəflər birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.