Dünyanı içində yaşadırdı

Rate this item
(0 votes)

 

Aygün Hacıyevanın yazısı

 

Artıq 40 gündür ki,  əziz dostumuz Qənirə Mehdixanlı  aramızda yoxdur... İtkisi qəlbimizi nə qədər göynətsə də, yüksək İNSANi keyfiyyərləri, xeyirxah əməlləri ilə yaddaşımızda əbədi bir iz qoydu dəyərli DOSTumuz!

O, həyatının 57 ilini gənc nəslin təlim-tərbiyəsinə, savadlanmasına, maariflənməsinə həsr etdi. Və öz sənətinə böyük sevgi ilə yanaşaraq, bütün qüvvəsini bu işə sərf etdi. Saysız-hesabsız yetirmələri ilə hər zaman qürur duydu.

Qənirə xanım həm də istedadll şair, sehirli əllərin sahibi olaraq, neçə-nəçə kitabın, sənət əsərlərinin (ilmə ilə tikiş, kətan üzərində  toxuma ilə naxış salma və s.) müəllifi idi. Gözəl musiqi duyumu olan  Qənirə xanım, həmçinin xalq sənəti olan aşıq musiqisinin incəlikllərini dərindın bilərək onu yaşadan bir İnsan olub. O, uzun müddət AAB-nin Sumqayıt Regional İdarəsinə rəhbərlik edərək, bir çox layihələrə imza atıb...

QISA ARAYIŞ: Qənirə Qasım qızı Mehdixanlı 13.02.1938-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olmuşdur. 1944-1955-ci illərdə kənd orta məktəbində, 1956-1958-ci illərdə isə Qazax Pedaqoji Texnikumunda oxumuşdur. Hələ tələbəlik illərində texnikumun ictimai həyatında fəal iştirak etmiş, məktəb komsomol təşkilatının katibi, rayon Komsomol Komitəsinin Plenum və Büro üzvü seçilmişdir.

Q. Mehdixanlı 1958-1959-cu illərdə Ağstafa rayonunun Kirovkənd orta məktəbində müəllim, 1959-1962-ci illərdə Ağstafa rayon Komsomol Komitəsində şöbə müdiri, ll katib işləmişdir.

Sonrakı illərdə Qənirə xanım  ADU-nun "Filologiya" fakültəsində oxumuş, daha sonra təhsilini ADPU-da davam etdirmişdir.

Q.Mehdixanlı 1963-cü ilin sentyabr ayından Sumqayıt məktəblərində çalışmışdır. 5 saylı orta, 2 saylı internat məktəblərində müəllim, 19 saylı orta məktəbdə müəllim və direktor müavini işləmişdir. 1982-1985-ci  illərdə o, 3 saylı orta məktəbdə, 1985-1996-cı illərdə isə 9 saylı orta məktəbdə direktor vəzifəsində çalışmışdır. Fəaliyyəti dövründə kiçikdən-böyüyə hər kəsin böyük sevgisini qazanmışdır.

Peşəkar pedaqoq həm də yüksək yaradıcılıq  qabiliyyətinə malik idi. Gəncliyindən mütəmadi olaraq dövri mətbuatda şeirləri, müxtəlif səpkili yazıları dərc olunan Qənirə Mehdixanlı "Səndən gileyliyəm" (1993), "Özümdən soruş" (2001), "Pəncərəmdən ay boylanır" (2006), "Əziz-Məftun" (2011, dastan), "Dünya içimdə yaşayır" (2017) adlı 5 kitabın müəllifidir. O, AYB-nin üzvüdür.

Q. Mehdixanlının bir çox şeirləri rus diinə tərcümə olunub, "Bağışla məni" poeması isə Moskvada nəşr olunan almanaxda yer alıb. Şairin şeirləri zamanla Türkiyənin və İran İslam Respublikasının dövri mətbuatında da nəşr olunub.

Sumqayıt şəhərinin, həmçinin respublikanın ictimai həyatında fəal iştirak edən Qənirə xanım Respublika "Qayğı" Cəmiyyəti Rəyasət Heyətinin üzvü, Sumqayıt şəhəri üzrə sədri olmuşdur. Son günlərədək  peşəkar pedaqoq, bacarıqlı təşkilatçı Qənirə Mehdixanlı AAB-nin Sumqayıt Regional İdarəsinin sədri kimi fəaliyyət göstərirdi. Sayslz-hesabsız təltiflərin sahibi olan Qənirə xanım hər zaman diqqət mərkəzində olub. 

Qənirə xanım həm də  doğma Dilini, Dinini, Vətənini ürəkdən sevən vətənpərvər xanım idi.  Onun yaradıcılığında Vətən sevgisi öz əksini tapsa da, sözümün əsas təsdiqi son zamanlardakı yeni layihələri,  Şəhid oğullar və Şəhid anaları üçün təşkil etdiyi rəngarəng, maraqlı tədbirləridir.

Savadı, istedadı, ləyaqəti, təmiz vicdanı, xeyirxahlığı, gözəl xasiyyəti və keyfiyyətləri, mərdliyi, qonaqpərvərliyi.. ilə hər kəsə nümunə olan dəyərli Dostumuz - əzizimiz Qənirə xanım, siz hər zaman bizlərin  qəlbində yaşayacaqsız! Nə yaxşı ki, sizin kimi bir İNSANı tanıdıq! Siz gözəl Ana, əsl Dost, namuslu, ləyaqətli Xanım, Vətən sevdalı El qızı olmusuz!

Ruhunuz şad, məkanınız Cənnət olsun, adı könülləri fəth edən QƏNİRƏ MEHDİXANLI!!!

Şəkillərdə: Qənirə Mehdixanlının əl işləri; Bu sonuncu isə onun yarımçıq qalan işidir.